“Sərhədlərin qorunmasına üçüncü ölkəni cəlb etmək istəyirlər” – Tofiq Zülfüqarov
"Ermənistan bölgədə gərginliyin artmasında maraqlı olduğundan təxribatları intensivləşdirib”.
Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistanın atəşkəsi pozması hallarının mütəmadi xarakter almasına münasibət bildirərkən, sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov deyib:
"Düşmən ölkənin vəziyyəti ağırdır. Bir tərəfdən, sərhədlərin müəyyənləşməsini və təsdiq olunmasını istəmir. Hesab edirlər ki, iki ölkə arasında qarşılıqlı olaraq sərhədlərin tanınması Qarabağın onlar üçün əbədi itirilməsi demək olacaq. Ermənistan "niadzum”i, yəni, başqa ərazilərə iddialar irəli sürüb, onları özlərinə birləşdirmək layihəsini davam etdirmək istəyir. Ancaq artıq düşmənin bu layihəsi işləmir”.
Diplomat bildirdi ki, təxribatların mütəmadi xarakter daşıması onu göstərir ki, İrəvan Azərbaycanla sərhəddə xarici qüvvələrin olmasında maraqlıdır: "Düşmən ölkə özgə torpaqlara göz dikmək siyasətini davam etdirməsi fonunda növbəti sarsıdıcı zərbəni alacağından ehtiyat edir. Məhz bunun qarşısını almaq üçün də İrəvan Azərbaycanla sərhəddə hansısa xarici qüvvələrin yerləşərək, onlara təminat vermələrində maraqlıdır. Ona görə də atəşkəsi pozaraq təxribatları intensiv olaraq davam etdirirlər”.
Rüfət SULTAN





