Logo

“Azəristiliktəchizat” ASC-nın “Azəriqaz”a borcu var, üşüyən isə uşaqlardır – Məktəblər niyə qızdırılmır?

“Azəristiliktəchizat” ASC-nın “Azəriqaz”a borcu var, üşüyən isə uşaqlardır – Məktəblər niyə qızdırılmır?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qış rejiminə keçidlə əlaqədar olaraq noyabrın 15-dən etibarən paytaxtda yerləşən bütün orta ümumtəhsil məktəbləri istiliklə təmin edilməli idi. Lakin sosial şəbəkələrdəki paylaşımlardan məlum olur ki, bəzi məktəblər hələ də qazanxanalardan istilik ala bilmir və bu səbəbdən siniflər elektrik qızdırıcılarının köməyi ilə qızdırılır.

Sfera.az xəbər verir ki, yaranmış vəziyyətdə valideyinlər "Azəristiliktəchizat” ASC və "Azəriqaz” ” İstehsalat Birliyinini günahlandırır.

Rəsmi məlumatlara əsasən, Bakıda 329 orta ümumtəhsil məktəbi var. Onların 184-i "Azəristiliktəchizat” ASC mənbələrindən, 145-i Bakı Təhsil İdarəsinin tabeliyində olan qazanxanalar vasitəsilə istiliklə təmin olunur. Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, daha böyük problem "Azəristiliktəchizat” ASC mənbələrindən istilik alan məktəblərdə müşahidə edilir.

"Azəristiliktəchizat” ASC  abonent və müştəri xidmətlərinin rəhbəri Rafiq Əliyev bu ittihamlarla razılaşmır. R.Əliyev saytımıza verdiyi açıqlamada deyib ki, noyabrın 15-dən başlayaraq paytaxtda "Azəristiliktəchizat" ASC mənbələrindən istilik alan 184 məktəbin hamısına istilik verilir.

"Azəristiliktəchizat” rəsmisi qurumun tabeliyindəki İstilik Sistemləri İstismar Sahələrinin (İSİS) lazım olan qədər təbii qazla təmin edildiyini də söylədi.

Orta məktəblərin istilik təminatının lazımı səviyyədə olmaması təbii qazdan istifadə ilə bağlı yaranan borclarla da əlaqələndirilir.

"Azəriqaz” İstehsalat Birliyininin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Sfera.az saytına açıqlamasında bildirib ki, noyabrın 15-dən etibarən bütün qazanxanalar qış rejiminə uyğun olaraq qazla təchiz edilib. E.Vəliyev söylədi ki, "Azəristiliktəchizat”ın təbii qazdan istifadəyə görə "Azəriqaz”a böyük məbləğdə borcu yaranıb. "Azəriqaz” rəsmisi borcun ümumi məbləğinin 34 milyon manat olduğunu bildirdi.

E.Vəliyev vurğuladı ki, hazırda "Azəristiliktəchizat” lazım olan həcmdə qazla təmin edilir, lakin borc ödənilməyəcəyi təqdirdə qaz təchizatı dayandırıla bilər: "Biz "Azəristiliktəchizat”la şərt kəsmişik ki, qazı veririk, amma bir həftə ərzində borc verilməlidir. Onlar borcun ödəniləcəyi ilə bağlı öhdəlik götürüb. Borc ödənilməsə, qazın verilişi dayandırılacaq”.

Orta məktəblərin bəzilərində istilik təminatının olmaması davamiyyətə də mənfi təsir göstərir. Bəzi valideynlər siniflərin soyuq olması səbəbindən uşaqlarını məktəbə göndərmir.

Azərbaycanda hər qış mövsümü öncəsində belə vəziyyətin yaranmasının qarşısını birdəfəlik almaq üçün yeganə çıxış yolu bütün məktəblərin fərdi qazanxana sistemi ilə təmin edilməsidir. Bu halda qazla təminat, qazanxanaların saz vəziyyətdə olması Təhsil Nazirliyi ilə "Azəriqaz” arasında daha asanlıqla həll edilə bilər.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR