Kremli Qarabağda qorxuya salan fakt – Ermənilərin sayı azalır, bu isə...
Rusiya xarici işlər naziri Sergey Lavrov BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi ilə qaçqınların Qarabağ və ətraf rayonlara qayıdışı məsələsini müzakirə edib.
Sfera.az-ın məlumatına görə, bununla bağlı siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Lavrovun Qrandi ilə bu məsələni müzakirə etməsində Moskvanın iki marağı var:
"Qərbə Dağlıq Qarabağ münaqişəsinin onun vasitəçiliyi ilə həll edildiyinin və artıq humanitar məsələlərin gündəmdə olduğunun mesajını verir və Bakıya üçtərəfli razılaşmaların bütün bəndlərinin icrası ilə bağlı praktiki addımlar atıldığını göstərir. Bunun Əliyevin Putinə zəngindən sonra baş verməsi xüsusilə diqqət çəkir. Bu müzakirənin Bakının istəkləri və maraqları kontekstində üç mühüm məqamı var.
Birincisi, Əliyevin Putinə zəngində üçtərəfli razılaşmalarla bağlı tələbləri qəbul olunub: məsələ bütün bəndlərin icrasını sürətləndirməkdir və ardınca Putinin Paşinyana, sonda isə Ərdoğana zəngi də bu fikri gücləndirir. İkincisi, qaçqınların qayıdışı məsələsinin gündəmdə olması "münaqişənin artıq bitdiyi” tezisinə uyğundur. Üçüncüsü, bu, qaçqınların sülhməramlıların nəzarəti altındakı ərazilərə (Xankəndi, Xocalı və Xocavənd) də qayıdışının aktual olduğundan xəbər verir”.
A.Nərimanlı bildirib ki, Qarabağa qaçqınların qayıdışı ermənilərin də keçmiş DQMX ərazisinə - Şuşaya, Hadruta qayıdışını gündəmə gətirə bilər, lakin bu proses iki şərtlə mümkündür: "İşğal dövründə Qarabağa yerləşdirilən ermənilər qayıda bilməz: Azərbaycanın SSRİ dövründəki arxivlərində bölgədə yaşayan ermənilərin statistikası və kimliyi mövcuddur. Ermənilər yalnız Azərbaycan vətəndaşlığı altında yaşaya bilər”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə deyib ki, Rusiya hakimiyyətini ermənilərin Qarabağa qayıdıb hansı şəraitdə yaşayacağı maraqlandırmır:
"Kreml üçün önəmli olan Qarabağda daha çox erməninin yaşamasını təmin etməkdir ki, Rusiya hərbçilərinin bölgədə varlığının aktuallığı olsun. Elə buna görə müharibədən sonra Rusiyadakı mənbələr saxta məlumatlar yayaraq Qarabağda guya 50-55 min erməni yaşadığını bildirirdilər. Halbuki, Qarabağ erməni separatçılarının lideri Araik Arutunyan özü etiraf etdi ki, bölgədə 35 min erməni yaşayır. Bu rəqəmin ilk mənbədən açıqlanması Moskvanın yalanını ortaya qoydu. Qarabağdakı ermənilərin sayı azalmaqda davam edəcək. Bu isə Rusiyanın maraqlarına ziddir. Çünki bu halda 5 ildən sonra Rusiya hərbçilərinin Qarabağı tərk etməsi aktuallaşacaq. Rusiya və Ermənistan ekspertləri də o fikirdədirlər ki, rəsmi Bakı 4 ildən sonra rusiyalı hərbçilərin bölgəni tərk etməsi mövzusunu müzakirəyə çıxaracaq. 10 noyabr anlaşmasına görə rəsmi Bakının belə bir hüququ var”.
Politoloqun sözlərinə görə, Rusiyada onu da düşünürlər ki, başqa dövlətlər Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını təmin edərləsə, bu Rusiyanın Cənubi Qafqazdakı maraqlarına növbəti zərbə olacaq: "Ona görə də Kreml həm Qarabağda ermənilərin sayını çoxaltmağa, həm də başqalarının vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında "sülh sazişinin” imzalanmasını əngəlləməyə çalışacaq. Rəsmi Bakı isə bundan sonra İrəvanla fərqli məsələləri mümkün qədər Rusiyanın vasitəçiliyi olmadan həll etməyə çalışmalıdır”.Günay Rəsulqızı






