“Rusiya Paşinyanı hakimiyətdə saxlayacaq, Vazgen Manukyan isə nağıl danışır...” - AÇIQLAMA
"Bu şəxs sayıqlayır”.
Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistan müxalifətinin baş nazirliyə vahid namizədi Vazgen Manukyanın iqtidara gələcəyi təqdirdə Türkiyəyə qarşı ittifaq yaradacağı barədə fikirlərinə münasibət bildirərkən politoloq Zərdüşt Əlizadə deyib:

"Vazgen Manukyanın baş nazir olacağına inanmıram. Əminəm ki, Paşinyan hakimiyyətini saxlayacaq. Rusiya Paşinyanı tamamilə simasızlaşdırdıqdan sonra indiki baş naziri dəyişmək onun da marağında olmayacaq. Çünki Ermənistanda baş nazir dəyişsə üçtərəfli bəyanatın qanuniliyi də müəyyən mənada sual altına alına bilər”.
Politoloq hesab edir ki, Rusiya üçün istəklərlə imkanları arasında uyğunluq olmalıdır: "1,5-2 milyonluq Ermənistan 80 milyonluq Türkiyəyə qarşı heç nədir. Xüsusən də Qarabağ müharibəsində məğlubiyyət fonunda ordusu darmadağın olan Ermənistan Türkiyəyə qarşı heç nə edə bilməyəcək.
Hətta yunan Kipri, Yunanıstan, Misir və Səudiyyə Ərəbistanı ilə əlbir olsalar da, onlardan heç biri Türkiyə ilə ciddi qarşıdurmaya getməyə hazır deyil. Çünki özlərinin və Türkiyənin hansı gücdə olduğunu gözəl bilirlər. Vazgen Manukyan artıq vurulmuş kartdır”.
"Heç kim risk edib Türkiyəyə qarşı blok yaratmaz”

Bunu isə sayta açıqlamasında Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu söyləyib: "Manukyan sadəcə hakimiyyətə gəlmək üçün nağıl danışır. Dünyada Türkiyəyə qarşı yönələn blok yoxdur. Hər hansı dövlətin, Fransa və Yunanıstanın onunla münasibəti gərgin ola bilər. Amma heç kim risk edib Türkiyəyə qarşı blok yaratmaz. Çünki Türkiyə bölgənin aparıcı dövlətidir. Kiçik Ermənistanla isə ümumiyyətlə heç kim hesablaşmır”.
Elçin
Sfera.az






