Xristian inancını sarsıdan iddia - İsa peyğəmbərin məzarı tapıldı? - VİDEO
İsa peyğəmbərin müqəddəratı ilə bağlı qalmaqal yaradan məzar, yenidən dünya gündəminə gəlib. İsraildən olan bir tarixçinin Qüdsün şərqində aşkarlanan qəbirin İsa peyğəmbərə məxsus olduğunu irəli sürməsi dünya miqyasında rezonans yaradıb.
Məzardakı insan qalıqları üzərində araşdırmalar aparan tədqiqatçı Arye Şimron, qəbirin ailə məzarı olduğunu, skeletlərin isə İsa peyğəmbərə, onun həyat yoldaşı Mariya Maqdalena və oğlu Yəhudaya məxsus olduğunu iddia edib. Bəzi tarixçilərin də dəstək verdiyi iddia bütün xristian inancını alt-üst edə bilər. Xristianlar İsa pəyğəmbərin çarmıxa çəkilərkən ərşə yüksəldiyinə və qeybə çəkildiyinə inanırlar.
İsa məsihin qeybə çəkilmədiyi ilə bağlı ittihamlar son illər daha da aktuallaşıb. Hətta Titanik filminin rejissoru Ceyms Kemeronun 9 il əvvəl lentə aldığı sənədli filmdə də oxşar iddia ortaya qoyulmuşdu. "İsa peyğəmbərin itmiş məzarı” adlı filmdə onun və ailəsinin eyni qəbirdə dəfn olunduğu irəli sürülmüşdü.
Digər tərəfdən İsa peyğəmbərin çarmıxa çəkilmədiyi faktı İslam dininin bu peyğəmbərlə bağlı yanaşmasını daha qüvvətləndirib. Qurani-Kərimdə açıq-aşkar bildirilir ki, İsa peyğəmbərin düşmənləri onu nə çarmıxa çəkə, nə də öldürə bilib. Beləliklə, çarmıxa çəkilməyən peyğəmbər həyatına davam edib və öz əcəli ilə vəfat etdikdən sonra dəfn olunub.






