Dünyanı cəhənnəmə döndərəcək 10 müharibə - Amerika açıqladı, qan gölünün yeni savaş ssenariləri
Amerikanın "Vaşinqton Post” qəzeti Suriya və İraqda İŞİD-ə qarşı gedən müharibənin davamı olaraq 10 yeni savaşın çıxa biləcəyini iddia edir.
Bununla bağlı ATV.az - a açıqlama verən siyasi şərhçi Vüqar Zifəroğlubildirir ki, Suriya böhranının kökündə sadəcə oradakı iqtidarla silahlı müxalifətin mübarizəsi durmur, regiondakı süper güclərin də maraqları var. Bütün bunlar isə oradakı konfliktin daha mürəkkəb xarakter almasına səbəb olur.
Qəzetdə verilən 10 müharibə proqnozu ilə bağlı Vüqar Zifəroğlunun şərhi:
1. ABŞ dəstəkli kürd qüvvələri (YPG) və Türkiyə dəstəkli ərəb qüvvələri arasında (ÖSO)
Qəzet bu müharibənin artıq başladığını və getdikcə qarışıq bir hal aldığını qeyd edir.
"Ümumiyyətlə, ərəblər Türkiyənin Yaxın Şərq siyasətində aktiv rol almasını istəmirlər. Ərəblərin içərisində ən ciddi rəqabətdə olan Səudiyyə Ərəbistanı və Qətər belə Türkiyəyə, İrana münasibətdə ortaq mövqe nümayiş etdirməyi bacarırlar. Halbuki, Yaxın Şərq məsələlərinin bir çox məqamlarında kəskin rəqabət şəraitindədirlər. Lakin kürd faktoruna münasibətdə Türkiyə və ərəb qüvvələrinin maraqları uzlaşır. Bu mənada qoyulan proqnoz özünü doğrulda bilər. Bölgədə bir kürd qurumu - yüksək statuslu Şimali İraq Kürd idarəetməsi mövcuddur. İkinci belə bir muxtar qurumun, özəlliklə də Kürdüstan dövlətinin yaranması heç bir ərəb ölkəsinin marağına cavab vermir. Türkiyə və İran da bunu istəmir. Belə olan halda, təbii ki, sözügedən qüvvələrin bu məqamla bağlı biri-birilərinə dəstəyi ola bilər.
Xatırlayırsınızsa, Cerablus istiqamətində Türkiyə qoşunları irəliləyən zaman mediada onları qarşılayan Azad Suriya ordusu döyüşçülərinin fotoları yayılmışdı. Fikir verdinizsə, onların bəzilərinin qolunda qırmızı, bəzilərində isə göy sarğı vardı. Qırmızı sarğıda olanlar ərəb, göy lentdə olanlar isə türkmənlər idilər. Ərəblərin indiki məqamda Türkiyəyə verdiyi dəstək və ya Türkiyənin ərəb əşirətləri ilə iş birliyi içərisində olması təbii prosesdir”.
2. Türkiyə və suriyalı kürdlər arasında
Qəzetdə Türkiyənin sərhəddində kürd dövləti yaranmasından narahatlıq hissi keçirdiyi üçün Türkiyə və suriyalı kürdlər arasında davam edən gərginliyin yaxın zamanda müharibəyə çevriləcəyi ifadəsi yer alır.
"Kürd silahlı qruplaşmaları ilə toqquşmalar bundan sonra da davam edəcək. Amma bunun kəskin müharibəyə çevriləcəyinə ehtimal vermirəm. Mənə elə gəlir ki, Amerika burada söz oynundan istifadə etməklə baş verənləri mümkün olduğu qədər qara rəngdə təqdim etməyə çalışır. Hazırda bölgədə baş verən proseslər heç də kürd silahlı qruplaşmalarının lehinə cərəyan etmir. İstər Türkiyənin irəliləməsi, istər Əsəd rejiminin öz mövqelərini gücləndirməsi, İran və Rusiyanın hazırkı mövqeyi kürd birləşmələrinin gələcək perspektivinə müsbət təsir etmir. Eyni zamanda, burada vacib məqam da var.
Belə bir dövlətin yaranması regionda olan ölkələrin nə dərəcədə maraqlarına xidmət edir?
Təbii ki, ərəb ölkələrinin, eləcə də Türkiyə və İranın maraqlarına cavab vermir. İraqın şimalında yüksək statusa malik muxtar respublikanın yaradılmasından sonra, inanmıram ki, region ölkələri Suriyanın şimalında da belə bir addımın atılmasına müsbət yanaşsınlar”.
3. Türkiyə və Suriya arasında
Qəzetdə yer alan məqaləyə görə, Türkiyə İŞİD ilə mübarizədə uğur qazanmağa davam edərsə, Suriya hökümət qüvvələri ilə qarşı-qarşıya gələcək və bu cür şəraitdə tərəflər arasında müharibə olacaq.
