NATO Çavuşoğlunun çağırışına necə reaksiya verəcək? – Politoloqdan açıqlama
"NATO tərəfindən belə bir addımın atılacağını gözləmirəm”.
Sfera.az-a açıqlamasında bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun NATO Baş katibi Yens Stoltenberqlə birgə keçirdiyi brifinqdə qurumun Ermənistana Azərbaycan torpaqlarından çıxması üçün çağırış etməsi haqda təklifinə münasibət bildirərkən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib:
"Türkiyə NATO üzvü olsa da, qurumun rəhbərliyi qardaş ölkənin bu çağırışına müsbət cavab verməyəcək. NATO-nun Türkiyənin çağırışına rəğmən Ermənistana Azərbaycanın işğal edilmiş torpaqlarından çıxmaqla bağlı hər hansı çağırışda bulunacağına inanmıram. Bu hal gözlənilmir”.
E.Şahinoğlu qeyd etdi ki, bu günə qədər digərləri kimi NATO da ancaq bir istiqamətdə çağırış edib ki, bu da atəşkəsə əməl edilməsindən ibarətdir:
"NATO və digər böyük dövlətlərin bu günə qədər münaqişə ətrafında ancaq bir çağırışı olub. O da ondan ibarətdir ki, atəşkəs rejiminə əməl edilsin və masa arxasında otursunlar. İndiki halda isə bu mümkün deyil. Ermənistan öz qoşunlarını Azərbaycan ərazisindən çıxarmayınca, bu şərt yerinə yetirilməyincə atəşkəs də mümkün deyil, danışıqlara başlamaq da həmçinin.
Belə vəziyyətdə danışıqlara başlanılsa Ermənistan yenə də köhnə qayda ilə hərəkət edərək prosesi uzatmağa çalışacaq. Bu tələyə düşməməliyik. Türkiyə NATO dövləti olaraq quruma belə bir çağırış edib. Ancaq bilirəm ki, NATO buna getməyəcək. Onu da nəzərə alaq ki, NATO Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. NATO Parlament Assambleyası tərəfindən dəfələrlə Azərbaycanın xeyrinə sənədlər qəbul olunub.
Ona görə də Türkiyə Xarici İşlər nazirinin NATO baş katibinə etdiyi bu çağırış tam yerindədir. Sadəcə düşünmürəm ki, NATO indiki halda Ermənistana çağırış edib işğala son qoymasını tələb etsin. Bu baş verməyəcək. NATO hələ də gözləmə mövqeyi tutmağa meyllidir”.
Elçin






