Logo

Neftin bahalaşacağına dair ümidlər zəifləyir - TƏHLİL

Neftin bahalaşacağına dair ümidlər zəifləyir - TƏHLİL
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

OPEC+ formatı çərçivəsində əməkdaşlıq edən ölkələr gündəlik hasilatı 9,7 milyon barel azaltmaq haqqında razılaşmanı bəyan etdikdən sonra neft qiymətləri nəinki artmadı, əksinə xəbərin yayılmasının ardından kəskin ucuzlaşdı. Bazarın OPEC+ ölkələrinin əldə etdiyi razılaşmaya belə reaksiya verməsi ondan xəbər verir ki, yeni şərtlər də neftin bahalaşması üçün yetərli deyil. Bazar indiki vəziyyətdə neftin bahalaşması üçün hasilatın daha çox azaldılmasını gözləyirdi. Əgər bu, baş verməyəcəksə, neftin bahalaşmasına dair ümidlər zəifləyəcək.

Sfera.az xatırladır ki, OPEC+ ölkələri arasındakı razılaşma 3 mərhələlidir. Razılaşmaya görə birinci mərhələ may-iyun aylarını əhatə edəcək. Bu müddət ərzində OPEC+ formatına qoşulan ölkələr gündəlik neft hasilatını 2018-ci ilin oktyabr ayı ilə müqayisədə may-iyun ayları ərzində 9,7 milyon barel azaltmalıdır. Azərbaycan da bu prosesə qoşulub və ölkəmiz öz üzərinə gündəlik hasilatı 164 min barel azaladaraq 554 min barelə endirməyi öhdəlik götürüb. İkinci mərhələdə ölkələr iyundan sonra ilin axırına qədər hasilatı 2018-ci ilin oktyabrına nisbətən 7,7 milyon barel azaldacaq. Yəni, iyul-dekabr dövründə hasilat may-iyun ayları ilə müqayisədə 2 milyon barel artırılacaq. Bu dövrdə ölkəmiz hasilatı 131 min barel azaldaraq 587 min bareldə saxlayacaq. Üçüncü mərhələ 2021-ci ildən 2022-ci ilin aprelinə qədər olan dövrü əhatə edəcək və hasilatda azalmanı 2018-ci ilin oktyabrına nisbətən 5,8 milyon barel olacaq. Son mərhələdə Azərbaycan hasilatı 98 min barel azaldaraq 620 min bareldə saxlayacaq.

Razılaşmanın şərtlərindən görünür ki, Azərbaycanın hasilatın azalmasına görə gəliri xeyli azalacaq. Yalnız neftin bahalaşması miqdarda yaranan gəlir azlığını kompensasiya edə bilər. Əslində, neft ixrac edən ölkələrin də əsas məqsədi hasilat miqdarını azaldıb, qiymətləri artırmaqla daha çox gəlir əldə etməkdir.

Amma bu məsələ o qədər də asan olmayacaq. Razılaşmadan sonra bazarın reaksiyası göstərir ki, qiymətləri 40-50 dollar səviyyəsinə çatdırmaq asan məsələ deyil. Bunun üçün iki dəyişiklikdən biri baş verməlidir. Ya hasilat daha çox azaldılaraq indiki tələb səviyyəsinə endirilməli, ya da koronavirus pandemiyasının təsirləri zəifləməli və karantin aradan qaldırılmalıdır.

Hazırda dünyada neftə olan gündəlik tələb 65 milyon barel, hasilat 95-96 milyon bareldir. Hasilat 9,7 milyon deyil, 20-25 milyon barel azaldılardısa, neft qiymətləri 40 dolları ötə bilərdi. Əgər hasilatı bu qədər azaltmaq mümkün deyilsə, o halda, bahalaşma üçün dünyada karantinin başa çatmasını gözləmək lazım gələcək.

Proqnozlara görə dünyada karantin tədbirləri ən tezi iyulda başa çatacaq. Buna görə də OPEC+ ölkələri iyula qədər hasilatı 9,7 milyon bael azaltmaq haqqında razılaşdılar. Güman edilir ki, karantindən sonra dünya iqtisadiyyatı sürətlə bərpa olunacaq və neftə tələb yenidən əvvəlki səviyyəsinə yaxınlaşacaq. O zaman neft hasilatının 8-10 milyon barel azaldılması bahalaşma üçün kifayət edəcək.

Ancaq karantindən sonra qlobal iqtisadiyyatda aktivliyin sürətlə bərpa ediləcəyinə dair ümidlər özünü doğrultmaya bilər. Məsələn, Rusiyanın Energetika naziri Aleksandr Novak bildirib ki, neftə tələbatın bərpası gözlədiyimiz qədər sürətlə olmayacaq. Onun fikrincə, böhran dövründə hamı başa düşdü ki, iqtisadiyyatlar karantin tədbirlərindən çox zəiyyət çəkib və onların əvvəlki gücünü bərpa etməsi tezliklə baş verməyəcək.

Neft bahalaşmasa, Azərbaycanın gəliri iki amilin təsiri ilə azalacaq. Bir tərəfdən ixrac edəcəyimiz neftin miqdarı xeyli azalacaq. Martda ölkəmiz gündəlik 764 min barel neft hasil edib. Bu səviyyəni apreldə də saxlamaq olar. May və iyunda isə hasilatı birdən-birə 210 min barel və ya 27,5 faiz aşağı salmalıyıq. Azərbaycanın ixrac etdiyi neftin orta qiyməti indiki kimi 25 dollar olarsa, hasilatın azalmasına görə gündəlik itkimiz 5,25 milyon dollar, aylıq itkimiz 157,5 milyon dollar təşkil edəcək. Neftin ixrac miqdarının azalmasına görə yaranan itkini kompensasiya etmək üçün mayda orta qiymət 35 dollardan aşağı olmamalıdır.

Proqnozlara görə OPEC+ ölkələrinin may-iyundakı hasilatı azaltması yetərli olmadığına görə qiymətlər ən yaxşı halda 35 dollar ətrafında dəyişəcək. Bu proqnoz özünü doğruldarsa, Azərbaycanın neft qiymətlərindən gəliri xeyli azalacaq. Ölkəmiz üçün neft qiymətlərinin 35 dollar olması bizim üçün əlverişli deyil və bu, tədiyə balansında tarazlığı təmin etməyi, həmçinin icmal büdcədəki kəsri azaltmağı çətinləşdirəcək. Bu qiymətlə Dövlət Neft Fondunun aktivləri daha çox azalacaq. Belə vəziyyətdə növbəti devalvasiyanın baş verməsi real görünür.

Buna görə də Azərbaycan hökuməti və biznes dairələri qarşıdakı aylarda dünyada baş verən dəyişiklikləri, koronavirusa qarşı mübarizə tədbirlərinin nəticələrini daha həyacanla izləyəcək.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR