Dövlət
Turizm Agentliyinin təşəbbüsü ilə media nümayəndələri üçün Naxçıvan Muxtar
Respublikasında iki günlük mediatur təşkil olunub.
Naxçıvanın
turizm potensialının tanıdılması üçün nəzərdə tutulan tur çərçivəsində tarixi
abidələrə, görməli yerlərə baş çəkilib.
Sfera.az sözügedən mediaturdan reportajı təqdim edir:

Əvvəla
onu qeyd edək ki, Naxçıvana mediaturun təşkili
hələ tur haqqında əvvəlcədən məlumat yayılanda geniş müzakirələrə səbəb
olmuşdu. Düzdür, bundan əvvəl də ölkəmizin bir sıra rayonlarına turlar təşkil
olunub, lakin hansısa qurum hələ ki,
Naxçıvan istiqamətində bu cür geniştərkibli tur təşkil etməmişdi. Nə yalan deyək,
buna görə turda iştirak edə bildiyimiz üçün özümüzü bir növ şanslı hesab edirdik...
İndi isə keçək, haqqında həddən artıq nizam-intizamın olduğu deyilən, ləhcəsi, qonaqpərvərliyi, özünəməxsus ənənələri olan Naxçıvanda gördüklərimizə...

(Heydər Əliyev Muzeyi)
Tur çərçivəsində ilkin olaraq Heydər Əliyev və Dövlət Bayrağı Muzeylərinə baş çəkdik. Heydər Əliyev Muzeyində Ümummilli Liderin bu regiondakı fəaliyyəti, gördüyü çoxsaylı işlərlə bağlı fotolar bir-birini əvəzləyirdi. Muzeydə diqqət çəkən maraqlı nüanslardan biri də Heydər Əliyevə aid əşyaların burada yer almasıdır. Belə ki, muzeyə gələn qonaqlar Ümummilli Liderin şəxsi əşyalarından bir neçəsini burada görə bilərlər. Məsələn, kostyum, eynək, telefon...
Yeri gəlmişkən, bizə bildirdilər ki, dövlət əhəmiyyətli mühüm qərarların bir çoxu şüşə arxasındakı bu telefonla verilib... Təsəvvür edin, xalqın rifahı, dövlət adına uğurlu perspektivin carçısı məhz bu kiçik, sarı telefon olub...


(Ümummilli Liderə aid əşyalar)
Naxçıvan Xan sarayı, Möminə Xatun türbəsi...

(Naxçıvan Xan Sarayı, qədimi samovar)
Ümummilli Liderlə bağlı xatirələrlə dolu muzeydən ayrılıb, Naxçıvan Xan Sarayı Dövlət Memarlıq Muzeyinə və Möminə Xatun Türbəsinə baş çəkdik. Qeyd edim ki, Xan Sarayı 9 zaldan təşkil olunub. Maraqlı, şəbəkə üslublu pəncərələri olan sarayda arxiv mənbələri, tədqiqat kitabları, mədəni məişət əşyaları yer alır. Sarayda xan nəslinin istifadə etdiyi əşyalar, stol və stullar isə sanki zərgərlik nümunəsi idi. Necə deyərlər, əsilzadələrə məxsus...
(Xan Sarayı, şəbəkə üslublu otaq)
Eyni ərazidə yerləşən orta əsr Şərq memarlığının incisi sayılan Möminə Xatun türbəsi isə bir başqa cür gözəldir. Atabəy hökmdarı Şəmsəddin Eldənizin xanımı Möminə Xatunun şərəfinə inşa olunmuş türbə qadın əzəmətini nümayiş etdirir.
"Biz nəyi qururuqsa, öncə qurulmuşların üzərində qururuq”,- deyib Əbu Turxan... Doğurdan da bu abidə Şərq aləmində qadına olan sevgi, göstərilən hörmətin mücərrədlikdən çıxıb konkretliyə dönüşdüyü maddi varlıqdır.
Yumurtanın ağından və sarısından istifadə olunmaqla ucadılan bu tarixi abidənin yeraltı sərdabəsi də var və kənardan baxdıqda bu, laləni xatırladır. Bundan başqa türbənin sütunlarında Yasin surəsi də yer almaqdadır. İlk inşa edilən zaman 34 metrlik hündürlüyə malik olan türbə hazırda 26 metrdir.
Memarlıq incisini ərsəyə gətirən Əcəmi Naxçıvani türbənin on tərəfindən birində "Biz gedərik, dünya qalandır”, "Biz ölərik – bu, yadigardır” kəlimələrini qeyd edib. Həqiqətən də IX əsr keçməsinə rəğmən, miras qoyduğu yadigar hələ orta əsrlərdən hökmdar səviyyəsində qadına verilən dəyəri bizlərə aşılamaqdadır...
(Möminə Xatun türbəsi)
Əmir Teymurun fəth etmək üçün 14 il mübarizə apardığı Əlincə Qalası və onu yarım saata "fəth edən" jurnalistlər....


