Logo

İlham Əliyev: "Bundestaqın qətnaməsi siyasi sifarişdir və bunu qəbul edənlər böyük səhv buraxıblar" - YENİLƏNİB - FOTO

İlham Əliyev: "Bundestaqın qətnaməsi siyasi sifarişdir və bunu qəbul edənlər böyük səhv buraxıblar" - YENİLƏNİB - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

19:49

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, iyunun 3-də Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev adından ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın şərəfinə ziyafət verilib.

----------

16:22

"Dünən Almaniya parlamenti tərəfindən ədalətsiz, qərəzli, tarixi yalan üzərində qəbul edilmiş qətnaməni Azərbaycan dərhal qınadı, pislədi".

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Türkiyənin Baş naziri Binəli Yıldırımla birgə mətbuata bəyanatla çıxışında deyib.

Dövlətimizin başçısı qeyd edib: "Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verdi və bu gün mən ölkə Prezidenti kimi bir daha bu yalan üzərində qurulan təxribatı pisləyirəm, qınayıram. Bu, ədalətsizlikdir, ikili standartlardır, tarixin təhrif edilməsidir".

Azərbaycan Prezidenti xatırladıb ki, bu gün Azərbaycanda Dünya Azərbaycanlılarının IV Qurultayı keçirilir: "Bizim bütün diaspor təşkilatlarımızın rəhbərləri bu gün Azərbaycandadır və bizim bütün diaspor təşkilatlarımıza təlimat verilib ki, daim bütün diaspor təşkilatları ilə birlikdə olsunlar, birgə aksiyalar, nümayişlər keçirsinlər, öz etirazlarını bildirsinlər ki, biz həm bu bölgədə, həm də xaricdə birliyimizi nümayiş etdirməliyik".

İlham Əliyev vurğulayıb ki, Almaniya parlamentinin qəbul etdiyi bu ədalətsiz qərar, əlbəttə ki, siyasi sifarişdir: "Çünki bunu hər kəs yaxşı bilir ki, yalan üzərində, böyük erməni yalanı üzərində qəbul edilib. Nə üçün məhz dünən bu qəbul edilib? Təbii ki, bunun siyasi tərəfləri var və əsas rol oynayır. Yəqin ki, Türkiyəni nəyəsə məcbur etmək istəyirlər. Yəqin ki, Türkiyənin müstəqil siyasətinə təzyiq, təsir etmək istəyirlər. Budur, bunların təməlində dayanan amillər. Erməni məsələsi, sadəcə olaraq, bir bəhanədir. Erməni məsələsi yenə də böyük dövlətlərin əlində alətə çevrilib. Onu da qeyd etməliyəm ki, Azərbaycan da oxşar vəziyyətlə üzləşib. Keçən ilin iyun ayının 12-də Almaniya parlamenti Azərbaycana qarşı çox ədalətsiz, yalan üzərində qətnamə qəbul etdi. Guya ki, Azərbaycanda demokratiya, insan haqları pozulur və s. Birincisi, bu yalandır. Azərbaycanda demokratiya inkişaf edir, bütün azadlıqlar təmin edilir, Azərbaycanda söz, mətbuat azadlığı, azad internet mövcuddur. Əhalinin 75 faizi internetdən istifadə edir. Sual olunur: azad internet olan yerdə söz azadlığı necə boğula bilər?

Azərbaycanda sərbəst toplaşma azadlığı var, kim istəyir, nə vaxt istəyir, sərbəst toplaşa bilər. Görürük, bəzi Avropa ölkələrində dinc nümayişçilərə qarşı hansı vəhşiliklər törədilir. Biz görürük ki, onlar necə döyülür, söyülür, təhqir edilir. Yəni bu demokratiyadır! Amma Azərbaycanda insanlar rahat yaşayır, əmin-amanlıq, azadlıq şəraitində yaşayır və bu, sən demə, demokratiya deyil. Mən bu sözləri nəyə gətirirəm? Keçən il iyunun 12-də Bakıda dünyada ilk dəfə olaraq Avropa Oyunları keçirilməyə başlanılmışdı. İyunun 12-si Avropa Oyunlarının açılış günü - məhz bu gündə Almaniya parlamenti Azərbaycana qarşı bu qətnaməni qəbul edib. Yəni bu, bizə sataşmaqdır, bizə ləkə vurmaqdır, bizə böhtan atmaqdır. Ona görə biz də bu qətnaməyə fikir vermədik. Əminəm ki, Türkiyə xalqı da, dövləti də buna fikir verməyəcək. Bunun heç bir mənası yoxdur. Sadəcə olaraq, bu, siyasi sifarişdir və bunu qəbul edənlər böyük səhv buraxıblar. Həm tarixi səhv, həm də siyasi səhv".

