Ermənistanın başı bəladadır: Mülki vətəndaşlarımıza edilən 11 hücum sənədləşdirildi – FOTO
Sfera.az-ın məlumatına görə, HRW-nin son hesabatında deyilir ki, noyabr ayında Azərbaycanda aparılan araşdırmalar zamanı, erməni qüvvələrinin ballistik raket, idarəolunmayan artilleriya mərmiləri və iri çaplı top mərmilərindən istifadə etməsiylə ilə bağlı 11 hadisəni sənədləşdirib.
"Erməni qüvvələri müharibə qanunlarını pozaraq, əhalisi olan şəhər və kəndlərə dəfələrlə raket, idarəolunmayan raket və ağır artilleriya mərmiləri ilə zərbələr endiriblər", - Human Rights Watch təşkilatının nümayəndəsi deyib.
Bu, təşkilatın İkinci Qarabağ müharibəsi ilə əlaqədar yaydığı ilk hesabat deyil. Human Rights Watch 23 oktyabrda Azərbaycanın Dağlıq Qarabağda qadağan olunmuş klaster bombasından istifadə etdiyini, 30 oktyabrda isə Ermənistanın Bərdəyə hücumda qadağan olunmuş klaster bombasından istifadə etdiyini deyib.
Bundan sonra Azərbaycan rəsmiləri bildirib ki, Azərbaycan qadağan olunmuş silahlardan istifadə etmir və mülki şəxslərə hücum etmir.
Təşkilatın Avropa və Orta Asiya üzrə direktoru Hugh Williamson-a əsasən, altı həftəlik müharibə dövründə təkrarlanan belə hücumlar mülkilərin həyatını və evlərini qanunsuz olaraq dağıdıb və belə hallar "qərəzsiz şəkildə" araşdırılmalıdır.
Hesabat hazırlanarkən Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan və Tərtər üzərinə zərbə halları araşdırılılıb.
Erməni hücumları mülki itkilərə səbəb olmaqla yanaşı, evlərə, müəssisələrə, məktəblərə və bir tibbi klinikaya ziyan vurub, kütləvi köçkünlüyə səbəb olub, hesabatda deyilir.

HRW təşkilatının baş çəkdiyi bölgələrin sakinləri bir çox insanın, xüsusilə qadın və uşaqların daha təhlükəsiz bölgələrə qaçmalı olduğunu deyiblər.
"Erməni qüvvələri Azərbaycanın şəhər, qəsəbə və kəndlərinə çox dağıdıcı və qeyri-dəqiq silahlar atıblar," - Hugh Williamson deyir. Onun sözlərinə görə, bölgə "illərdir davam edən amansız münaqişəni" nə vaxtsa arxada qoymaq istəyirsə, hər iki tərəfdə bu və ya digər müharibə qanunlarının pozulmasına görə cavabdehlik kritik əhəmiyyətə malikdir.
Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğu noyabrın sonunda mülkilər arasında itkilərin sayını açıqlayıb.
"Ermənistanın təcavüzü nəticəsində ümumilikdə 98 nəfər həlak olub, 414 nəfər xəsarət alıb. Belə ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 93 nəfər həlak olub, 410 nəfər yaralanıb. Minaya düşərək həlak olan dinc sakinlərin sayı 5-ə, xəsarət alanların sayı isə 4-ə çatıb", - 30 noyabrda prokurorluğun yaydığı məlumatda deyilib.






