Naxçıvana quru yolunun açılması ölkəmizi İran qarşısında güclü edəcək - AÇIQLAMA
"Naxçıvana quru yolun açılması Azərbaycana İranla müxtəlif məsələlər üzrə danışıqlarda imkanlar tanıyacaq”.
Sfera.az-a açıqlamasında bu sözləri "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib:

"Naxçıvana quru yolun açılması üstünlüyümüzün açıq-aşkar göz qabağında olduğunun işarəsidir. İllərdir arzulayırdıq ki, Naxçıvana dəhliz açılsın və soydaşlarımız hava nəqliyyatı ilə yanaşı, quru yolu ilə də həmin əraziyə gedib-gələ bilsin”.
Politoloq bildirir ki, qələbəmiz bölgədə mövqeyimizi hərtərəfli gücləndirəcək:
"Bu hal Azərbayanın İranla əlaqələrində mövqeyinin güclənməsinə səbəb olacaq. Belə ki, İran öz ərazisindən quru yolu verməklə Azərbaycanın bəzi digər məsələlərdə əl-qolunu bağlaya bilərdi. İndi isə Azərbaycan İranla danışıqlarda qonşu ölkəni bu təsir imkanından məhrum etmək imkanı qazanır. Bu da ölkəmizin xeyrinədir”.
Bununla belə həmsöhbətimiz yaxın gələcək üçün narahatlığını da bölüşüb:
"Sözügedən dəhlizi Rusiya qüvvələri qoruyacaq. Sual yaranır, sülhməramlılar Qarabağdan çıxarılsa, Naxçıvanla Azərbaycanın materik hissəsini birləşdirən koridorun taleyi necə olacaq, rus sülhməramlıları oradan da çıxacaqmı? Belə olarsa, həmin yolun təhlükəsizliyinə kim məsul olacaq? Bu məsələ açıq qalır”.
Elçin
Sfera.az






