Oynaqları şaqqıldatmaq olar? - VİDEO
Hərə bir səbəb göstərir. Zərərli olduğunu da təxmin edirlər. Amerikalı həkimlər isə nəinki zərərli olduğunu, ciddi fəsadlarla nəticələndiyini üzə çıxarıblar.
ATV.az-ın məlumatına görə, həkimlər bildirirlər ki, iki sümüyün birləşdiyi yerdə, oynağın kənarları maye ilə dolu olur. Oynaqlarımızı hər şaqqıldatdığımız zaman sümüklər arasındakı boşluq böyüyür və maye sümüklər arasındakı boşluğu tam doldura bilmir. Nəticədə həmin hissədə problemlər yaranır.
Travmatoloq-ortoped Amir Bədəlov bildirir ki, oynaqları bu cür hərəkət etdirənlər iki qrupa bölünür. Xəstəliyi olanlar və olmayanlar. Uşaqlarda, yeniyetmələrdə tam olaraq oynaqların, bağ aparatının formalaşması getmədiyi üçün, onlarda bu normal qəbul olunur. Ancaq insan bilərəkdən oynaqlarını şaqqıldadırsa, bu ağır fəsadlarla nəticələnə bilər:
"Oynaq üçün xarakterik olmayan bir hərəkəti icra etmiş oluruq. Və istər-istəməz biz orda qığırdağa müəyyən travma veririk. Müəyyən yaş dövrü keçəndən sonra bu, artıq ostiartiroz üçün bir şəraitdir”.
Həkimin sözlərinə görə, artiroz çox ciddi oynaq xəstəliyidir və zamanında müalicə olunmazsa, əməliyyat qaçılmazdır:
"Xroniki xəstəlik olduğu üçün bir müalicə ilə bitməyən xəstəlikdir. Və son fəsadı - əgər çox ciddi bir artiroz yaranacaqsa, onda hətta endoprotezə belə gətirib çıxara bilər, artirozun ən axırıncı dərəcəsi olsa, artıq biz məcburi qapağı dəyişmə əməliyyatı etməliyik”.
Barmaqların və digər oynaqların bu tipli hərəkətlərinin sonda əsməyə gətirib çıxarmasına gəlincə, həkim bunu da istisna etmir:
"Bu vərdişi ediriksə, bununıa yanaşı idman, profilaktik olaraq artıq çəkidən azad olmursa insanlar və dediyimiz o aktiv həyatı keçirtmirsə, təbii ki, əzələ və bağ sistemi zəifləyədiyi üçün oynağı idarə etməyə gücü çatmır. Düzgün bağ aparatı, düzgün əzələ sistemi olmalıdır. Sanki onlar idarə edir oynağı. Onlar olmasa, oynaq hərəkət etməz və yaxud onun hərəkəti dediyiniz kimi rəqsvari olacaq. Ona görə də əsmələri bununla izah etmək olar”.
Həkimin sözlərinə görə, xüsusilə revmatizm xəstələri diqqətli olmalıdır. Bu cür hərəkətlər etməklə rahatlıq tapacaqlarını düşünən şəxslərin bir müddətdən sonra oynaqlarının hərəkətlərində ciddi dəyişikliklər yarana bilər.