Dövlətimizin başçısı bildirib ki, Azərbaycan hər zaman olduğu kimi, Türkiyənin yanındadır: "Biz birliyimizi daha da gücləndirəcəyik. Bizə qarşı aparılan bu təxribatlar bir daha onu göstərir ki, ancaq birlikdə daha güclü ola bilərik. Bu gün Türkiyə-Azərbaycan birliyi nəinki regionda, dünya miqyasında bir faktordur. Bu faktoru heç kim inkar edə bilməz. Biz gücümüzü birləşdiririk. Biz birgə layihələr icra edirik. Bu gün hörmətli Baş nazirlə bir daha birgə icra etdiyimiz bütün layihələri müzakirə etdik. Hörmətli Baş nazirin nəqliyyat naziri olduğu dövrdə Bakı-Tbilisi-Qars dərmir yolunun inşasına başlamışıq. Hörmətli Baş nazir bu yolun tikintisi üçün çox böyük səylər göstərmişdi. Artıq yaxın zamanlarda biz onun açılışını edəcəyik".

Prezident deyib ki, enerji layihələri artıq qlobal layihələrə çevrilib: "Bunu da Azərbaycanla Türkiyə birlikdə icra edir. 2012-ci ildə hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanla İstanbulda TANAP layihəsinə biz start verdik. O vaxt biz bu məsuliyyəti öz üzərimizə götürməsəydik, bu günə qədər hələ enerji təhlükəsizliyi məsələləri müzakirə predmeti olacaqdı. Biz bu məsuiliyyəti üzərimizə götürdük, həm siyasi məsuliyyəti, həm də iqtisadi, maliyyə öhdəliklərini üzərimizə götürdük. 45 milyard dollar dəyərində Cənub Qaz Dəhlizi layihəsi indi icra edilir. Bu, bizi daha da birləşdirəcək, bölgəyə sabitlik gətirəcək, bölgə ölkələri daha da bir-biri ilə sıx əlaqədə olacaq. Bir sözlə, bizim birgə icra etdiyimiz layihələr həm bizi gücləndirir, həm də bölgənin daha etibarlı və əməkdaşlığa, iş birliyinə hazır olduğunu təsdiqləyir. Biz gələcəkdə birliyimizi möhkəmləndirəcəyik. Türkiyə bu gün dünya miqyasında bir gücdür, "Böyük 20-liy"in üzvüdür, bütün böhranlara baxmayaraq, inkişaf edir, güclənir. Türkiyənin gücü bizim gücümüzdür. Sizin uğurlarınıza öz uğurlarımız kimi sevinirik. Əminəm ki, bugünkü səfər, görüşlər, müzakirələr gələcək illər üçün də gözəl şərait yaradacaq".

---------

16:08

"Türkiyə-Azərbaycan əlaqələri yüksək səviyyədə inkişaf edir".

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Türkiyənin Baş naziri Binəli Yıldırımla birgə mətbuata bəyanatla çıxışında deyib.

Dövlətimizin başçısı qeyd edib: "Bu il mən üç dəfə Türkiyədə səfərdə olmuşam. Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edib. Bu il artıq yüksək səviyyəli beş görüş keçirilib. Bu da özlüyündə bir göstəricidir ki, Türkiyə-Azərbaycan əlaqələri yüksək səviyyədə inkişaf edir və yüksək səviyyədədir".