"Hazırkı məqamda buna ehtimal vermək çətindir. Ona görə ki, birincisi, burada Rusiya faktoru var. İkincisi də, Türkiyə qırmızı xət hesab etdiyi, Suriyanın şimalında özü üçün hədəf olaraq seçdiyi bölgə istiqamətində əməliyyatlarını davam etdirir. Burada məqsəd Türkiyə ilə sərhəd bölgədə müəyyən təhlükəsizlik - bufer zonası yaratmaqdır. Belə bir məqamda Əsəd qüvvələri ilə maraqların çox ciddi şəkildə toqquşmasına inanmıram. Hətta olsa belə, bu, yaxın gələcəyin işi deyil”.
4. ABŞ və Suriya arasında müharibə
"ABŞ və Suriya arasında müharibə olmayacaq. Çünki ABŞ Suriyaya girmək istəsəydi, 3 il bundan əvvəl, İŞİD baş qaldıran zaman girərdi. Əgər İŞİD baş qaldıran zaman ABŞ və ya NATO Suriyaya girmədisə, hazırda Türkiyəni Suriyaya daxil etdikdən sonra ABŞ-ın ora daxil olması ümumiyyətlə inandırıcı deyil”.
5. Suriyalı kürdlər və Suriya höküməti arasında
"Bu ola bilər. Onsuz da belə toqquşmalar lokal da olsa, vaxtaşırı gedir. Bu proseslərə gərək geniş rakursdan baxasan. İranın özündə hazırda kürd qruplaşmaları ilə müəyyən lokal toqquşmalar olur. Suriyanın iqtidar ordusu tərəfində döyüşən İranın İslam İnqilab Keşikçiləri Korpusu (Sepah) birləşmələri ilə kürd qrupları arasında toqquşmalar mütəmadi olaraq Suriya və İran ərazilərində davam etməkdədir”.
6. İraq kürdləri və İraq höküməti arasında
"Buna da bir o qədər ehtimal vermək istəməzdim. Çünki hazırda İraqın şimalındakı hökümət maksimum dərəcədə qərb hökuməti, eləcə də Türkiyə ilə çox yumşaq siyasət sərgiləməyə çalışır. Məsud Bərzaninin son açıqlamalarına fikir verdiyimiz zaman bunun şahidi ola bilərik. İndiki məqamda, buna ehtimal vermirəm”.
7. İraq kürdləri və şiə qüvvələri arsında
"Bu, ola bilər. İran Suriyanın, hətta İraqın daxilində müəyyən şiə əşirətlərini aktivləşdirməklə kürdlərə qarşı bir müqavimət qüvvəsi təşkil edir. Tehran yalnız Əsəd rejimi tərəfdə döyüşən SEPAH birləşmələrindən deyil, eyni zamanda, münaqişə gedən bölgələrdəki müəyyən şiə əşirətlərindən də müqavimət kimi istifadə edir. Əfqan və tacik döyüşçüləri bu gün SEPAH birləşmələrinin tərkibində İŞİD-ə və digər müxalifət qüvvələrinə qarşı savaşırlar. Kürdlərə də qarşı bundan istifadə edilməsi mümkündür”.
8. Kürdlərə qarşı kürdlər
"Kürd qruplaşmaları arasında müəyyən fikir ayrılıqlarının olması mümkündür, amma onların bir-birilərinə qarşı silah çevirəcəyi inandırıcı deyil. Onların müharibəyə gedə biləcək hər hansı qarşıdurma yaradacaqlarına ehtimal vermirəm”.
9. Sünni ərəblərə qarşı şiələr və ya kürdlər
"Süni ərəblərə qarşı kürdlər onsuz da vuruşur. Biz bunu İŞİD-YPG, ən-Nusra - YPG timsalında görürük. Sünni ərəblərə qarşı şiələrin mübarizəsi isə özünü Yəməndə, husilərin timsalında göstərir. Burada aktiv toqquşmalar gedir. Bugün Ərəb lider ölkələri ilə İran münasibətlərinə diqqət etməklə bu konflikt modelinin mövcud durumu və gələcəyi ilə bağlı fikir yürüdə bilərik. Hazırda biz müəyyən kəskin diplomatik bəyanatların da şahidi oluruq, sünni silahlı qruplaşmalar ilə şiə qruplaşmaları arasında toqquşmaların da. Yəni, bu konflikt zatən davam etməkdədir".
10. İŞİD-dən qalanlara qarşı hər kəs
"İŞİD-dən qalanlara, İŞİD-in özünə, ümumiyyətlə bu cür terror qruplaşmalrına qarşı hər kəs öz aləmində mübarizə aparır. Amma söhbət sadəcə onlara qarşı aparılan mübarizədən getmir. Məsələ, onları yaradacaq səbəblərə qarşı mübarizə aparmaqdır. İŞİD olmayaq yerinə başqa bir qruplaşma olacaq. Yəni, nə qədər ki bu cür qruplaşmaların meydana çıxmasına təkan verən amillər aradan qalxmayıb, həmin qruplaşmalara qarşı aparılan mübarizənin effekti çox zəif olacaq”.






