Azərbaycanda Allahı dananların əyləncəsi
Kateqoriya məlum deyil
Son günlərdə Azərbaycan mediasında, sosial şəbəkələrdə, hətta messencer proqramlarındakı yazışmalarda belə ateistlər və dindarlar arasında müzakirələr aktivləşib.
Bir tərəf "Allahın olmadığını" sübut
etməyə çalışır, digər tərəf "Allahın yoxluğunu deyənlər yalan
danışırlar" deyirlər.
Maraqlı mübahisədir. Maraqlı olduğu qədər də
əyləncəlidir.
Çünki...
ortada inam, inanc, etiraz və etiraf məsələləri
var. Səmavi dinlərin sütunu sayılan kitablardan, o cümlədən Qurani-Kərimdən
iqtibaslar gətirmək niyyətində deyiləm.
Fəqət, mövzu mürəkkəb olsa da, sadəliyə çalışaq.
Azərbaycanda özlərini "ateist"
adlandıranların dedikləri və yazdıqları ilə tanış olduqca anlayıram ki, ateizm
belələri üçün bir dinə çevrilib.
Onlar absurda sitayiş etməyə başlayıblar:
deyirlər ki, Allah yoxdur, amma Allahın yoxluğunu heç nə ilə sübut edə
bilmirlər. Emosionallıqla, qəzəblə danışır və yazır, sübut eiməyə çalışırlar
ki, Allah yoxdur, bütün dinlər - yumşaq desəm - yanlışlıqdır və yalnız
insanların məntiqlə düşünməsinə imkan verməmək, bəşəriyyəti asan idarə olunan
kütləyə döndərmək üçün yaradılıb.
Onu da vurğulayırlar ki, dinlarlar məscidin,
sinaqoqun və ya kilsənin göstərdiyi istiqamətə lal-dinməzcəsinə yönələn
yığındır.
Fanatik ateistlərimiz Hz.Məhəmmədin, İsa Məsihin
nə zamansa yaşadığına inanmaqdansa, hobbitlərin, qoblinlərin və ya elflərin
varlığına şəkk gətirməyəcək insanlar təsiri bağışlayırlar.
Ateistlər Allahın olmadığını deyirlər, amma
hicri təqvimi inkar etmir, İsa Məsihin miladı günündən bəri hesablanan
qriqorian təqvimi ilə yaşayırlar.
Ateistlər insanı Allahın yaratdığına və görüntü
("sima") verdiyini inkar edir, amma mənəviyyatsız insana
"simasız" deyirlər.
Ateistlər insanın ruhunun olduğuna inanmır, amma
ruhi xəstələri "psixi sapıntılar" olan insanlar sayırlar, halbuki
"psyche" kəlməsinin yunan dilindəki mənası elə "ruh"
deməkdir.
Ateistlər mənəviyyat qanunlarını, səmavi
dinlərin kitablarındakı yasaqları "mif" adlandırır, amma
"vicdansız" və "ədalətsiz" təyinlərindən yararlanırlar.
Ateistlər yalnız maddi aləmə inanırlar, amma
vicdan, şəfqət, paxıllıq, kədər, nifrət, inam, etibar, sevgi, ümid kimi
hissləri maddi saymırlar.
Ateistlər "Allahı kimsə görməyibsə, deməli,
yoxdur" deyirlər, amma mobil telefonla rahatlıqla danışırlar: halbuki,
radiodalğaları da kimsə görməyib. Hə, doğrudur, radiodalğaları qeydə almaq
olar. Amma Allaha inam, inanc, etiqad da hiss olunur, görünür, yəni "qeydə
alınır".
Ateistlər İlahi Yaradının olmadığını deyirlər,
amma təbii məhsullardan istifadəyə üstünlük verir, insanın yaratdığı süni,
sintetik materialları sevmirlər.
Ateistlər deyirlər ki, "aksiomu, mütləq
həqiqəti sübut etməyə ehtiyac yoxdur", amma Allahın varlığının sübutunu
istəyirlər. Axı Allah da milyardlarla insan üçün aksiomdur.
Ateistlər Allahın varlığını inkar edir, amma
cəmiyyətdə şəfqət, insansevərlik, şüurlu davranış, həssaslıq, cəfakeşlik,
nəvazişi mütləq sayırlar.
Ateistlər Allaha yox, elmə inandıqlarını
deyirlər. Halbuki, elmə, o cümlədən nisbilik nəzəriyyəsinə görə, kainatımızın
özbaşına yaranması ehtimalı hər şeyin Mütləq Şüur tərəfindən yaradılması
ehtimalından trilyonlarla dəfə az olduğunu sübut və etiraf edir. Gərəkli
əlverişli şərtlər məcmusunun yaranması ehtimallarının riyazi kəmiyyət
göstəricisi hədsiz dərəcədə azdır: ən azı bu situasiya saysız məqamlardan, o
cümlədən Yerin orbiti, Yer oxunun əyilməsi, Günəşin parametrləri, Yerdə
torpaqların və süxurların tərkibi və s. asılıdır.
Minlərlə amili nəzərə almasaq belə, bəhs
etdiyimiz ehtimal 0,000000001 %-dən artıq deyil.
