Logo

Kredit verilişi dayandırıla bilər: Manatla verilən kreditlər dollar alınmasına yönəlir?

Kredit verilişi dayandırıla bilər: Manatla verilən kreditlər dollar alınmasına yönəlir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Mart ayından dollar alışının kəskin şəkildə artması Mərkəzi Bankı və hökuməti önləyici tədbirlər görməyə vadar edir. İlk tədbir kimi əhalinin və biznes sektorunun dollara olan yüksək tələbinin ödənilməsinə qərar verilib.

Sfera.az xatırladır ki, bu məqsədlə Mərkəzi Bank Dövlət Neft Fondu ilə birgə dollar satışını bir neçə dəfə artırıb. Mart ayının ilk yarısında 5 valyuta hərracı keçirilib və bu hərraclarda ümumilikdə 1 milyard 221 milyon dollardan artıq vəsait satılıb. Bununla da 2020-ci ilin əvvəlindən satılan dolların məbləği 2 milyard 65 milyonu ötüb. Müqayisə üçün bildirək ki, Dövlət Neft Fondu tərəfindən yanvarda 300,2 milyon dollar, fevralda 543,4 milyon dollar satılıb. Yanvar-fevralda ümumilikdə 843,6 milyon dollar satılıb. Martda keçirilən birinci hərracda 257 milyon dollar, ikinci hərracda 323,2 milyon dollar, üçüncü hərracda 155 milyon dollar, üçüncü hərracda 220 milyon dollar, beşinci hərracda isə 265,2 milyon dollar realizə edilib.

Göründüyü kimi, marın ilk yarısında satılan dolların məbləği yanvar və fevral aylarında satılan dolların məbləğindən 377,4 milyon dollar və ya 44,7 faiz çoxdur. Yarım ay ərzində dollar satışının bir neçə dəfə artması ondan xəbər verir ki, mart ayında dollara tələb kəskin artıb.

Mərkəzi Bankın Dövlət Neft Fondu ilə birgə həyata keçirdiyi valyuta satışları əhalinin və biznes sektorunun dollara olan tələbini tam ödəməyə bilər. Belə ki, dollara tələbi yaradan amil sadəcə əhalinin əlində olan pullar deyil. Dollara tələbi formalaşdıran başqa amil əhalinin, biznes sektorunun istehlak və digər xərcləridir. Bu xərclər idxalı artırmaqla dollara tələbi gücləndirə bilər. İdxalın artacağı təqdirdə ölkəmizdə daha çox dollara ehtiyac yaranacaq. Bu halda Dövlət Neft Fondunun satdığı dollarlar tələbatı tam ödəməyə bilər. 2020-ci ildə Dövlət Neft Fondu 6,8 milyard dollar dəyərində valyuta satmağı planlaşdırır. Artıq bunun 2 milyard dollardan bir qədər çox hissəsi satılıb. Fond daha 4,7 milyard dollar satmaq öhdəliyinə sahibdir. İdxal artacağı təqdirdə valyuta satışları dollara olan tələbi tam qarşılamaya bilər.

Bəs, indiki vəziyyətdə idxalın artması mümkündürmü? Azərbaycanın əsas ticarət tərəfdaşlarında baş verən məzənnə dəyişiklikləri və dünyada əmtəə qiymətlərinin nəzərəçarpacaq dərəcədə enməsi idxalın artması ehtimalını gücləndirir. Yalnız martda əsas ticarət tərəfdaşlarımız olan ölkələrin milli valyutaları dollara nəzərən həm nominal, həm də real göstəricilərlə ucuzlaşıb.

Azərbaycan manatı dollar qarşısında sabit olduğundan əsas ticarət tərəfdaşlarımızın valyutlarının manata qarşı da ucuzlaşması baş verir. Mart ayının ilk yarısında manat qarşısında gürcü larisi 6,5 faiz, rus rublu 9,8 faiz, türk lirəsi 1,4 faiz, Ukrayna qrivnası 5,9 faiz, Çin yuanı 0,39 faiz və qazax təngəsi 6,7 faiz dəyər itirib. Beləliklə, manatın real effektiv məzənnəsi bahalaşıb.

Manata nisbətən xarici valyutaların ucuzlaşması o anlamı verir ki, həmin ölkələrdə manat ifadəsində mallar ucuzlaşır. Məsələn, rus rublu manata nisbətən təxminən 10 faiz ucuzlaşıbsa, deməli Rusiyada hər hansı bir məhsulu manatla 10 faiz aşağı qiymətə almaq mümkün olacaq və ölkəmizdə həmin malların qiyməti enəcək. Xaricdə olan malların məzənnə fərqinə görə ucuzlaşması həmin malların Azərbaycana idxalının atması üçün zəmin yaradır.

Dünyada əmtəə qiymətlərinin də aşağı düşməsi müşahidə olunur. Məzənnə fərqi olmadan da bu amil həmin malların ölkəmizə daha aşağı qiymətlərlə idxalına şərait yaradır.

Beləliklə, məzənnə fərqi və əmtəə bazarlarında qiymətlərin enməsi ölkəmizə idxalı artıra bilər. İdxalın artması təbii ki, dollar alışını da artıracaq.

Ölkəmizə idxalı artıran əsas amillərdən biri də istehlak və biznes kreditləridir. Mərkəzi Bank dollar alışına qarşı növbəti önləyici tədbir kimi kredit qoyuluşunu, xüsusən də istehlak kreditlərinin verilməsini azalda, hətta dayandıra bilər. Məlumdur ki, istehlak kreditləri ilə qeyri-ərzaq malları, xüsusən də elektron avadanlırlar (telefon, kompüter), məişət avadanlıqları (televizor, paltar və qab yuyan maşınlar, kondisionerlər və s.) alınır. Həmin qeyri-ərzaq mallarının hamısı idxal edilir. Deməli, istehlak kreditləri artdıqca banklardan alınan pulların bir hissəsi dollara çevrilərək xaricə gedir. İstehlak kreditlərinin və bəzi biznes kreditlərinin dollara əlavə tələb yaratdığını nəzərə alaraq istehlak kreditlərinin verilməsinin məhdudlaşdırılması, hətta tamamilə dayandırılması mümkündür.

Bank sektorunda olan məlumatlara əsasən, artıq bütün banklar istehlak kreditlərinin təbliğini, kredit kampaniyalarını dayandırıblar. Eyni yanaşma biznes kreditlərində də var. Banklar ehtiyat edir ki, manatla verilən biznes kreditləri sonradan dollara dəyişdirilərək yığıma yönəldilə bilər. Buna görə də qarşıdakı günlərdə kredit qoyuluşunun azalması davamlı xarakter alacaq.

Xatırladaq ki, 2008-ci və 2014-cü illərdə Azərbaycan üçün xarici iqtisadi şoklar baş verdikdə istehlak kreditləri dayandırılmışdı. 2008-ci ildə kreditlərin 32,5 faizi istehlak məqsədilə verilirdisə, 2009-cu ildə istehlak üçün ayrılan kreditlərin payı 27,7 faizə düşdü. Qlobal maliyyə böhranı aradan qalxdıqdan sonra yenidən istehlak kreditlərinin həcmində artım baş verdi.

2014-2016-cı ildə də oxşar dəyişiklik oldu. 2014-cü ildə istehlak məqsədilə ayrılan kreditlərin payı 44 faiz olduğu halda, 2015-ci ildə 38,6 faizə endi. 2016-cı ildə göstərici 35,6 faizə qədər gerilədi, 2017-ci ildən sonra isə yenidən artıma doğru dəyişdi.

Vasif

Sfera.z

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR