Azərbaycanın Avropa Birliyi ölkələri ilə gələcək münasibətləri necə olmalıdır? - RƏYLƏR
"İnciyib kənara çəkilmək lazım deyil, əksinə, daha sıx əməkdaşlığa getməliyik”.
Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycanın Avropa Birliyi ilə bundan sonrakı münasibətlərinin necə olacağına aydınlıq gətirərkən ReAL-ın icra katibi Natiq Cəfərli deyib:

"Azərbaycanın ən böyük ticarət tərəfdaşı və investorları qismində məhz Avropa Birliyi ölkələri çıxış edir. Ona görə də bu quruma daxil olan ölkələrlə daha sıx əməkdaşlıq etməliyik. Hansı ölkələr ki, Azərbaycanla daha sıx münasibət qurur, onlarla siyasi, iqtisadi və sosial münasibətlərin genişləndirilməsinə ehtiyac var”.
Həmsöhbətimiz qeyd etdi ki, Azərbaycanın haqq işində dəstək verən bəzi AB ölkələrinə hətta bir sıra iqtisadi layihələrdə üstünlük verə bilərik:
"Ölkəmizə dəstək olmayan ölkələrlə bağlı isə vəziyyət bir qədər fərqlidir. Ümumilikdə Azərbaycanla AB münasibətləri bundan sonra əksinə daha sıx olmalıdır. Geniş inteqrasiyaya getməliyik. Çünki Azərbaycanın yaxın gələcəkdə görəcəyi mühüm işlər var. Daha çox investisiya cəlb etməliyik. Habelə bərpa olunan ərazilərimizlə bağlı Ermənistana qarşı təzminat davamız olacaq. Burada AB ölkələrinin mövqeyi çox vacibdir. İnciyib kənara çəkilməkdənsə, əksinə daha sıx əməkdaşlığa getməliyik. Bunu xeyri daha çoxdur.”
"Məsələyə birmənalı yanaşmamalıyıq”

Bu fikirləri isə Milli Məclisin deputatı Asim Mollazadə söyləyib: "Azərbaycan AB ilə əməkdaşlığını təbii ki, davam etdirəcək. Ölkəmiz AB ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycanın yaratdığı strateji nəqliyyat sistemi bir çox AB ölkələrinin marağına uyğundur. Ölkəmizin apardığı müharibə zamanı bəzi AB ölkələrinin Azərbaycana dəstək verməməsinə gəldikdə, bu təzahürü yaradanlar Avropadakı erməni diaspor təşkilatlarıdır.
Onlar korrupsiyaya uğramış bəzi siyasətçilərdən istifadə edərək, Azərbaycana qarşı müəyyən bəyanat səsləndirdilər, qətnamələr qəbul etdirdilər. Avropada həmçinin rasizm, islamfobiya artmaqdadır. Amma ümumi olaraq Azərbaycan AB ilə münasibətlərin inkişafında maraqlıdır. Bir sıra ölkələrlə ciddi iqtisadi münasibətlərimiz var. Ona görə də bu məsələyə birmənalı yanaşmaq lazım deyil. Erməni diasporasının fəaliyyətilə AB-nin ümumi siyasətini fərqləndirmək lazımdır”.
"Dost qazanmaq barədə düşünməliyik”

Bu fikirlər isə ictimai-siyasi xadim Bəxtiyar Hacıyevə məxsusdur: "Azərbaycanın apardığı azadlıq müharibəsi dövründə bəzi Avropa ölkələri tərəfindən ölkəmizə qarşı səsləndirilən fikirlər əsasən parlamentlər səviyyəsində olub. Bunu da başa düşmək olar. Çünki erməni lobbisi uzun illərdir, Avropada mütəşəkkil qaydada işləyir. Ermənilər Avropadan olan bəzi siyasətçilərə maddi və ya texniki dəstək verməklə onları müəyyən qədər öz tərəflərinə çəkməyi bacarıb”.
Bununla belə həmsöhbətimiz hesab edir ki, parlamentlər səviyyəsində ölkəmizə qarşı səsləndirilən fikirlər Azərbaycanın AB ilə münasibətlərinə təsir etməməlidir:
"Əsas olan dövlətlərin rəsmi mövqeyidir. Bütün dövlətlər, o cümlədən Fransa rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu təxribatçı bəyanatlarla Azərbaycanla AB arasında münasibətləri pisləşdirməkdənsə, dünyanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımızla yenidən peşəkarcasına lobbi işini qurmalıyıq. Yəni, həmin ölkələrin parlamentariləri, hökumətlərilə daha yaxın əlaqələr formalaşdırmalıyıq”.
Elçin
Sfera.az






