"Postkovid infarkt yaranıb, koronavirusdan ölüm halları buna görə çoxalır" - MÜSAHİBƏ
Koronavirusa yoluxan, eləcə də bu xəstəliyə qalib gələn insanlar sonradan ürək problemlərinin yarandığını bildirirlər. Virusun ürəklə bağlı yaratdığı fəsadlarla bağlı kardioloq Gülanə Ağayeva Sfera.az-a danışıb.
Müsahibəni təqdim edirik:

- COVID-19-dan sonra hansı ürək problemləri yarana bilər?
- Təcrübə göstərdi ki, koronavirus xəstəliyi ürək əzələlərinə zərər verə və ürək funksiyalarına təsir göstərə bilər. Bununla yanaşı, koronavirus infeksiyası damarların daxili səthlərinə də təsir edir ki, bu da damarların daxili səthlərinin iltihabına və damar daxilində tromb yaranmasına, damar tıxanıqlığına və miokard infarktı kimi hallara səbəb ola bilir. Bundan əlavə bu virus müxtəlif növ aritmiyalara (ürək ritminin pozulması) və digər ürək xəstəliklərinə də gətirib çıxara bilir.
- Koronavirusdan sonra ürəkdə ən çox rastlanan problemlər hansılardır?
- Koronavirusundan sonra bir çox insan təngnəfəslik, sinə ağrısı və ya ürək döyünmələrinin şiddətlənməsindən şikayətlənir. Bu problemlərdən hər hansı biri ürəklə əlaqəli və uzun müddət hərəkətsizliyin və uzunmüddətli yataq rejiminin nəticəsi də daxil olmaqla digər faktorlardan da qaynaqlana bilər. Lakin unutmaq olmaz ki, xəstəlik keçirdikdən sonra bu simptomların azalmaması və ya artması mütləq şəkildə həkimə müraciət etməyi tələb edir.
- COVID-19-dan sonra infarkt ehtimalı yüksəkdirmi?
- Koronavirus pandemiyasından sonra artıq kardiologiyada "postkovid infarkt”(koronavirus səbəbli infarkt) adlandığımız yeni bir termin yarandı. Statistakaya görə postkovid infarkt dünyada koronavirus xəstəliyi keçirənlərdə ölümlərin əsas səbəblərindən biridir.
Postkovid infarktların fərqli iki səbəbi var. Birinci səbəb, qan laxtasının ürəyin tac damarlarından birini tıxaması nəticəsində ürək əzələsinə qan axınının tamamilə dayanmasıdır. İkinci digər səbəb isə sürətli ürək döyüntüsü, qanda oksigen səviyyəsinin aşağı olması və ya qanazlığı kimi faktorların ürək əzələsində oksigen aclığı yaratmasından qaynaqlanır.- COVİD -19 xəstəliyi keçirən şəxslər ev şəraitində müalicə alırsa, qan laxtalanmasının qarşısını almaq üçün həkim təyinatı olmadan qandurulduculardan istifadə edə bilərmi?
- Koronavirus xəstəliyinin rutin pratokolu demək olar ki artıq hamıya məlumdur. Lakin pandemiya dövründə qandurulducuların kontrolsuz istifadəsinə bağlı olan ölümcül qanamalar da çox görüldü. Həkim qandurulducu təyin edərkən yarana biləcək risqləri, xəstənin hansı qandurulduculara hansı müddət və hansı dozada ehtiyacı olduğunu nəzərə alır və kontrollu bir şəkildə hər xəstə üçün fərdi olaraq təyin edir. Ona görə də xəstəlik keçirən şəxslərə ev şəraitində nəzarətsiz dərman istifadəsi tövsiyyə edilmir.
Əzizə ZeynalSfera.az