(Əlincə qalasına qalxan pilləkənlər)
Naxçıvana səfər edərkən mütləq mənada "görmədən geri qayıtmaq olmaz" deyə, düşündüyüm yer məhz Əlicə Qalası idi. Açığı, tarixdə hər zaman bu qalanın 14 il fəth edilə bilməməsi məndə maraq doğururdu. Lakin necə deyərlər, min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır...
İlk olaraq deyim ki, Culfanın Xanəgah kəndində yerləşən bu qalaya qalxan yolda balaca bir muzey var. Muzeydə IX-XIV əsrlərə aid məişət əşyaları, döyüş ləvazimatları və s. saxlanılır. Dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşən Əlincə qalasına doğru uzun-uzadı pilləkənlər var. Hər nə qədər qalaya qalxmaq yorucu olsa da, yekunda görünən mistik mənzərə bir daha bu yurda, torpağa olan sevgini sanki daha da artırır. İstər qədimlik qoxan qala divarları, istərsə də ətrafda görünən füsunkar mənzərə insanı Vətən eşqi ilə ovsunlayır...
Neçə-neçə çəkişmələrə, müharibələrə sinə gərən Əlincə qalasını müdafiə və mübarizənin simvolu da saymaq olar.

"Əlincə qalasına qalxmağı qarşısına məqsəd qoyan 66 yaşlı "nənə" "
Naxçıvan şəhər sakini, 66 yaşlı təqaüdçü Cahan Əsədova bizə bildirdi ki, Əlincə qalasına qalxmaq onun çoxdankı arzusu olub. Nənənin sözlərinə görə, əvvəllər bu qalaya ancaq alpinistlər qalxa bilərmiş. Yeri gəlmişkən, Cahan nənə sağlam həyat tərzi ilə seçilirdi, heç adamın ona nənə deməyə də dili gəlmirdi...
(66 yaşlı Naxçıvan sakini Cahan Əsədova)
Müsahibimiz söhbət əsnasında dedi ki, Əlincə qalasına qalxmağı çox sevir, oranın özünəməxsus aurası var:
"Mən bir muxtar respublikanın yaşlı nəslinin nümayəndəsi kimi deyə bilərəm ki, Əlincə qalası nəinki Azərbaycanın, dünyanın ən möhtəşəm qala abidəsidir. Qalanın bərpadan əvvəlki vəziyyətini yaxşı xatırlayıram. 10 il əvvəl ailəmlə birlikdə qalaya qalxmaq üçün bura gəlmişdik. Ancaq yarı yola qədər gedə bildik. Çünki qalaya o vəziyyətdə ancaq peşəkar alpinist qalxa bilərdi. Ən böyük arzularımdan idi ki, Əlincə qalasının ta zirvəsinə qədər çıxmağı bacarım. Qala bərpa olunduqdan sonra bu arzuma çatdım. Əlincə qalasına onun hər daşını, divarını, pilləsini, bürcünü, böyük qürurla izləyərək qalxıram. Pillələrin çox olmasına görə qalaya ilk dəfə qalxanda ciddi mənada yorulduq. Hətta yarı yoldan qayıtmaq da istədim. Amma arzum idi, bu zirvəni fəth etməli idim. Arzuma çatdım... Tam səmimiyyətimlə deyim ki, burada insan sanki hüzura qovuşur. Dağların özünəməxsus aurası var".
Nənə şeir deyərək də ürəyimizi fəth etdi:
"Bu qala bu gün dünyaya baxır. Bir yumruq kimi Naxçıvanın əyilməzliyini göstərir. Bu gün bu qala burada dalğalanan Azərbaycan bayrağından güc alaraq daha da məğrur və qürurludur. Şair də nə gözəl deyib:
İgidlərin al qanıyla rənglənən
Torpağımın bayrağıdır Əlincə!
Naxçıvanın mərd qalası, ər oğlu,
Düşmənimə göz dağıdır Əlincə!
Bir qədər ara...
Səyahət etdiyimiz görməli, tarixi abidələrdən danışmağa ara verib bir qədər də başqa məsələlərə toxunacam...
Əvvəla onu bildirim ki, turun ilk günü mənim kimi bir neçə media nümayəndəsin də başağrısı oldu. Yox, yorğunluqdan deyildi, bu... Naxçıvan şəhərinin və rayonların havası o qədər təmiz idi ki, açığı, bütün günü zavod və fabriklərin, avtomobillərin tüstüsünü udan, radiasiyalı mühitdən gələn insanlar üçün belə hava qəribə təsir etdi.
Avtomobil demişkən, iki günlük tur çərçivəsində yollarda avtomobillərin çox az olduğuna da şahidlik etdik. Yəni hətta pik saatlarda belə şəhərdə avtomobil sayı çox olmurdu, tıxacdan isə söhbət gedə bilməzdi. Elə bunun özü də şəhərin havasının nə qədər təmiz olmasına, əlavə stress və əsəbin yaranmamasına səbəb olur. Bundan başqa, Naxçıvanda hər addımbaşı iri ticarət mərkəzləri, mağazalar yoxdur. Bütün bu obyektlər nizamlı şəkildə, konkret ünvanlarda, məsafəli yerləşir. Düşünürəm ki, bu özü də şəhərdə, yolda çox insan olmamasına, izdihamın yaşanmamasına şərait yaradır.
Naxçıvan camaatına gəlincə, onlar həddən artıq qonaqpərvər və mehriban insanlardır. Özlərinə məxsus şivələri və gülərüzlü yanaşmaları ilə bizə qonaq olduğumuzu unutdurdular. Naxçıvan Turizm Departamentinin əməkdaşlarına isə hansı abidə haqda sual verirdiksə, yorulmadan, sanki ilk dəfədir izah edirlərmiş kimi danışırdılar. Belə deyək, biri var pul üçün çalışmaq, biri də var, işini sevmək. Görünən o idi ki, bu adamlar həqiqətən də işlərini çox sevirdilər. Bir də onu vurğulayım ki, burada sanki koronavirus adlı bəla ümumiyyətlə yox idi. Qapalı məkanlara rahatlıqla, maskasız daxil ola bilirdik. Yerli camaat bildirdi ki, burada koronavirusa yoluxma nadir halda olur. Kimsə virusa yoluxursa, karantin qaydalarına ciddi əməl edir, təcrid qaydasını qətiyyən pozmur. Yoluxma az rast gəlinən hal olsa da, buna baxmayaraq, vaksinləmə prosesinə insanlar kütləvi şəkildə müraciət edir. Buna səbəb kimi isə yerli əhalinin səyahətə çox bağlı olduğu bildirildi. Yəni məlum məsələdir, digər ölkələrə səyahət zamanı elə Bakıda da vaksin pasportu mütləqdir...
Kimisinə məbəd, kimisinə tarixi abidə - Nuh Peyğəmbərin məzarı....


