Prezident sərəncam imzaladı
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.
Müxtəlif millətlərin və konfessiyaların
nümayəndələrinin tarix boyu sülh və əmin-amanlıq şəraitində yaşadığı
Azərbaycanda multikulturalizm əsrlərdən bəri alternativi olmayan həyat tərzinə
çevrilib.
Mövcud milli-mədəni rəngarənglik xalqların
qarşılıqlı mənəvi zənginləşməsinə imkan yaratmaqla yanaşı, ölkəni beynəlxalq
miqyasda çoxmillətli və çoxkonfessiyalı diyar kimi tanıdıb.
Toplanmış böyük təcrübənin davamı kimi həmin
mədəni müxtəliflik mühiti respublikada təmsil olunan bütün dini icma və
konfessiyaların birgə fəaliyyəti sayəsində bu gün də lazımınca qorunur.
Azərbaycan cəmiyyətində bərqərar olmuş yüksək tolerantlıq mühitinin
gücləndirilməsi müstəqil dövlətçiliyin inkişafı baxımından xüsusi əhəmiyyətə
malikdir.
Sərəncamda qeyd olunur ki, ölkədə mövcud dini
konfessiyaların dəstəklənməsini və onların maddi durumunun daha da
yaxşılaşdırılmasını təmin etmək məqsədilə, Azərbaycanda dini qurumlara maliyyə
yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları
İdarəsinə 1 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan
Yeparxiyası dini qurumuna 250, min manat, Bakı şəhəri Dağ yəhudiləri dini
icmasına 250, min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 100 min manat,
Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası dini
qurumuna 100 min manat və Azərbaycan Respublikasının Alban-Udi Xristian dini
icmasına 100 min manat ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən
məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.






