“Bu, açıq təxribatdır...” – İsrail bayrağının yandırılması olayına REAKSİYA
"Təxribat Azərbaycana qarşı yönəlib və iki ölkə arasında münasibətlərə xələl gətirməyə hesablanıb”.
Bu sözləri Sfera.az-a açıqlamasında dua oxunaraq, İsrail bayrağını yandırmasını əks etdirən təxribatçı videonun guya Gəncədə çəkildiyinin hansı məqsəd daşıdığı barədə sualı cavablandırarkən politoloq Elxan Şahinoğlu deyib:
"Azərbaycanda 10 milyon vətəndaş yaşayır. Aydındır ki, içimizdə hansısa təxribatçılar da ola bilər. Onlar iki ölkə arasında münasibətlərə zərər vurmaq üçün bu kimi olaya, təxribata əl atıblar. Təəssüf ki, bir çoxlarımız da həmin an belə təxribatlara inanırıq. Halbuki, təxribat başqa yerdə baş verib, onun Gəncə şəhərinə heç bir aydiyyatı yoxdur. Bu sayaq təxribatlar hər zaman olub”.
Həmsöhbətimiz düşünür ki, bu kimi təxribatlara qarşı diqqətli davranmalıyıq:
"Bununla Azərbaycana problemlər yaşatmağı düşünüblər. Belə hallara nəzarət etmək çətindir. Çünki internet dövrüdür. İstənilən təxribatçı bunu yaya və bir qrup insanı buna inandıra bilər. Ona görə də diqqətli olmalı, belə təxribatların qarşısını anında almalıyıq. Əsas odur ki, insanlara təxribatın mahiyyətini doğru izah edə bilək”.
Elçin
Sfera.az






