“YAŞAT” Fondu ölkənin ən önəmli məsələlələrindən biri ilə məşğul olacaq - RƏYLƏR
Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə 2020-ci ilin dekabrın 8-də "YAŞAT” Fondu yaradılıb. Fond şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi olan şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi istiqamətində fəaliyyətini qurub.
Bəs, cəmiyyətimizin "YAŞAT” Fondu ilə bağlı gözləntiləri nədən ibarətdir?
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Fərhad Mehdiyev qeyd etdi ki, Fonddan gözləntisi şəhid və qazi aillələrinin problemlərinin bir çoxunun həllinə nail olmaqdır. Onun fikrincə, Fondun bu işləri həyata keçirə bilməsi üçün xalqın dəstəyinə ehtiyac var: "Fond bəyan edib ki, onlar şəhid və qazi aillələrinin problemlərinin bir çoxunu həll edəcək. Bizim də gözləntimiz bu yöndədir. Onların bu işləri həyata keçirə bilmələri üçün xalqın dəstəyinə ehtiyac var. Fond əhalidən ianələri qəbul edib, həmin vəsaitin hesabına nəzərdə tutduğu işləri görməlidir.
"YAŞAT” Fondu ilk növbədə yardım fəaliyyətini koordinasiya etməyi bacarmalıdır. Bunun üçün insanların inamını, etibarını qazanmaq lazımdır. Bu məqsədlə görülən işləri insanlar görməlidir. Vətəndaşlar görsə ki, Fondun fəaliyyəti bəyan edildiyi kimidir, onda dəstək daha geniş olacaq.
Yardım fəaliyyətinin iş qaydaları var. Onu kimin aparmasından asılı olmayaraq göstərdiyin işi daha çox insan görməlidir, hesabatlı olmalısan və inam yaratmalısan. Bunu edəndə, əhalidən verilən dəstək artır.
Fond ianələrdə kütləviliyi təmin etməlidir. Önəmli olan bir şəxsin çox pul verməsi deyil. Vacib olan daha çox insanın ianə etməsinə nail olmaqdır”.
"Vətəndaş” Maarifləndirmə İctimai Birliyinin sədri, hüquqşünas Günel Səfərova "YAŞAT” Fondunun zərurətdən yarandığını düşünür. Bəzi problemlərin mərkəzləşmiş şəkildə həllinin vacib olduğunu deyən G.Səfərova bu məqsədlə "YAŞAT”ın yaradıldığını vurğuladı.
Onun qənaəticə, Fondun qarşısında dayanan əsas məsələ əhalidə inamın yaradılmasıdır: "Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində müxtəlif təşkilatlar, ictimai-siyasi fəallar orduya və şəhid ailələrinə dəstək kampaniyaları edib. Amma elə problemlər var ki, onlar mərkəzləşmiş şəkildə həll edilməlidir. Çünki həmiş problemlərin həlli çətindir, böyük büdcə tələb olunur. Xüsusilə qazilərin müalicəsi, şəhid ailələrinin evlərinin bərpası, yaşam şəraitlərinin yaxşılaşdırılması çətin işlərdir. "YAŞAT” Fondu bu baxımdan önəmlidir.
"YAŞAT” Fondunun ASAN-nın tərkibində yaradılması onun şəffaflığına güvəni artırır. Çünki ASAN bir model kimi özünü təsdiqləyib. Məsləhət görərdim ki, "YAŞAT” Fondu 44 gün ərzində şəhid, qazi və müharibədə iştirak edən digər hərbçilərin ailələrinə kömək edən, bu iqtiqamətdə böyük təcrübə qazanan şəxslərin, təşkilatların təcrübəsindən faydalansın, hətta həmin şəxsləri də bu prosesə cəlb etsin. Bu, daha effektiv olardı. Ötən dövr göstərdi ki, müstəqil şəxslərə əhalinin güvəni daha çoxdur.
Elə problemlər var ki, Fond təxirəsalınmaz tədbirlər görməlidir. Bəzi insanlara problemləri ilə bağlı dərhal müdaxilə olmalı, müalicə təşkil edilməlidir. Buna görə də "YAŞAT” Fondu daha operativ işləməlidir. Fond hazıda məlumat toplamaqla məşğuldur. Qurum məlumat topladıqdan sonra problemləri həll etmək istəyir. Bu, bəzi məsələlərdə gec qalmağımıza səbəb olacaq. Məsələn, qazilərimizin intiharı göstərdi ki, psixoloji yardımlar göstərilməlidir”.
Siyaətçi, ictimai fəal Bəxtiyar Hacıyev hesab edir ki, "YAŞAT” Fondu yaxın 5-10 il ərzində ölkənin ən önəmli məsələsi ilə məşğul olan bir fond olacaq. "Çünki 30 ilə yaxındır ki, biz Vətən həsrəti çəkirdik”, - deyən Hacıyev söylədi ki, Vətən torpaqlarını bizə qaytaran hərbçilərimiz arasında şəhid olan və yaralananların bəzi problemləri var:
"Onların ailə üzvlərinin təminatı, təhsil, səhiyyə problemlərinin həll olunması dövlətin, onun vətəndaşının ümdə məsələsi olmalıdır. Gözləntim odur k, şəffaf şəkildə şəhid və qazi ailələrinin problemləri operativ şəkildə araşdırılacaq və ən yüksək səviyyədə həll olunacaq”.
Vasif






