Əliyev Paşinyanla hansı məsələləri müzakirə edəcək? – “Erməni tərəfi çalışacaq ki...”
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yaxın vaxtlarda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında ATƏT-in Minsk Qrupu çərçivəsində görüşün baş tutacağını bildirib.
Maraqlıdır, indiki halda tərəflər arasında belə bir görüş nə qədər realdır və hansı mövzular müzakirə predmeti ola bilər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Qabil Hüseynli belə bir görüşü mümkün hesab edir:
"Müharibə bitsə də, regionda sülhün qalıcı olması üçün tərəflər arasında danışıqlara ehtiyac var. Ölkə başçısı da belə bir görüşün keçirilməsinin mümkünlüyünü ifadə edib. Amma Ermənistan tərəfi ilk növbədə Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Daha sonra sərhədlərin demakrasiya və demilitasiya məsələsidə öz həllini tapmalıdır. Mahiyyət etibarilə Rusiyanın bu məsələdə təklif etdiyi həll yolu məqbuldur. Yəni sərhədlərin təyin edilməsi SSRİ xəritələri əsasında olmalıdır. Bundan başqa, Laçın dəhlizində rəsmi Bakının nəzarət imkanı tanınmalıdır. Zəngəzur dəhlizi məsələsi də öz həlini tapmalıdır. Rəsmi Bakı üçün bu iki məsələ xüsusi əhəmiyyət kəsb edir".
Politoloqun sözlərinə görə, erməni tərəfinin belə bir görüşün keçirilməsini istəməsinin əsas səbəbi Qarabağ erməniləri üçün status əldə etməkdir:
"Erməni tərəfi mövcud reallıqların fərqindədir. Buna görə də ən azından Azərbaycan daxilində mədəni muxtariyyətin əldə edilməsinə çalışırlar. Lakin ermənilər bundan sonra mədəni muxtariyyəti belə ancaq yuxularında görə bilər. Prezident İlham Əliyev hələ bir neçə gün öncə Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində "heç bir statusdan söhbət gedə bilməz” dedi. Bundan başqa, ölkə başçısının Azərbaycanın inzibati bölgüsü ilə bağlı verdiyi fərman qüvvədədər. Dağlıq Qarabağ deyə bir ərazi vahidi yoxdur. Bu zaman olmayan bir ərazi vahidinə necə muxtariyyət verilə bilər?”Turan Rzayev