Ateistlər özlərini dindarlardan ağıllı sayırlar,
amma dərketmə qabiliyyətlərinin müstəqim yarandığına şübhə etmirlər.
Ateistlər kainatın kimyəvi elementlərin qəfil və
sərbəst birləşməsindən yarandığını israrla bildirsələr də, hərflərin sərbəst
birləşməsindən indiyədək niyə şeir, yaxud poema yaranmadığını izah edə
bilmirlər. Yaxud kompüter proqramlarının "0" və "1" rəqəmlərinin
müstəqil birləşməsindən yaranmadığının səbəbini də açıqlaya bilmirlər. Yəni
kainatı Allahın yaratdığına inanmayanlar kompüter proqramlarını yaradanların
varlığına şübhə etmirlər.
Məncə, yetər.
Ateistlər dindarları suçlayanda İŞİD-i,
"Taliban"ı, "Əl Qaida"nın adlarını çəkir, radikal
islamçıların dinc və günahsız insanlara divan tutduqlarını deyirlər.
Fəqət, Allahı dananların ritorikası o qədər
qəzəblidir ki, onlar mövqeləri ilə razı olmayan kəsləri bəyənməyən, kilsələri,
məscidləri və sinaqoqları buldozerlərlə dağıdıb yerlə bir etməyə hazır insanlar
təsiri bağışlayırlar.
Halbuki, elmdən danışmağı çox sevən ateistlərin
tapındıqları ateizmin elmlə əlaqəsi uzun saçların rok-musiqi ilə bağlılığı
qədərdir.
Yerli ateistlərimiz Fyodor Dostoyevskinin
romanlarındakı nihilistlərin dediklərini təkrarlayırlar: "Yer üzərində bu
qədər cinayət varsa, günahsız insanlar ölürsə, deməli, Allah yoxdur".
Ateistlər də öz "inanc"ları, nə də
"nüfuzlu şəxsiyyətlər"i ilə bağlı diskussiyalara hazır deyillər.
Nik Bistrom, Stiven Vaynberq, Deniel Dennet,
Riçard Dokins, Slavoy Jijek, Alber Kamyu, Frensis Krik, Pol Kurts, Con Mill,
Karl Saqan, Jan Sartr, Berre Skinner, Karlo Tamanone, Ziqmund Freyd, Erix
Fromm, Riçard Feynman, Stiven Houkinqdən tutmuş, ateizmin "ata"ları
sayılan Anaksaqor, Meloslu Diaqor, Dhişan, Kapila, Demokrit, Heraklit,
Brihaspati, Protaqor, Sun Szı, Epikür, Siddhartha Qautama və Yan Çjuyadək uzanan
mübahisə yolundakı arqumentlər də zəifdir.
Popper, Okkam, Dokins - bu adamların
yazdıqlarından iqtibaslar gətirməyi çox sevir ateistlərimiz. Və aşkar görünür
ki, "müqəddəs" Okkam, yaxud Dokinsin dediklərinə şəkk gətirmək olmaz.
Ortodoksal, mühafizəkar ateist buna əmindir.
Yəni təəssüf hissi ilə qeyd etməliyəm ki, tipik
ateist, əslində, fanatikdir. Halbuki, fəlsəfə həqiqətin səsvermə yolu ilə
müəyyənləşdirildiyi nəsnə deyil.
Ən azı ona görə ki, daz qırxılmış baş saçların
rəngi sayıla bilməz. Doğrudur, daz başda tük olmur, amma tükün yoxluğu onun
piqmentlərdən xali olduğuna dəlalət etmir.
Daz baş, əslində, saçları qırxılmış başdır - bu
qədər bəsit. Və elə buna görə cəsədi dindar saymaq olmaz, hörümçəyi
"mənəviyyatlı" görmək absurddur.
Ağac və ya kərpicdə dini hisslər axtarmaq da
məntiqdən kənardır.
Ən azı ona görə ki, fikirləşməkdən imtina
fikirləşməmək, qərar qəbul etməyi istəməmək isə mövqe deyil.
Anlayıram ki, ateizm Allahın varlığını inkar
etmək, antiteizm - Allahın mövcud olmadığına əmin olmaq, aqnostizm isə Allahın
olduğunun sübutunun prinsipial olaraq mümkünsüzlüyünü düşünməkdir.
Yerli ateistlərimizin tam əksəriyyəti dindarların
dediklərini dinləmək istəmədikləri üçün özlərini aqnostik adlandırırlar.
Halbuki, "aqnostisizm" kəlməsinin tam mənasını ateistlərin çox az
qismi bilir.
Ateistlərin tam əksəriyyətinin nümayişkaranə
şəkildə təhlillərə varmaqdan yayınmasını da anlayıram.
Necə ki, Avstraliyada dəvəquşuların və ya
Finlyandiyada fyordlarda yaşayan insanların özünəməxsus davranışlarını qəbul
etdiyim kimi.
Klassik ateizm dinləri "illüzor şüur"
sayır. Di gəl, şüurdakı illüziyaların vardığını inkar etməyin illüziyada şüur
axtarmağın nə dərəcə məntiqli olması barədə dindarın sualı cavabsız qalır.