(Nuh Peyğəmbərin Türbəsi)
Turun ikinci günündə Naxçıvanqala abidəsini ziyarət etdik. Abidə VII əsrə aiddir. Qala kompleksi XX əsrdə arxeoloji qazıntılar zamanı aşkar olunub.
Sözügedən kompleksdə IV-III minilliklərə aid daş çəkiclər, məişət əşyaları qorunub saxlanır. Bundan başqa, kompeksin ərazisində naxçıvanlıların özlərinin "Bəşəriyyətin atası” adlandırdığı Nuh peyğəmbərin türbəsi də yerləşir. Türbədə hazırda restavrasiya işləri görülməkdədir. Türbə 3 hissədən - sərdabədən, yerüstü məqbərədən və konusvari örtükdən ibarətdir. Sözügedən abidənin hündürlüyü 15 metr 50 santimetr, eni isə 7 metr 50 santimetrdir. Bizi abidə ilə tanış edən şəxslər bildirdilər ki, bura Avropanın müxtəlif ölkələrindən, o cümlədən İran və Türkiyədən hər il xeyli sayda turist gəlir. Kimisi üçün bura niyyətinin gerçəkləşməsi üçün məbəd, kimisi üçün isə tarixi sərdabədir...

(Ağbulaq gölü)
Zorbulaq və Ağbulaq İstirahət Mərkəzi, kanatla uzun-uzadı gəzinti...
Qala və abidələrlə tanışlığa bir qədər ara verib, təbiətin yaratdığı gözəlliklərin qoynunda da zaman keçirdik. Dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, Şahbuz rayonunda yerləşən Batabat gölü, Zorbulaq Naxçıvan çayının başlanğıc götürdüyü çəmənliklərin ətəyində yer alır. Xüsusilə, yaz və yay aylarında bu ərazilər müxtəlif növ çiçəklərlə daha füsunkar gözəlliyə sahiblik edir. Naxçıvanda belə bir deyim var ki, Zorbulağın suyunda əlini 50 saniyədən çox saxlaya bilməzsən. Doğurdan da su o qədər soyuq olur ki, nəinki 50 saniyə, hətta 10 saniyədən sonra belə suda əllərinin donduğunun fərqinə varırsan. Bu baxımdan xüsusilə yay aylarında təbiətin gözəlliklərindən faydalanmaq, həm də elə sərinləmək istəyənlər üçün Zorbulaq əla seçim ola bilər.

