"Rusiya Ukraynanı işğal etmək üçün saxta hücum videosu hazırlayıb" - Pentaqondan İDDİA
ABŞ Müdafiə nazirliyi Rusiya-Ukrayna gərginliyi ilə bağlı inanılmaz iddia ortaya atıb.
Sfera.az bildirir ki, nazirlik Rusiyanın Ukraynanı işğal etməyə səbəb göstərmək məqsədilə saxta bir hücum videosu hazırlayacağını açıqlayıb. Sözügedən videonun son dərəcə şiddətli olduğu və Türkiyənin Ukraynaya verdiyi TB-2 pilotsuz uçuş aparatlarının görüntülərdə yer aldığı deyilib. ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi Rusiyanın Ukraynanı işğal etmək üçün "saxtalaşdırma əməliyyatı” keçirməyə hazırlaşdığına dair kəşfiyyat məlumatlarını paylaşdıqlarını xatırladıb:
"Düşünürük ki, Rusiya hökuməti variant olaraq öz ərazisinə və ya ruslara hücum edəcək, bunu Ukrayna ordusuna və ya kəşfiyyatına aid edəcək, o cümlədən bunu atacaqları addımların bir hissəsinə çevirəcək. Cəsədlərin, ağlayırmış kimi görünən insanların və dağılmış binaların, Qərb texnikasından istifadə edən Ukrayna əsgərlərinin olduğu şiddətli videoların çəkilə biləcəyinə inanırıq”.
Xatırladaq ki, ABŞ kəşfiyyatı daha əvvəl də Rusiyanın işğala zəmin hazırlamaq üçün Ukraynanın şərqinə xüsusi təyinatlılar yerləşdirdiyini iddia etmişdi.
Günay Rəsulqızı
Sfera.az