İlham Əliyev hesab edir ki, dünyada Türkiyə ilə Azərbaycan kimi bir-birinə yaxın olan ikinci ölkələr tapmaq mümkün deyil: "Bütün sahələrdə əməkdaşlıq, işbirliyi davam edir, biz daim bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. Bütün beynəlxalq təşkilatlarda birlikdə fəaliyyət göstəririk".

----------

15:19

İyunun 3-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım ilə geniş tərkibdə görüşü olub.

Sfera.az  AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev və Baş nazir Binəli Yıldırım görüşdə çıxış ediblər.

Trend-in məlumatına görə, Prezident İlham Əliyev görüşdə bildirib: "Hörmətli qonaqlar, mən sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz! İlk növbədə, Sizi Baş nazir kimi yüksək vəzifəyə təyin olunmağınız münasibətilə bir daha Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Sizə məsuliyyətli vəzifədə böyük uğurlar arzulayıram. Mən çox şadam ki, siz ilk rəsmi xarici səfərinizi Azərbaycana edirsiniz. Bu, bizi çox şad edir. Bu da təbiidir. Bu, gözəl bir ənənədir. Bu, bir daha göstərir ki, Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Biz indi sizinlə təkbətək görüşümüzdə ikitərəfli məsələlərin həlli işində fikir mübadiləsi apardıq və bir daha gördük ki, bizim aramızda heç bir fikir ayrılığı yoxdur".

Dövlətimizin başçısı əlavə edib: "Bizim istəyimiz, məqsədimiz Türkiyə-Azərbaycan birliyini daha da güclü etmək və möhkəmləndirməkdir".

Azərbaycan Prezidenti vurğulayıb ki, iki ölkə siyasi, iqtisadi, nəqliyyat sahələrində, bütün başqa sahələrdə uğurlu əməkdaşlıq edir: "Bu gün Türkiyə və Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Görüləcək işlər də var. Bizi birləşdirən önəmli nəqliyyat, enerji layihələri icra edilir. Şadam ki, vaxtlı-vaxtında icra edilir. Əminəm ki, yaxın zamanlarda biz bu önəmli, dünya miqyaslı layihələrin açılışlarını edəcəyik. Türkiyə-Azərbaycan əlaqələri həm xalqlarımız üçün, dövlətlərimiz üçün, həm də bölgə üçün böyük əhəmiyyət daşıyır. Bizim birliyimiz bölgədə sabitliyi daha da möhkəmləndirir.

Şadam ki, Siz Azərbaycana böyük heyətlə gəlmisiniz. Yeni nazirlər Azərbaycan nazirləri ilə ünsiyyətdə olacaqlar və bütün lazımi danışıqları aparacaqlar. Bir daha Azərbaycana xoş gəlmisiniz!"

----------

15:14

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 3-də Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım ilə təkbətək görüşü olub.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq ifadə olundu.

Türkiyənin Baş naziri vəzifəsinə seçildikdən sonra Binəli Yıldırımın ilk səfərini Azərbaycana etməsinin əhəmiyyəti vurğulandı. Bu səfərin əlaqələrimizin daha da genişləndirilməsinə töhfə verəcəyi qeyd edildi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, iqtisadi əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

----------

14:22

İyunun 3-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının baş naziri Binəli Yıldırımın rəsmi qarşılanma mərasimi olub.

Sfera.az  Trend-ə istinadən bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda baş nazir Binəli Yıldırımın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verdi.

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin baş naziri Binəli Yıldırımı qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyənin baş nazirinə raport verdi.

Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.

Prezident İlham Əliyev və baş nazir Binəli Yıldırım fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Türkiyənin baş naziri Azərbaycan əsgərlərini salamladı.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri baş nazir Binəli Yıldırıma, Türkiyənin nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olundular.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan prezidentinin və Türkiyə baş nazirinin qarşısından keçdi.

İlham Əliyev: "Bundestaqın qətnaməsi siyasi sifarişdir və bunu qəbul edənlər böyük səhv buraxıblar" - YENİLƏNİB - FOTO
İlham Əliyev: "Bundestaqın qətnaməsi siyasi sifarişdir və bunu qəbul edənlər böyük səhv buraxıblar" - YENİLƏNİB - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR