“Heç bir statusdan söhbət gedə bilməz” - Lavrovun bəyanatına ETİRAZ
"Dağlıq Qarabağın statusu barədə hansısa söhbət gedə bilməz. Öz ərazi bütövlüyümüzün bərpasından, sərhədlərimizin delimitasiya və demarkasiyasını həll edəndən, Ermənistanla Azərbaycan arasında dövlət sərhədi qurulandan sonra bu, bizim öz daxili işimizdir”.
Bunu Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Arzu Nağıyev Rusiya xarici işlər naziri Sergey Lavrovun "Dağlıq Qarabağın statusu hələ razılaşdırılmalıdır” fikrini şərh edərkən deyib.
Millət vəkili bildirib ki, Rusiyanın dəfələrlə oxşar açıqlamalar verməkdə məqsədi ATƏT-in Minsk qrupunun həmsədrliyində olduğunu göstərməyə çalışmaqdır: "Onlar bu proseslərdə rol oynamağa cəhd edən dövlət kimi bəyanat verirlər. Burada həm ABŞ, Fransa, həm də Rusiya aktivlik nümayiş etdirmək istəyir. Hamı proseslərdəki açar fiqura çevrilmək çalışır. Lakin bu, indi qeyri-mümkündür. Gələcəkdə Azərbaycan tam şəkildə öz ərazi bütövlüyünü, infrastrukturunu Dağlıq Qarabağ ərazisində bərpa edəndən sonra bu, dövlətimizin öz qərarı ola bilər”.
Politoloq İlqar Vəlizadə isə saytımıza açıqlamasında deyib ki, status məsələsi Rusiya üçün uzaq gələcəkdə də olsa, gündəmdə olacaq: "Digər tərəfdən rəsmi Moskva dərk edir ki, status məsələsi indi müzakirə olunsa, o zaman bütün regional layihələr, o cümlədən üçtərəfli sazişdən irəli gələn məsələlərin həllinə nail olmaq mümkün olmayacaq. Əlbəttə, bu da Rusiyanın vasitəçi rolunu xeyli aşağı salacaq. Onlar ümid edir ki, bir neçə ilə sazişdən irəli gələn məsələlər öz həllini tapandan sonra, status mövzusuna qayıdacaqlar və yeni reallıqda bunun müzakirəsi rahat olacaq”.
Günay Rəsulqızı





