“Ermənistanın rəhbər şəxsləri o məhkəmədə olmalıdır” – Tofiq Zülfüqarov
BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycan arasında "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulması ilə bağlı məhkəmə prosesi çərçivəsində 18-19 oktyabr tarixlərində dinləmələr təyin edib. Dinləmələr Azərbaycanın tələbi ilə bağlıdır.
Maraqlıdır, məhkəmə yekun nəticə olaraq müsbət qərar qəbul edə bilərmi? Azərbaycanın haqlı mövqeyi və iddiasının təmin olunması real görünürmü?
Mövzu ilə bağlı Sfera.az-a danışan Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov məhkəmənin qəbul edəcəyi qərarın icrasının şübhəli olduğunu deyib:"Hələ elə bir təcrübəə yoxdur ki, bu və ya digər qurumların, məhkəmələrin qərarı tam şəkildə həyata keçirilsin. Dinləmələrin keçirilməsi bir başlanğıc kimi pis deyil. Lakin nəticə etibarilə son qərarı gözləmək lazımdır. Qərarın icra mexanizmləri çox maraqlı olardı. Maraqlı məqam ondan ibarətdir ki, hətta beynəlxalq məhkəmələrin qərarlarının icrasında problem var".
T.Zülfüqarov dinləmələrdə ittiham olunan tərəf kimi Ermənistanda rəhbər vəzifədə olmuş şəxslərin də iştirak etməli olduğunu bildirib:
"Hesab edirəm ki, dinləmələr zamanı ortada ittiham olsa, ittiham olunan da olmalıdır. Belə ki, Ermənistan ittiham edilən ölkə olarsa, rəhbər mövqedə olmuş şəxslər də burada iştirak etməlidir. Ona görə də nəticə haqqında dəqiq nə isə demək olmur. Hazırda işlər görülür, nəticəni gözləyək".Əzizə Zeynal
Sfera.az





