Azərbaycan Ermənistan üzrə xüsusi nümayəndə təyin edəcək? – “Mümkündür...”
Xəbər verdiyimiz kimi, rəsmi Ankara Ermənistan paytaxtı Yerevanda xüsusi nümayəndəlik institutu təsis etmək niyyətindədir. Xüsusi nümayəndənin təyin edilməsində əsas məqsəd isə ölkələr arasında dialoqun inkişaf etdirilməsidir.
Maraqlıdır, Türkiyə kimi Azərbaycan da Ermənistanla dialoq mühitinin yaranması üçün xüsusi nümayəndə təyin edə bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Elman Məmmədov baş nazirlərin müavinləri səviyyəsində bir növ xüsusi nümayəndələrin fəaliyyətdə olduğunu deyib:
"2020-ci ilin noyabr və 2021-ci ilin yanvar aylarında Azərbaycan və Ermənistan arasındakı görüşdən sonra qərara alındı ki, hər iki tərəfdən baş nazirlərin müavinləri səviyyəsində komissiyalar yaradılsın və bu razılaşmalarda göstərilən müddəaların icrası üçün fəaliyyət göstərsinlər. Soçi və Brüsssel görüşlərində bu məsələnin üzərinə qayıdıldı. Artıq demək olar ki, baş nazirlərin müavinləri səviyyəsində komissiyaların rəhbərləri kimi nümayəndələr bir növ fəaliyyət göstərir. Brüssel görüşündə prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan qeyd etdilər ki, görüşlər davam etdirilməlidir. Əgər belə olacaqsa, görüşləri təşkil edən qurumlar olmalıdır və olacaq. Bu qurumların rəhbərləri xüsusi nümayəndələr qismində çıxış edəcək".
Deputat əlaqələrin yaranması üçün xüsusi nümayəndənin təyin edilməsinin zəruri olduğunu bildirib:
"Ola bilər ki, Türkiyə ilə Ermənistan arasında xüsusi nümayəndə ilə bağlı razılaşma əldə olunduğu kimi, Azərbaycanla Ermənistan arasında da belə bir şəxs təyin edilə bilər. Prezident İlham Əliyev də bildirir ki, artıq müharibə səhifəsini çevirmişik, əməkdaşlığa başlamaq və sülhə doğru irəliləməliyik. Əlaqələrin yaranması, müəyyən işlərin görülməsi üçün iki ölkə arasında xüsusi nümayəndənin təyin edilməsi də mümkündür. Çünki prezident İlham Əliyev Brüsseldə də qeyd etdi ki, nə Azərbaycan nə də Ermənistan başqa planetə köçəcək. Sülhdən danışırıqsa, artıq bu məsələlər də tədricən öz həllini tapacaq".Əzizə Zeynal






