“Artıq Ukraynada səngərlər qazılır, müharibə qaçılmazdır” - Açıqlama
Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev Qərbin Kiyevi silahla təchiz etməsinə cavab olaraq rus qoşunlarının Ukrayna yaxınlığında cəmləşdiyini bildirib.
Maraqlıdır, Qərb bu açıqlamadan sonra silah göndərilməsi prosesini dayandıra bilıərmi?
Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Teymur Qasımlı Qərbin Rusiyanı bataqlığa salmaq niyyətində olduğunu bildirib. Ekspert silah tədarükünün qarşısının yalnız bir halda alına biləcəyini deyib:
"Ukraynaya silahı göndərən ölkələr ABŞ və Böyük Britaniyadır. Digər ölkələr də silah yardımı göstərə bilər, lakin iki əsas ölkə bunlardır. Bu yaxınlarda Londondan gələn hərbçilərin Ukrayna əsgərlərinə təlimlər keçməsi ilə bağlı fakt da təsdiqləndi. Vaşinqtonun da silah tədarükü etməsi açıqlandı və bildirildi ki, Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları Ukrayna silahlı qüvvələrinə təlim keçir. Düşünmürəm ki, Rusiya səfirinin açıqlaması bütün bu proseslərini qarşısını alsın. Çünki bu iş Londonla Vaşinqton arasında paralel gedir və onlar Rusiyanı bataqlığa salmaq niyyətindədir. Rusiya da silahlanır və sərhəddəki "oyunacaq” qurumlara dəstəyini artırır. Prosesin qarşısının alınması çətin görünür. Blinken və Lavrovun görüşü gözlənilir, ABŞ-la Rusiya arasında gərginliyin azaldılması istiqamətində danışıqlar baş tuta bilər. Əgər sanksiyalar aradan götürülərsə, Ukraynaya silah tədarükü də dayandırıla bilər”.
Politoloq qısa zaman ərzində separatçılarla Ukrayna hərbçiləri arasında müharibənin başlanılacağını deyib:
"ABŞ Konqresi xarici yardımla bağlı qərar qəbul edib və Ukraynaya silah daşınması həyata keçiriləcək. Heç kim bunun qarşısını ala bilməz. Konqres Ukraynaya 250 milyon dollarlıq silah yardımı ayırıb. ABŞ-la Rusiya masa ətrafında oturub razılığa gələrsə, digər ölkələrin Ukraynaya silah tədarükü dayana bilər. Artıq Ukraynada səfərbərlik elan olub, səngərlər qazılır və müharibə hazırlığı gedir. Müharibənin nə vaxt olması ilə bağlı konkret vaxt göstərilmir. Lakin gec-tez Ukrayna ilə Rusiyanın separatçı silahlı dəstələri arasında müharibə olacaq”.Əzizə Zeynal






