Çinin kosmik stansiyası aprelin 1-də yerə çırpılacaq, hansı ölkənin ərazisinə düşəcəyi dəqiq bilinmir
Çin Xalq Respublikasının Pilotlu Kosmos Mühəndisliyi Bürosunun məlumatlarına görə, "Tiangong-1” kosmik stansiyası atmosferə yaxınlaşır, Yer kürəsinə çatana yaxın stansiyanın qalıqları göy üzündə meteor yağışına bənzəyən bir görüntü yaradacaq.
Ancaq tədqiqatçılar narahatçılığa ehtiyac olmadığını söyləyirlər. Çin Xalq Respublikasının Pilotlu Kosmos Mühəndisliyi Bürosunun açıqlamasında deyilir: "Kosmik stansiya elmi-fantastik kinofilmlərdəki kimi dünya ilə toqquşmayacaq, amma "Səma sarayı” Yer kürəsinə qovuşmazdan əvvəl möhtəşəm "atəşfəşanlıq” olacaq”.
Atmosferə daxil olduqdan sonra "Səma sarayı”nın əksər hissəsi yanacaq. Lakin Yerə böyük parçaların düşmə ehtimalı da nəzərdən qaçırılmır. Kosmik tədqiqatlar aparan "Aerospace Corp.” qeyri-hökumət təşkilatı "Tiangong-1”in parçalarının düşə biləcəyi sahələri hesablayıb. Parçaların düşə biləcəyi riskli xətt üzərində Türkiyənin də ərazisi var.
ÇXR təmsilçilərinin məlumatına görə, hər hansı bir 200 qramlıq parçanın yerdə hansısa obyektə dəymə ehtimalı 700 milyonda birdir. Ancaq mütəxəssislər yenə də həmin gün diqqətli olmaq üçün xəbərdarlıq edir.
Qeyd edək ki, Yer kürəsinə yaxınlaşan "Səma sarayı” Çinin "kosmik supergüc”ə çevrilməsi üçün elmi bir layihə kimi nəzərdə tutulmuşdu. Lakin stansiyaya nəzarət 2016-cı ildə itirildi. (Bizimyolinfo.com)






