Logo

İqtisadiyyatın şəffaflaşdırılmasının büdcəyə təsiri: Son illərin ən yüksək nəticəsi gözlənilir

İqtisadiyyatın şəffaflaşdırılmasının büdcəyə təsiri: Son illərin ən yüksək nəticəsi gözlənilir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
2021-ci ilin dövlət büdcəsində qeyri-neft gəlirlərinin həcminin və payının artırılması proqnozlaşdırılır. Dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektorunun payı 45,8 faizə yüksəlməsi gözlənilir ki, bu da son 4 ilin ən yüksək nəticəsi olacaq.

Ötən il qeyri-neft sektorunun büdcə gəlirlərində payı 42 faiz idi. Mütləq mənada ifadə etsək 2021-ci ildə qeyri-neft sektoru üzrə büdcə gəlirləri 11,651 milyard manat olmaqla 2020-ci ildəki proqnoz göstəricidən 1,517 milyard manat və ya 15 faiz çox olacağı gözlənilir.

Sfera.az bildirir ki, qeyri-neft sektoru üzrə gəlirlərin artmasında vergi gəlirlərinin artması əsas rol oynayacaq. Keçmiş maliyyə naziri, iqtisadçı-ekspert Fikrət Yusifov deyir ki, kölgə iqtisadiyyatının şəffaflaşdırılması istiqamətində həyata keçirilən kompleks tədbirlər vergi yığımlarında nəzərəçarpacaq artımların əldə edilməsinə imkan verir. O xatırlatdı ki, bunun sayəsində hətta 2020-ci ildəki böhran şəraitində vergi yığımlarında müsbət nəticələr əldə edilib:

"2020-ci ilin yanvar-sentyabr dövrünə aid olan məlumatlar göstərir ki, Dövlət Vergi Xidmətinin xətti qeyri-neft sektorundan 4,3 milyard manata yaxın vergi toplanıb. Bu, ümumi vergi yığımlarının 75 faizi deməkdir. Ötən il iqtisadiyyat üçün çətin dövr olmasına baxmayaraq 2019-cu ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektorundan vergi yığımları 320 milyon manatdan çox artıb.

Hesab edirəm ki, bunun əsas səbəbi iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində görülən işlərdir. Artıq üçüncü ildir ki, iqtisadiyyatın şəffaflaşdırılması istiqamətdə tədbirlər görülür. Şəffaflaşdırmanın genişlənməsinə vergi yükünün azaldılması şərait yaratdı. Az vergi yükü olan biznes qanunsuz fəaliyyətdənsə, qanuni, şəffaf fəaliyyətə üstünlük verir. Bunun sayəsində daha çox vergi ödəyiciləri aşkarlanır və ya yeniləri yaranır”.

F.Yusifov söylədi ki, bu proses 2021-ci ildə də davam edəcək və vergi yığımlarında müsbət dinamika qorunacaq.

İqtisadçı-alim Əli Əlirzayev də hesab edir ki, son illərdə vergi yığımlarının artmasında iqtisadiyyatın şəffaflaşdırılması mühüm rol oynayıb.

"Qeyri-neft sektorunda son illərdə aparılan islahatlar nəticəsində gizli iqtisadiyyatın miqyası kiçilir”, - deyən Ə.Əlirzayevin fikrincə gizli iqtisadiyyat aşkarlığa çevrildikcə, maliyyə aşkarlığı təmin edildikcə, faktiki dövriyyənin daha çox hissəsindən vergi tutmaq olur. O aparılan islahatlar nəticəsində vergitutma bazasının da genişləndiyini qeyd etdi:

"Son illərdə aparılan islahatlarda əsas məqsəd vergi yükününün artırılması yox, vergi bazasının genişləndirilməsidir. Mövcud vəziyyət vergi yükünün azaldılmasını, əvəzində vergi bazasının genişləndirilməsini tələb edir. Vergi yükü azalanda stimul yaradır, istehsalı artırır. Vergi yükü yüksək olduqda bəzi sahibkarlar fikirləşir ki, istehsalı artırmağın, əlavə sərmayə qoymağın faydası yoxdur, çünki gəlirin önəmli hissəsi vergiyə gedəcək. Vergi yükü ağır olanda investisiya qoyuluşunu artırmaq çətinləşir.

Son illərdə vergi yükünün azalması, vergitutma bazasının genişləndirilməsi hesabına yığılan vergilər artıb. Bu siyasətin sayəsində düzgün, yaxşı nəticələr əldə edilir, daha çox vergi yığılır”.

İqtisadçı-alim düşünür ki, 2021-ci ildə də iqtisadiyyatın qaranlıqda qalan hissəsinin aşkarlanması, eyni zamanda dövriyyənin artması hesabına qeyri-neft sektoru üzrə vergi gəlirlərində ciddi artım olacaq. O hesab edir ki, bu cür müsbət tendensiyalar qorunmalıdır və bunun səmərəli tərəflərindən həm dövlət, həm də sahibkarlar bəhrələnəcək.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR