Üçtərəfli bəyanat Azərbaycanın regionda meqatranzit mövqeyini gücləndirəcək - TƏHLİL
Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin Moskvada əldə etdiyi razılaşmadan sonra regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı real tədbirlərin görülməsinə başlanılacaq. Bu məqsədlə hər üç ölkənin baş nazirləri müavinlərinin birgə həmsədrliyi ilə İşçi qrupu yaradılacaq. İşçi qrup 2020-ci il 9 noyabr tarixli Bəyanatın 9-cu bəndinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısını formalaşdıracaq.
Burada prioritet qismində dəmir yolu və avtomobil yollarının açılması nəzərdə tutulur. İşçi qrup yaxın bir ayda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı konkredt tədbirləri müəyyənləşdirməlidir.
Bəs, bu iqtiqamətdə ilk növbədə hansı tədbirlər görülməlidir və nəqliyyat əlaqələrinin bərpası ölkələrə nə kimi imkanlar yaradacaq?
Sfera.az-a açıqlama verən ekspert Azər Allahverənov düşünür ki, yanvarın 11-də imzalanan bəyanat 2020-ci ilin noyabrın 10-da qəbul edilən bəyanatın 9-cu bəndinin həyata keçirilməsinin konkret mexanizmini müəyyənləşdirəcək. Allahverənov qeyd etdi ki, həmin mexanizm bütün iqtisadi və nəqliyyat əlaqələrin bərpasını təmin etməlidir.
"Birgə İşçi qrupu yanvarın 30-na qədər ilk iclası keçirməlidir, martın 1-nə qədər isə hayata keçiriləcək konkret tədbirlərlə bağlı təkliflər verilməlidir”, - deyən ekspert söylədi ki, razılaşmanın məzmunu Ermənistan və Azərbaycan arasında Sovet dönəmində yaradılan nəqliyyat əlaqələrinin, ilk növbədə dəmir yol və avtomobil nəqliyyatı əlaqələrinin bərpa edilməsini nəzərdə tutur: "Buna uyğun olaraq Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizi qurulmalıdır. Sovet dövründə Naxçıvanla nəqliyyat əlaqəsi həm dəmir yolu, həm də avtomobil yolu vasitəsilə həyata keçirilirdi.
Köhnə nəqliyyat dəhlizlərini bərpa etmək asan proses olmayacaq. Burada texniki-iqtisadi məsələlərlə bərabər təhlükəsizlik məsələləri də həll edilməlidir. Təhlükəsizliklə bağlı təminat olmalıdır. Nəqliyyat dəhlizi boyunca təhlükəsiz hərəkətə Ermənistanla bərabər Rusiya da təminat verməlidir.
Həmçinin Mehridən Naxçıvana gedən dəmir yolunun qurulmasını Rusiya həyata keçirəcək. Çünki Ermənistanın dəmir yollarının səhmləri Rusiya şirkətlərinə məxsusdur”.
Nəyə görə ilk növbədə dəmir yolu və avtomobil yollarının açılması nəzərdə tutulur?
Bu suala aydınlıq gətirən A.Allahverənov hesab edir ki, ilk növbədə dəmir yol şəbəkəsinin qurulması Azərbaycan, Ermənistan və Rusiyaya böyük imkanlar yaradacaq: "Rusiya bu xətdən istifadə etməklə Türkiyəyə asan çıxış əldə edəcək. Ermənistan üçün də əlverişli olacaq. Ermənistan dünyaya çıxış üçün quru yolu kimi əsasən Gürcüstan ərazisindən istifadə edir. Amma qurulacaq nəqliyyat əlaqələri Ermənistana başqa yollardan da istifadəyə şərait yaradacaq.
Azərbaycanın isə imkanları daha da genişləncək. Regionda ən yaxşı nəqliyyat infrastrukturuna məhz Azərbaycan sahibdir. Ölkəmiz beynəlxalq yükdaşımalarda meqatranzit regional layihələrin icraçılarından biridir. Azərbaycanda istər şərqlə qərbi əlaqələndirən, istərsə də cəbunla şimalı əlaqələndirən nəqliyyat dəhlizləri var. Biz regionda nəqliyyat sahəsində faktiki olaraq aparıcı ölkə olduğumuzu təsdiq etmişik. Üçtərəfli razılaşmanın imzalanması Azərbaycanın meqatranzit nəqliyyat layihələrində üstünlüyünü bir qədər də gücləndirəcək.
Sual yarana bilər ki, niyə görə hava nəqliyyatının açılması məsələsi gündəmə gətirilməyib. Çünki Xocalıda və Xankəndində olan hava limanları Azərbaycana bağlı olan hava limanlarıdır. Azərbaycanın icazəsi olmadan həmin hava limanlarına uçuş həyata keçirilə bilməz. Füzulidə və Kəlbəcərdə hava limanı inşaası nəzərdə tutulur. Adıçəkilən limanlar Azərbaycana məxsus olduğundan bu, digər ölkələrlə müzakirə edilə bilməz”.
Ekspert onu da bildirdi ki, gələcəkdə Rusiya və Azərbaycanın əsas maraqları bölgənin iqtisadi inkişafını təmin edəcək infrastrukturun qurulması ilə bağlı olacaq.
Vasif
Sfera.az