(kanatla gəzinti)
Naxçıvanın təbiət qoynunda yerləşən və mütləq şəkildə görməyə dəyər yerlərindən biri də Ağbulaq istirahət mərkəzidir.
Ərazidə 2 mərtəbəli inzibati bina, hər biri 2 nəfərlik olmaqla 3 kottec, 1-i inzibati binanın ikinci mərtəbəsində, 1-i isə kanat liftinin sonuncu dayanacağında olmaqla 2 kafe fəaliyyət göstərir. İnzibati binanın birinci mərtəbəsində qeydiyyat, xizəklərin və müvafiq geyimlərin kirayə verilməsi xidməti göstərilir.
Dağların qoynunda yerləşən bu mərkəzdə ən sevdiyimiz hissə uzunluğu 980 metrə qədər olan kanat idi. Kanat asta sürətlə bizi yerdən dağların lap təpəsinə qədər qaldırdı. Bu əsnada ətrafda görünən dağlar, ümumi mənzərə isə sözlə ifadə olunmayacaq qədər gözəl və yaddaqalan idi. Kanatın lap sonunda, dağın yuxarı hissəsində balaca bir kafe yerləşir. Turistlər burada yemək yeyə, gözəl mənzərəyə baxaraq çay, kofe içə bilərlər. Elə bizə də bu yüksəklikdə və soyuq havada isti çay içmək ləzzət etdi.
Tavana deyil, səmaya baxıb arzu tutanlar, göydən damcı düşməsini gözləyənlər - Əshabi-Kəhf ziyarətgahı

(Əshabi Kəhf ziyarətçiləri)
Naxçıvan əhalisinin müqəddəs ziyarətgahlarından biri olan Əshabi Kəhf dağların arasında yerləşir. "Əshab" yeniyetmə cavan oğlanlar, "kəhf" isə mağara, sığınacaq yeri deməkdir. Mağarayla bağlı müxtəlif əfasənələr dolaşmaqdadır. Lakin əsas əfsanə bir neçə gəncin şah zülmündən qaçaraq bu mağaraya sığınması və 300 il yatdıqdan sonra oyanıb, behiştə getməsi ilə bağlıdır. Bu mağara ilə əlaqəli müqəddəs Quran kitabının "Əl-kəhf” surəsində də maraqlı məlumat verilib. Mağaranın ən üst hissəsində dağdağan ağacı var. İnsanlar niyyət tutaraq bu ağaca əski parçası bağlayır. Bundan başqa kiçik mağaraların birində ziyarətçilər 15 dəqiqə müddətinə arzu tutub gözləyirlər. Əgər bu müddətdə başlarına su damcısı düşürsə, arzularının reallaşacağına inanırlar. Yəni su onların reallaşacaq arzularının müjdəçisi olur...
Kəskin qoxulu, müalicəvi Duzdağı – "Burada yatmaq mütləqdir...”


(Duz Dağı)
Tur əsanasında
Naxçıvanın Babək rayonu ərazisində yerləşən Duzdağ Fizoterapiya mərkəzinə də
baş çəkdik. Mağaraya daxil olan kimi duz və yodun kəskin qoxusu duyulurdu. Mərkəzdə
47 otaq var və 128 nəfər müalicə ala bilir. Mağarada yayda tempratur 20, qışda
isə 18 dərəcə olur. Dünyanın müxtəlif
ölkələrindən, eləcə də republikanın fərqli bölgələrindən allergik xəstəliyi
olan şəxslər müalicə üçün məhz bu mərkəzə üz tutur, bir neçə gün qalırlar. Mərkəzin
işçiləri bildirdilər ki, qoxu kəskin olduğu üçün insanlar burada daha çox
yataraq vaxt keçirməyi seçir. Mağaranın effektivliyinin yüksək olduğunu isə elə
burada müalicə alan şəxslər də təsdiqlədi.
İki
günlük mediatur çərçivəsində gəzdiyimiz məkanların çoxluğu ilə əlaqədar yorğunluq olsa da, səyahət hər birimizə unudulmaz xatirə və xoş təəssürat bəxş
etdi.
Son qənaətim isə bu oldu ki, gəzməyə də, ölməyə də VƏTƏN yaxşıdır...
Əzizə
Zeynal





