Mirzoyanın açıqlaması nəyə hesablanıb? - "Bakı-Ankara-İrəvan üçbucağında böyük hadisələrin şahidi olacağıq"
"İstər son illərdə, istərsə də ötən 25-30 ildə İrəvan hesab edib ki, ilkin şərt olmadan Türkiyə ilə sərhədlər açılmalı və diplomatik əlaqələr qurulmalıdır. İndiyədək Türkiyə və Ermənistan nümayəndələrinin bir görüşü baş tutub. Bir çox məsələlərə toxuna bilmədik. Amma proseslərin müsbət istiqamətdə gedəcəyi ilə bağlı işarələr var. Lakin bu, bir tərəfin mövqeyindən asılı olmayan məsələdir”.
Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan dünən avstriyalı həmkarı Aleksandr Şalenberqlə birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir, həmçinin Antalya diplomatiya forumunda iştirak edib-etməyəcəkləri ilə bağlı sualı da cavablandırıb: "Hələ buna qərar verməmişik. Məsələ müzakirə olunur".
Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov bildirib ki, Mirzoyanın açıqlamasında diqqətçəkən məqam onun Antalya diplomatiya forumunu beynəlxalq diplomatik hadisə kimi səciyyələndirməsidir:
"Bu, əslində İrəvanın proseslərə münasibətindən xəbər verir. Məlum olduğu kimi, Paşinyan administrasiyası Türkiyə ilə münasibətlərin normallaşmasında maraqlıdır. Bu isə o deməkdir ki, İrəvanın Antalya diplomatiya forumunda təmsil olunması da onların mənafeyinə uyğundur. Sadəcə Ermənistan el dili ilə desək, özünü dartır. Əslində bu, normal qarşılanmalıdır. İkinci bir tərəfdən isə, daxili auditoriya sözügedən hadisəyə hazırlanır. Paşinyan administrasiyası xalqı inandırmağa çalışır ki, onlar həmişə Türkiyə ilə normal münasibətlərdə maraqlı olublar. Yəni bu, hazırkı reallıqlardan yaranan məcburiyyət deyil”.
Müsahibimiz qeyd edib ki, çox böyük ehtimalla Ermənistan Antalya diplomatiya forumunda təmsil olunacaq:
"Amma Türkiyəyə Ararat Mirzoyanın yox, xüsusi nümayəndə Ruben Rubinyanın getməsi daha ağlabatandır. Orada tərəflər arasında "pərdəarxası" müzakirələrin keçiriləcəyi, müəyyən razılıqların əldə olunacağı mümkündür. Hətta Azərbaycan nümayəndəsinin iştirakı ilə üçtərəfli və ya ikitərəfli görüş də istisna deyil. İstənilən halda, Antalya diplomatiya forumu regionda münasibətlərin yeni mərhələsinin başlanması üçün daha böyük imkanlar, perspektivlər deməkdir. Bu mənada inanmaq olar ki, sözügedən tədbirdən sonra Bakı- Ankara-İrəvan üçbucağında daha böyük hadisələrin şahidi olacağıq. Bu isə Kremlin təsir dairəsinin nəinki, Ermənistan üzərində, bütünlüklə Cənubi Qafqazda zəifləməsi ilə müşahidə olunacaq”.
Günay Rəsulqızı
Sfera.az






