“Tahir Mirkişili bunu əsaslandırsın” – Sabir Rüstəmxanlı qanun layihəsinə etiraz etdi
"Cərimə və rüsumların 2 dəfə artırılması ilə bağlı əhali narazılıq edir. Mən ötən iclasda da qanun layihəsinə etirazımı bildirmişdim".
Sfera.az xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət rüsumu haqqında" qanun layihıəsinə münasibət bildirərkən deyib.
"Sənədlərdə 50 rəqəmi 100 rəqəmi kimi, 10 rəqəmi 20 rəqəmi kimi verilib. Bu rəqəmlərdən hələ çox var. Ötən plenar iclasında mən deyəndə ki, cərimələr iki dəfə artırılır, iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, hörmətli Tahir Mirkişili etiraz etdi ki, belə bir şey yoxdur. Tahir Mirkişilidən xahiş edirəm ki, etirazını əsaslandırsın”, - deyə deputat bildirib.
Deputat Tahir Mirkişili isə Sabir Rüstəmxanlının irəli sürdüyü iddiaları qəbul etməyib:
"Sabir Rüstəmxanlı cərimə və rüsumların 2 dəfə deyil, 2-3 dəfə qaldırıldığını bildirmişdi. Lakin mən bu barədə fikirlərimi daha dəqiq əsaslandırıb ətraflı olaraq Sabir Rüstəmxanlıya məlumat verəcəm".Əzizə Zeynal






