İlham Əliyevdən mühim FƏRMAN
Kateqoriya məlum deyil
Prezident İlham Əliyev Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında fərman imzalayıb. Fərmanda deyilir:
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara
alıram:
1. "Azərbaycan
İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi” təsdiq edilsin (Əlavə 1).
2. Müəyyən
edilsin ki, "Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətində (bundan sonra
– Cəmiyyət) ümumi yığıncağın səlahiyyətlərini aşağıdakı dövlət orqanları həyata
keçirirlər:
2.1. Azərbaycan
Respublikasının Prezidenti:
2.1.1. Cəmiyyətin
Nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
2.1.2. Cəmiyyətin
İdarə Heyəti sədrinin və onun müavininin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
2.1.3. Cəmiyyətin
yenidən təşkili və ləğvi məsələlərinin həll edilməsi;
2.2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
2.2.1. bu
Fərmanın 2.1-ci bəndində və Cəmiyyətin Nizamnaməsinin 7.6.3-cü yarımbəndində
qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə
ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
3. "Azərbaycan
İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o
cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası” təsdiq edilsin (Əlavə
2).
4. Cəmiyyətin
vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin
verilməsi məqsədi ilə "Elektron hökumət” portalında "Elektron ipoteka” sistemi
yaradılsın və 2017-ci il yanvarın 1-dən tətbiq edilsin.
5.
"Elektron ipoteka” sistemi aşağıdakıları təmin etməlidir:
5.1.
ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin alınması üçün tələb
olunan sənədlərin siyahısının və şərtlər barədə məlumatın olmasını;
5.2.
ipoteka krediti almaq istəyən şəxsin imkanının ipoteka kalkulyatoru proqramı
vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsini;
5.3.
ipoteka kreditinin alınması üçün ayrıca olaraq hər bir müvəkkil bank üzrə
ipoteka krediti almaq istəyən şəxsin ödəməli olduğu xidmət haqqının, habelə hər
bir müvəkkil qiymətləndiricinin xidmətləri üzrə xidmət haqqının məbləğləri barədə
məlumatın olmasını;
5.4.
ipoteka krediti almaq istəyən şəxsin müvəkkil banka elektron müraciətinin real
vaxt rejimində göndərilməsini və qeydiyyata alınmasını, münasib görüş vaxtının
təyin edilməsini;
5.5.
ipoteka kreditinin alınması üçün tələb olunan və bu Fərmanın 7.2.1–7.2.7-ci
yarımbəndlərində nəzərdə tutulmuş məlumatların alınmasını;
5.6.
ipoteka krediti almaq üçün müraciət etmiş şəxslərin müvəkkil bank (banklar) tərəfindən
vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılmasını;
5.7.
ipoteka krediti almaq üçün müraciət etmiş şəxs üçün elektron kabinetin
yaradılmasını;
5.8. ödənişlərin
elektron formada həyata keçirilməsi üçün imkan yaradılmasını.
6.
"Elektron ipoteka” sisteminin təşkilini və fəaliyyətinin təmin olunmasını Cəmiyyət
həyata keçirir.
7. Azərbaycan
Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi:
7.1.
"Elektron ipoteka” sisteminin "Elektron hökumət” portalına inteqrasiyasını və
müvafiq dövlət qurumlarının informasiya sistemlərindən məlumatların bu sistemə
ötürülməsi imkanını təmin etsin;
7.2.
ipoteka kreditinin alınması üçün tələb edilən, aidiyyəti dövlət qurumlarının
informasiya sistemlərində mövcud olan aşağıdakı məlumatların müvəkkil banklar tərəfindən
"Elektron ipoteka” sistemi vasitəsilə alınmasını təmin etsin:
7.2.1.
ipoteka krediti almaq istəyənin şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatlar;
7.2.2.
ipoteka krediti almaq istəyən şəxsin nikah (və ya nikahın pozulması) haqqında şəhadətnaməsi
üzrə məlumatlar;
7.2.3.
ipoteka krediti almaq istəyən şəxsin (birgə borcalanın) iş yerini və gəlirlərini
təsdiq edən məlumatlar;
7.2.4.
ipoteka krediti almaq istəyən şəxsin ailə tərkibi barədə məlumatlar;
7.2.5.
vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş
vergi bəyannaməsi;
7.2.6. mərkəzləşdirilmiş
kredit reyestrindən məlumatlar;
7.2.7.
ünvan reyestrinin məlumatları;
7.3.
"Elektron ipoteka” sisteminin təşkilində və fəaliyyətinin təmin olunmasında Cəmiyyətə
kömək göstərsin.
8. Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə, Vergilər
Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Əmlak Məsələləri
Dövlət Komitəsinə və Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılsın ki,
"Elektron ipoteka” sisteminin fəaliyyətinin təşkili üçün Cəmiyyətə kömək etsinlər.
9. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
9.1.
"Elektron ipoteka” sisteminin əsasnaməsinin layihəsini iki ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
9.2.
ipoteka kağızının qeydiyyatı və dövriyyəsinin elektron qaydada təşkili ilə
bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
9.3. Azərbaycan
Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini
iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
9.4. Cəmiyyətin
Nizamnaməsinin 7.2-ci bəndinin ikinci cümləsinə uyğun olaraq, Cəmiyyətin
Müşahidə Şurasının üzvlərini on gün müddətində təyin edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
9.5. "Azərbaycan
İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o
cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 3.1.10-cu yarımbəndinə
uyğun olaraq, borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması
qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində
müəyyən etsin;
9.6. nəzarət
zərfi dövlətə məxsus banklar tərəfindən öz vəsaitləri hesabına ipoteka kreditlərinin,
"Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka
kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın
3.1-3.3-cü bəndlərində müəyyən edilmiş tələblərə uyğun verilməsinin qaydasını
Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində müəyyən
etsin;
9.7. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
9.8. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
9.9. bu Fərmandan
irəli gələn digər məsələləri həll etsin.
10. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat
versin.
11. "Azərbaycan
İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1133)
aşağıdakı dəyişikliklər edilsin:
11.1.
3.5-ci bənd aşağıdakı redaksiyada verilsin:
"3.5. Cəmiyyətin
ipoteka kreditləşməsinə cəlb etdiyi vəsait, yaşayış sahəsinin 1 kvadratmetri
üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə
onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində
orta bazar qiymətindən artıq olmayan və təmirli yaşayış sahələrinin alınmasına
yönəldilir;”;
11.2.
4.5-ci və 4.6-cı bəndlər ləğv edilsin.
12. Cəmiyyət
ipoteka kreditləşməsi üçün zəruri olan bütün daxili aktları iki ay müddətində
müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
13. "Azərbaycan
Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 16 sentyabr tarixli 299 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 805, № 10,
maddə 910; 2007, № 6, maddə 606; 2009, № 3, maddə 163; 2010, № 7, maddə 610),
"Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu
haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 22 dekabr tarixli 339 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1108; 2007, № 1, maddə
8; 2014, № 12, maddə 1583) və "Azərbaycan Respublikasında ipoteka kreditlərinin
verilməsi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 23 yanvar tarixli 515 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 8, № 5, maddə 457, №
6, maddə 608; 2010, № 2, maddə 80; 2012, № 9, maddə 859; 2013, № 2, maddə 105)
ləğv edilsin.






