Peşəkar orduya keçid – Ekspertlər bu haqda nə düşünür?
"İstərdim belə olsun, amma müharibə amili bu barədə açıq ürəklə danışmağıma imkan vermir”.
Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycan Ordusunun müqaviləli əsasda peşəkar orduya keçidinin vacibliyi barədə səslənən fikrlərə münasibət bildirərkən ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli deyib:
"Adından da göründüyü kimi, hər kəs istər ki, onun ordusu peşəkarlardan ibarət olsun.Adətən peşəkar ordu sistemində çağırış kampaniyasına son qoyulur. Peşəkar orduda əsgər maaş alır. Xidmət dövründə Almaniyada olarkən bu ölkənin polkovniklərindən biri dedi ki, heç zaman peşəkar orduya keçməyin, nə edirsiz edin, amma çağırış sistemini ləğv etməyin. Çünki müharibə şəraitində bu sistemin ləğvi baha başa gələ bilər”.
Həmsöhbətimiz peşəkar orduya keçidin tərəfdarı olsa da bu məsələdə tələsməməyi vacib sayır: "Bu böyük maliyyə tələb edir. Həmçinin, müharibə şəraitində yaşayan ölkə üçün 2-3 qat baha başa gələn bir prosesdir. Bununla belə Azərbaycan Ordusunda həmin istiqamətdə ciddi addımlar atılıb. Hərbi texnikaların komandirləri peşəkar əsgərlərdən ibarətdir.
Tam olaraq peşəkar orduya keçmək məsələsinə gəldikdə, tərəfdarı olsam da, müharibə şəraitində yaşayan ölkə üçün bunun o qədər də uğurlu təcrübə olduğunu düşünmürəm.Çünki əsgər də lazımdır və əsgər ordusu döyüş tapşırığını yerinə yetirərkən təlimsiz o heç bir halda cəbhəyə yollanmır. Yəni, müharibə amili tam olaraq peşəkar orduya keçməyin tərəfində olmağa maneə olur. Ona görə də səfərbərlik kampaniyasını heç bir halda ləğv etməməliyik”.
"Ehtiyac var, amma hələlik tezdir”.
Bunu isə sayta açıqlamasında hərbçi ekspert Rahib Qərib dedi:
"Ordumuzun peşəkarlardan təşkil olunmasına ehtiyac var. Bu istiqamətdə işləri daha səmərəli görə bilərik. Amma ətrafımızda, regionumuzda bununla bağlı hər hansı bir ciddi iş aparılmır deyə, Azərbaycanda da hələlik ona keçmək tezdir. İkinci bir tərəfdən, çağırış əsasında formalaşan ordumuz bu gün olduqca yüksək səviyyədə peşəkar bir orduya çevrilib. Azərbaycan əsgəri dünyada əmrə tabe olan, nizam-intizamı qoruyan ən peşəkar əsgərlər sırasında yer alır”.
"Hazırkı vəziyyət qənaətbəxşdir, gələcəkdə baxıla bilər”.
Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşiroğlu belə düşünür:
"Azərbaycan davamlı olaraq hərbi qüvvələrini modernləşdirir. Bu modernləşmə də ən müxtəlif istiqamətlərdə gedir. Xüsusən də ordunun şəxsi heyətinin peşəkarlığının yüksəldilməsi və hərbi texniki təchizat istiqamətlərini qeyd etmək lazımdır.Müqavilə əsasında ordunun təşkilinə gəldikdə, hesab edirəm ki, Azərbaycan Silahlı Qüvvələri kifayət qədər yüksək peşəkarlığa malik bir ordudur.
Ordumuz dünyanın ən aparıcı 50 ordusu sırasında yer alıb. Bir sıra indekslərə görə Azərbaycan ordusu gücünə görə 138 ölkə arasında 63-cü yerdə qərarlaşıb. Bu göstəricilər onu qeyd etməyə əsas verir ki, ordumuz indiki şərtlər daxilində də yüksək peşəkarlığı ilə seçilən bir ordudur.Təbii ki, modernləşmə prosesində gələcəkdə ola bilsin, müqavilə əsasında hərbi xidmət məsələsi diqqətə alınsın”.
"Müharibə vəziyyətində olduğumuzdan...”
Milli Məclisin deputatı, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə də ordumuzun müqavilə əsasında formalaşmasının hələlik tez olduğu qənaətindədir:
"Azərbaycan Ordusu qismən onsuz da peşəkar ordudur. Ayrı-ayrı peşələr, ixtisaslar, vəzifələr üzrə müddətdən artıq qulluq edən hərbi qulluqçularımız var. Yəni, ordumuzun gələcəkdə tam peşəkar orduya çevrilməsi istiqamətində böyük işlər görülür. Amma müharibə vəziyyətində olduğumuzdan, çağırışçıların hamısının hərbi qulluqdan keçməsinə böyük ehtiyac var.Müharibə bitəndən, qonşu dövlətlərlə sülh münasibətləri yarandıqdan sonra isə tam müqavilə əsasında peşəkar orduya keçilməsi məsələsinə baxıla bilər”.
Elçin






