“Xaricilərə bir, yerlilərə başqa qiymət oxuyurlar...” – Azərbaycanda turizm sektoru niyə düzəlmir?
"Pandemiyadan sonra ölkəmizin turizm rayonlarında süni qiymət artımları müşahidə olunur. Xidmət sahəsi isə əvvəllər də axsayırdı, indi də regionlarda aşağı səviyyədədir. Bu barədə dəfələrlə fikirlərin səsləndirilməsinə baxmayaraq, sahibkarlar, menecerlər iş görmürlər”.
Bunu Sfera.az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib. O bildirib ki, bu məsələlərlə ciddi məşğul olmaq lazımdır:
"Standartlara cavab verməyən, müştərilərə düzgün xidmət göstərməyən, loru dildə desək, müştəriləri aldadan məkanların fəaliyyətləri dayandırmalıdır. Bununla da turizm qurumları məşğul olmalıdır. İnsanlardan çox pul alınır, amma zəif xidmət göstərilir, süni qiymət artımları olur. Sahibkarların, menecerlərin əksəriyyəti idarəçiliyin əlifbasını bilmirlər. Təsəvvür edin, bu söhbət neçə illərdir davam edir, lakin nəticə yoxdur”.
Ekspert bölgələrdə yerli və xarici turistlərə qoyulan fərqlərdən də söz açıb və bildirib ki, bu cür hallar qəti şəkildə yolverilməzdir:
"Bu, qanun pozuntusudur. Tutaq ki, menyudur və burada bir qiymətlər olmalı, siyahısı bir tutulmalıdır. O cümlədən, iki-üç dildə tərtib edilməlidir. Lakin xaricilərə bir qiymət, yerli əhaliyə isə başqa qiymət oxumaq düzgün deyil. Bu istiqamətdə ciddi tədbirlər görülməli və həmin şəxslər cəzalandırılmalıdır.Digər tərəfdən bölgələrdəki obyektlər sanitar-gigiyenik, epidemioloji normalara istədiyimiz səviyyədə cavab vermir. Yerlərdəki səhiyyə qurumları bu istiqamətdə işlər görməlidir. Ofisiantların sanitar kitabçaları olmalı, mütəmadi yoxlanılmalı, mətbəxlərdə təmizlik təmin edilməlidir. Bəzən görürsünüz ki, ofisiantların dırnaqları, saç düzümləri qaydasında olmur, uniformalardan istifadə etmirlər. Vəziyyət dəhşətlidir. Halbuki bütün bunlara da nəzarət olmalıdır”.
Günay Rəsulqızı





