Logo

“Həmin gün ad günüm idi, tort kəsəcəkdik...” - 20 Yanvarda doğulan tanınmışlar

“Həmin gün ad günüm idi, tort kəsəcəkdik...” - 20 Yanvarda doğulan tanınmışlar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

20 Yanvar faciəsinin 32-ci ili tamam olur. Bu gün harada olmasından asılı olmayaraq, bütün azərbaycanlılar üçün matəm, hüzn  günüdür. Artıq 32 ildir ki, bu gün nə şənlik, nə doğum günü keçirilir. Bu gün bütün notlar faciəyə köklənir...

Elə bu səbəbdən də 20 Yanvar tarixində dünyaya göz açanlar bu tarixi doğum günü olan hər kəsdən daha fərqli yaşayır.

Sfera.az 20 Yanvarda dünyaya göz açan tanınmış şəxslərin doğum günü təəssüratlarını öyrənib:

"Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyevin faciə yaşanan gün 17 yaşı tamam olurmuş. Müsahibimiz deyir ki, 90-cı ildən ümumiyyətlə doğum gününü qeyd etməyib:

"1990-cı ilin yanvarın 20-də 17 yaşım olurdu və o zaman fizika-riyaziyyat təmayüllü internat məktəbində oxuyurdum. Az yaşım olsa da, o dövrdə milli oyanış dövrünü biz də yaşayırdıq və azadlıq hərəkatının içərisində var idik. Həmin günü belə bir faciənin yaşanacağı, SSRİ ordusunun öz vətəndaşına qarşı bu cür vəhşilik törədəcəyi ağlımıza gəlmirdi. O gün elə fikirləşirdik ki, rus əsgərləri bizi sadəcə qorxudacaqlar və tanklar da bunun üçündür. Lakin o dövrdə millətin qorxusu yox idi və xalq azad dövlətin vətəndaşı olmaq istəyirdi. Həmin gün ad günümü qeyd etməyimi çox səbirsizliklə gözləyirdik, tort kəsəcəkdik, amma gün qanlı gəldi və o gündən sonra heç vaxt doğum günümü qeyd etməmişəm. Bəzən mənə dostlar yazanda deyirlər ki, bu gün həm də milli qürur günüdür, buna görə də doğum gününü qeyd edə bilərsən. Lakin belə deyilsə də, içimdən şənlik keçirmək gəlmir.

2006-cı ildə oğlum dünyaya gəlib, elə öz ad günümü də o günü keçirirəm. Onu da qeyd edim ki, 2020-ci ilin Zəfər tarixindən sonra 20 Yanvar günü ilə bağlı bir qədər təsəlli tapıram. 49 ildə keçdiyim həyat yolunu Vətənə və elmə həsr etmişəm. Bu ömür yoluna baxanda fəxr hissəsi keçirirəm. Dövlət və dövlətçilik mənim üçün mühüm amildir”.

Bu gün 23 yaşı tamam olan "ARB” televizyasının əməkdaşı Leyla Rəhimli isə deyir ki, uşaq yaşlarında doğum gününün matəm kimi keçirilməsi onu üzürmüş, ta ki anası onu Şəhidlər Xiyabanına aparanadək...

"Çox kiçik yaşlarımdan yanvarın 19-dan 20-nə keçən gecə radioda, televiziya kanallarında matəm sədaları eşidiridim. Bir dəfə ağlayıb anamdan soruşmuşdum ki: "Axı niyə mənim ad günümdə belə olur?”.O da mənə həmin günün mahiyyətini izah edib, Şəhidlər Xiyabanını ziyarət etməyə aparmışdı. Artıq orada bütün mənzərə mənə aydın olmuşdu. O gündən bu yana doğum günümü qeyd etmirəm. Xüsusilə jurnalist fəaliyyətinə başldıqdan sonra 20 Yanvar, matəm günü ilə bağlı çəkilişlərdə oluram və o prosesin içərisində olduqca ağrı-acını daha dərindən hiss edirəm. Belə olanda da içindən doğum gününü qeyd etmək gəlmir”.

İTV televizyasının xəbər spikeri Jalə Həsənli məhz faciə yaşanan gün dünyaya göz açıb. 32 yaşını tamam edən aparıcı deyir ki, bəlkə də buna görə belə əzmkar və mübarizdir:

"Həmin gecə uzun müddət Sovet imperiyasının əsarətində qalan xalq azadlıq səsini ucaltdı, firavan yaşaması üçün canını sipər etdi. Bəlkə də belə bir gecədə dünyaya göz açdığım üçün mən də əzmkar, arzularım üçün bütün çətinlikləri keçməyə çalışan, heç bir əngələ boyun əyməyən biriyəm. Rəqəmlərin insan həyatında mühüm rol oynadığını düşünürəm. Allah tarixi bir gündə doğulmağı mənə nəsib etmişdi və 30 illik həsrətdən sonra əsgərlərimizin qəhrəmanlığı sayəsində ilk qələbə müjdəsini də səsləndirməyimə səbəb oldu".

"Həyatda təsadüflər yoxdur. Bəlkə də mənim həyatdakı amalım da məhz tarixə şahidlik etməkdir. Qaranlıq bir gecədə, şam işığında dünyaya göz açmışam, bu gün isə Vətənimizin işıqlı, parlaq günlərinə şahidlik edirəm. Bu gün həm özümə, həm də xalqımıza ancaq bir arzum var - şahidlik etdiyimiz bu tarixi günlərdə ancaq xoş xəbərlər eşidək, zəfər günlərini qeyd edək. Qan yaddaşımız qələbə yaddaşı ilə əvəzlənsin. Şəhid xəbərlərimiz olmasın, bir də heç bir ailənin ocağı sönməsin”, - deyə aparıcı bildirib.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov bu gün minlərlə təbrik aldığını, lakin sevinci hissi keçirmədiyini bildirib:


"Bu tarixdə dünyaya göz açmaq yaxşı hiss deyil, məhz sənin doğulduğun gün SSRİ  ölkədə qətliam törədib. Dəhşətdir, deyilmi? Belə bir gündə doğulan insan ad günü qeyd edə bilərmi? Təbriklər olur, şəxsən mənim üçün ölkədən, ölkə xaricindən minlərlə təbrik mesajları gəlir, amma sevinc hissi keçirmirəm”.

Əmlak məsələləri ürə ekspert Ramil Osmanlı isə doğum gününü bəzən bir gün əvvəldən qeyd etdiyini deyir:


"Mənim üçün doğum gününün başqa günlərdən elə də böyük fərqi olmayıb heç vaxt. Özüm üçün həmişə adi günlərdən biri kimi qarşılamışam. Amma ailə, dostlar, doğmalar təbrik edirlər, hədiyyə verirlər. Tarix olaraq xüsusi qeyd etmirəm. Qeyd etdiyimiz tarixlər də olub, bu da ya 19-u, ya da 21-i tarixlərinə təsadüf edib. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində varıq, suveren dövlərimiz, bayrağımız var. Təbii ki, onların ruhuna hörmətsizlik qəbul edilməzdir. 20 yanvar tarixində xüsusi şadyanalıqla bağlı törənlərin təşkilini doğru saymıram”.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR