İran XİN başçısının Azərbaycanla bağlı son açıqlaması nəyə hesablanıb? - ŞƏRH
Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Bakıya rəsmi səfərindən sonra verdiyi açıqlamalardan danışarkən deyib. O bildirib ki, Tehran məhz Qarabağ "kartından" yararlanaraq Bakı və İrəvan arasında manevr etmək, geosiyasi və geostrateji maraqlarını həyata keçirmək istəyirdi:
"Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması barədə razılıq əldə olunmasına dair bəyanatından sonra, İran rəsmilərinin məsələyə münasibəti gözlənilirdi. Əslində Hüseyn Əmir Abdullahianın açıqlaması da təəccüblü deyil. Çünki indi Bakı ilə İrəvanın mövqeyi bəzi məqamlarda uzlaşır. Sözügedən ölkə hər nə qədər münasibətlərin ziddiyətləşməsində maraqlı olsa da, görünür, kommunikasiya xətlərinin açılması müəyyən mənada onun da ürəyindəndir. İkinci bir tərəfdən, son proseslər regionu 3+3 platformasına doğru aparır. Əlbəttə, İran təcrid olunmaq istəməz. Odur ki, Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmağa çalışır”.
K.Novruzov qeyd edib ki, bütün bunlara baxmayaraq, İran XİN başçısı səmimi deyil:
"Əlbəttə, biz qonşuluqda, regional əməkdaşlıqda maraqlıyıq. Amma Tehranın hazırkı mövqeyi situativ xarakter daşıyır. Azərbaycan- Ermənistan münasibətlərində yeni "düyünlər" yaranan kimi İranın gerçək siması yenə ortaya çıxacaq. Hətta yaxın gələcəkdə Tehranın buna səy göstərəcəyi də istisna deyil”.
Xatırladaq ki, ötən həftə Bakıya səfər edən İran XİN rəhbəri "Tvitter" hesabında yazıb ki, yeni səhifə açmaq barədə razılığa gəlinib: "Əlaqələrimizi daha da inkişaf etdirmək üçün yol xəritəsi hazırladıq. Orada yaşayan iranlılarla tanış olmaqdan məmnun oldum. Biz qonşuluğa üstünlük verməyə davam edirik”.
Günay Rəsulqızı
Sfera.az






