Logo

“Alov Qüllələri ilə İrəvandakı boz binaları müqayisə etmək kifayətdir ki...” – Rus iqtisadçı

“Alov Qüllələri ilə İrəvandakı boz binaları müqayisə etmək kifayətdir ki...” – Rus iqtisadçı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyalı iqtisadçı, sosioloq və siyasətçi, İqtisad elmləri doktoru, postsənaye cəmiyyətinin Tədqiqatlar Mərkəzinin direktoru Vladislav İnozemtsev Azərbaycana məğlub olan Ermənistanla bağlı yazı yazıb.

Sfera.az Rusiya mətbuatında dərc edilmiş məqaləni təqdim edir:

Yaxın günlərdə Vladimir Putinin vasitəçiliyi ilə Nikol Paşinyanla İlham Əliyev arasında bağlanmış sazişə əsasən, 1994-cü ildən  Ermənistanın nəzarətində olan Kəlbəcər, Ağdam və Laçın bölgələri Azərbaycana qaytarılmalıdır. Əksər KİV-lərin yazdığı kimi, bu addımın arxasında necə böyük bir insan faciəsinin dayandığını təsəvvür edirəm. Türkiyənin münaqişədəki iştirakının və Rusiyanın neytal mövqe tutmasının Ermənistanın hərbi məğlubiyyətində əhəmiyyətli rol oynaması fikri ilə də razılaşa bilərəm. Amma  mənə elə gəlir ki, bu yaxınlarda sona çatmış ikinci Qarabağ müharibəsinin nəticələrini təhlil edən analitiklərin çoxu qəsdən bu kontekstdə Ermənistanın daxilində gedən proseslərin inkişafına toxunmaqdan çəkinirlər və  sözügedən problemi az qala  sivilizasiyaların toqquşması və ya ən azından  ciddi geosiyasi münaqişə səviyyəsinə qaldırırlar.

Bu arada, beynəlxalq səviyyədə tanınmış sərhədləri xaricində müharibə aparan və bitişik əraziləri uzun müddət saxlayan ölkə  həm iqtisadi, həm  siyasi, həm də hərbi cəhətdən böyük potensiala malik olmalıdır.

Ermənistanı tez-tez İsraillə müqayisə edirlər. Ancaq iki ölkə arasında böyük fərqliliklər də var. Mən bu iki ölkə arasındakı ən böyük fərqi iqtisadiyyatda görürəm - 1960-cı ildə İsrailin ÜDM-i qonşu ölkələrin (Misir, Suriya və İordaniya) ümumi ÜDM-nin 52% -ni təşkil edirdisə, 2019-cu ildə artıq 116% idi. Ermənistanda isə  eyni rəqəmlər (Azərbaycan və Türkiyə ilə müqayisə edildikdə) 1990-cı ildə 1,4 % , 2019-cu ildə isə 1,5% idi. Hərçənd, İsrail əhalisinin sayı qonşu dost olmayan ölkələrin sakinlərinin sayına nisbətdə, erməni göstəricisindən cəmi iki dəfə çoxdur (3,22% -ə qarşı 7,11%), amma İranı da yəhudi dövlətinin düşmənləri sırasına qatsaq, praktiki olaraq rəqəm eyni olacaq. Bununla belə, düşmənlərlə əhatə olunmuş və təbii sərvətlərə sahib olmayan İsrail, həm öz əhalisinin, həm də diasporunun potensialından demək olar ki, ideal şəkildə istifadə edən, ən müasir silahlar istehsal edən (red. dünyada 10-cu ən böyük silah ixracatçısı  məhz İsraildir) yüksək innovasiyalı, qloballaşan iqtisadiyyata malik ölkəyə çevrildi.

Bu fonda Ermənistan tamamilə fərqli görünür: yaxşı diaspora malik bu ölkə keçmiş Sovet İttifaqının ən yoxsul respublikalarından biri olaraq qalır; respublikada praktik olaraq yeni istehsal müəssisələri yaradılmır; işçi qüvvəsinin 20% -i kənd təsərrüfatında çalışır; ölkənin heç bir  tranzit yola yaxınlığı yoxdur  və ümidini müttəfiqlərinin müdafiə qabiliyyətini təmin edə bilməyən Rusiya dövlətinə bağlayıb (keçmiş SSRİ  və Rusiya istehsalı olan silahlarla aparılan müharibələrin müxtəlif dövrlərdə və fərqli qitələrdə necə uduzulduğunu xatırlamaq kifayətdir). Uğurlu, qloballaşan iqtisadiyyatı olan dövlətlərdən fərqli olaraq, Ermənistan, rəsmi iqtisadi statistikası yalnız erməni dilində əlçatan olan, bununla belə, beynəlxalq əməkdaşlığın inkişafına ümid bəsləyən bir dövlətdir.  İrəvanla  Bakıya nəzər salmaq, Alov Qüllələri ilə  Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini İrəvandakı boz binalarla müqayisə etmək  kifayətdir ki, iki ölkədən hansının inkişaf etdiyini, hansınınsa yerində saydığını anlayasan.

Ermənistanın Rusiya ilə ticarət əlaqələri Qırğızıstanı cüzi üstələyir. Ötən il ölkəyə daxil olan xarici investisiyalar 255 milyon dollar təşkil edib ki, bu da mühacirətdə yaşayan ermənilərin köçürmələrindən altı dəfə azdır.  Bununla belə, ölkə  iqtisadiyyatının inkişafı üçün vacib olan xarici (təbii ki, Rusiya nəzərdə tutulmur!) kapitala deyil, dünya biznesi üçün cazibəli olan hansısa ofşor maliyyə-investisiya mərkəzlərinin yaradılmasına xüsusi ümidlər bəslənir. Zənnimcə, Ermənistanda turizm sektorunun inkişafı haqda danışmaq  ümumiyyətlə yersizdir, çünki ölkə əyalətindəki vəziyyət, şəhərlərin  görünüşü heç də ürəkaçan deyil.

Ümid edirəm ki, Azərbaycanla müharibədəki məğlubiyyəti Ermənistan üçün yeni bir mərhələyə yol açacaq və ölkənin inkişafı üçün real imkanlar yaranacaq. Tarixə rəqabətə dayanıqlığı  və zəngin təbii sərvətləri ilə seçilməyən ölkələrin, epik hərbi-siyasi fəlakətlərdən sonra iqtisadi və texnoloji liderlərə çevrilməsinə dair bir çox nümunə məlumdur: Yaponiya, Almaniya, Koreya, Tayvan və hətta İsrail. 37 il öncə bir hissəsi Türkiyənin olan Kipr belə, bundan sonra geridəqalmış kənddən beynəlxalq səviyyədə tanınmış təhsili, keyfiyyətli səhiyyə və əla infrastruktura malik , dinamik inkişafda olan  bir ölkəyə çevrilmək üçün özündə güc tapdı.

Bu gün ətrafımızda baş verən prosesləri ayıq başla saf-çürük edərək  qəbul etməliyik ki,  hətta 21-ci əsrdə də müharibələr siyasi mübahisələrin həlli üçün bir vasitə olaraq qalır və beynəlxalq hüquq (hərçənd ki, ermənilərin beynəlxalq hüquqa istinad etməsi o qədər də inandırıcı görünmür) heç də həmişə  münaqişənin həllinə kömək edə bilmir. Bütün bunlar günümüzün  kədərli reallığıdır.

Mənbə: Exo Moskvı

Tərcümə: Selcan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR