Əhalinin kreditlərinə təminat verilməlidir, borc böhranı yarana bilər - TƏHLİL
Koronavirus pandemiyasının yaratdığı arzuedilməz vəziyyətdən əhali də əziyyət çəkir. Pandemiyanın qarşısının alınması üçün karantinin tətbiq edilməsi onminlərlə iş yerinin bağlanmasına və burada çalışanların işsiz qalmasına səbəb olub. Əmək fəaliyyəti rəsmi müqavilə üzrə tənzimlənən işçilər belə vəziyyətdə maliyyə itkisi ilə üzləşmirlər. Onlar əvvəl olduğu kimi stabil şəkildə maaşlarını ala bilirlər. Yalnız orta aylıq maaşdan yüksək əmək haqqı alanlar aylıq məvaciblərini tam ala bilmirlər. Yüksək maaşı olan şəxslərə ölkə üzrə orta aylıq maaşdan (720 manat) artıq olan hissə ödənilmir.
Sfera.az xatərladır ki, artıq Maliyyə Nazirliyi karantin səbəbilə bağlanan iş yerlərinə əmək haqlarının ödənilməsi üçün vəsaitin ayrılmasına başlayıb. İlkin olaraq 6 minə yaxın sahibkarın bank hesablarına pul köçürülüb. Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi İqtisadiyyat Nazirliyinin təqdim etdiyi sifarişlər əsasında pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının ödənilməsi üçün 1 983 vergi ödəyicisinə 3 milyon 652 min manat, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 2 560 fərdi (mikro) sahibkara isə 2milyon 948 min manat vəsaiti onların müvafiq bank hesablarına köçürüb.
Bundan əvvəl, 9 aprel tarixində Maliyyə Nazirliyi tərəfindən ilk tranş da nəzərə alınmaqla, bu günkü tarixə 5 752 vergi ödəyicisinə umumilikdə 8 milyon 939 min manat həcmində maliyyə dəstəyinin göstərilməsi təmin edilib.
Pandemiyadan hazırda ən böyük çətinliyi günəmuzd işləyənlər və əmək haqqı gəlirləri tam və ya qismən rəsmiləşdirilən şəxslər çəkir. Həmin şəxslər heç bir gəlir əldə edə bilmədiyindən həm gündəlik xərclərini, həm də digər öhdəliklərini ödəmək imkanından məhrum olublar. Bunların arasında ən pis vəziyyətə düşənlər isə kredit borcu olanlardır.
Məlumatlara əsasən hazırda 1 milyondan artıq insanın və ya ailənin kredit borcu var. Bu insanların bir qismi məhz rəsmi gəliri olmayan, yaxud gəliri tam göstərilməyən sahələrdə çalışan şəxslərdir. Onların özlərindən asılı olmayan səbəblərdən üzləşdikləri ağır vəziyyətin həlli üçün kredit borcu olan ailələrə də maliyyə dəstəyinin göstərilməsi və ya kredit ödənişində tətilin verilməsi vacibdir. Karantin tətbiq edən ölkələrin bir çoxunda kredit borcları üzrə aylıq ödənişlərin təxirə salınması təcrübəsindən istifadə edilir. Belə ölkələrə misal kimi Türkiyəni, Polşanı, Rusiyanı, Qazaxıstanı göstərmək olar. Bu ölkələrdə əhali tərəfindən götürülən kredit borcunun ödənilməsi 2-3 ay müddətin təxirə salınıb.
Əhalinin götürdüyü kredit borcunun böyük hissəsi istehlak kredit olması vəziyyəti ağırlaşdıran digər haldır. Məlumdur ki, kreditlər təyinatına görə biznes və istehlak kreditlərinə bölünür. Biznes krediti götürənlər aldıqları borcla gəlir əldə edirlər. Bu səbəbdən onların həmin borcu qaytarması çətinlik yaratmır. Biznes krediti onların gəlirini artırır və hər ay ödənilən məbləğ ailələrin üzərində əlavə maliyyə yükünə çevrilmir.
İstehlak kreditlərində isə vəziyyət başqa cürdür. Bu növ kreditləri gəlir əldə etmək üçün yox, xərci artırmaq məqsədilə alırlar. Buna görə də istehlak kreditlərini gəliri sabit olmayan, aylıq xərcləri yüksək olan şəxslərin götürülməsi məqbul hesab edilmir. Buradan irəli gələrək banklar istehlak krediti götürənlərin gəlirlərinə, onun qaytarılma imkanlarına xüsusi diqqət ayırır.
İndiki karantin dövründə istehlak krediti götürənlərin vəziyyəti özlərindən asılı olmayan səbəblərdən pisləşib. Həmin insanların gəliri ən yaxşı halda gündəlik zəruri xərclərin ödənilməsinə çatır. Bu insanların gündəlik xərclərindən başqa həm də kredit borcunu ödəməsi onların maddi vəziyyətini acınacaqlı hala sala bilər.
Kredit götürənləri narahat edən digər məsələ kredit tarixçəsinin pisləşmə ehtimalıdır. Krediti qaytara bilməyənlərin kredit tarixçəsi pisləşir və bununla da həmn şəxslərin növbəti kreditləri götürmək imkanları məhdudlaşır.
Əhalinin götürdüyü istehlak kreditlərinin mənfi təsirlərindən insanların qorunması üçün dövlət biznes kreditlərinin sahiblərinə dəstək, zəmanət verdiyi kimi istehlak krediti götürənlərə də zəmanət verməlidir. Rəsmi statistikaya əsasən, əhalinin banklardan aldığı kreditlər üzrə borcu martın 1-də 6,86 milyard manat olub. Bunun 0,68 milyard manatı biznes, 6,18 milyard manatı istehlak krediti təşkil edib. Kreditlərin 5,523 milyard manatı uzunmüddətlidir, yəni 1 ildən artıq müddətə ayrılıb.
Banklara kredit borcu olanların 45 faizini məhz əhalinin aldığı kreditlər formalaşdırıb. Buna görə də əgər əhali kredit borcunu ödəyə bilməsə, sadəcə özü yox, həm də banklar və onların vasitəsilə gəlir əldə edənlər də çətinliklə üzləşəcək. Bunun baş verməməsi üçün hökmən dövlət əhalinin də aldığı kreditlərə təminat verməli, banklara müəyyən məbləğdə maliyyə dəstəyi göstərilməli və aylıq ödəniş ən azı 2 ay müddətinə təxirə salınmalıdır.
Onu da nəzərə alaq ki, karantin müddətinin aprelin 20-də başa çatması ehtimalı azdır və böyük ehtimalla müddət bir qədər də uzadılacaq. Müddətin uzanması işsiz vətəndaşların öz öhdəliklərini yerinə yetirməsini bir qədər də çətinləşdirəcək və bu, ölkədə ciddi borc böhranı yarada bilər.
Vasif
Sfera.az






