“Surət Hüseynovun qabağından dovşan kimi qaçanda...” – Tahir Kərimli parlamentdən müxalifətə səsləndi
"Bəli, bu gün İlham Əliyevin alternativi yoxdur. Siz vaxtı ilə Surət Hüseynovun qabağından dovşan kimi qaçanda bütün şanslarınızı əldən verdiniz".
Sfera.az xəbər verir ki, bu sözləri parlamentin bugünkü plenar iclasında millət vəkili Tahir Kərimli müxalifət nümayəndələrinin sosial şəbəkələrdə onu təhqir etmələrinə cavab olaraq deyib.
O, qeyd edib ki, bu gün AXCP və Müsavat təmsilçiləri onu xəyanətdə, hakimiyyətə işləməkdə, Prezidenti dəstəkləməkdə ittiham edir.
"Bəli, biz bu gün Azərbaycandakı problemlərini həll edə biləcək şəxsin ətrafında birləşib, onu dəstəkləyirik. Çünki bu gün Azərbaycandakı problemləri həll edəcək şəxs varsa, o da İlham Əliyevdir", - deyə o, bildirib.
T. Kərimli əlavə edib ki, vaxtı ilə AXCP və Müsavat partiyaları Qərbdəki ağaları ilə alverə gedərək, onların xeyir-duası ilə parlamentdə təmsil olunublar:
"O zaman da Müsavat AXCP-ni, AXCP də Müsavatı parlamentdə təmsil olunduğuna görə xəyanətdə ittiham edirdilər. İndi siz parlamentə düşməmisiniz deyə, bizi xəyanətdə ittiham edirərək, bizi gözdən salmağa çalışırsınız. Siz bunu görməyəcəksiniz".
Əzizə Zeynal





