100 minlik öpüş, 1 milyonluq yataq və avtoşların “07” azarı...
"Zövqlər müzakirə olunmur”, burası aydındır. Aydın olmayan məsələ oxucuların niyə ağır xəbərlərdən qaçmasıdır. Bunu da elə-belə soruşduq. Təbii ki, bizim işimiz kimə nəyi oxumağı öyrətmək yox, gündəmi təqdim etməkdir.
Biz təqdim etdik, oxucu seçimi özü etdi:
"Rusiyanın "AvtoVAZ” şirkətinin istehsal etdiyi "VAZ-2107” modelinin eksklüziv modeli hazırlanıb”. (//publika.az/p/139792).
Oxucuları ən çox cəlb edən xəbərlərdən olan "07”-nin gələcək taleyi başadüşüləndir. Xüsusilə, "Formula-1” yarışlarının Bakıda keçirildiyi günlərdə "avtoşlarımız”ın qanı qaynayır. Yeri gəlmişkən, sosial şəbəkələrdə belə təkliflər oldu ki, "Formula-1” yarışlarından sonra hazırlanmış yollar bir neçə günlüyə "avtoşlara” verilsin, onlar da həm paytaxt sakinlərinə tryuklar göstərsinlər, həm də azarlarını öldürsünlər. Amma nə olursa-olsun, istər uçan maşınlar çıxsın, istər Rusiya neçənci müharibəyə başlasın, yenə də "07” həvəsimiz bitənə oxşamır.
Bu həftə oxuculara Rusiyanın geosiyasi oyunları, hədəfləri və qarşılaşdığı təhlükələrdən də məlumatlar vermişdik. Ərdoğanın Putinə barışıq məktubundan tutmuş, Putinin "soyuq müharibə” xəbərdarlığından yeni sanksiya gözləntilərinə qədər. Amma oxucuların diqqətini bir o qədər cəlb etmədi. Əvəzində səmada poz verən rus stüardessaları Putini qabaqladı (//publika.az/p/25084).
Görünür, problem nə rusdadır, nə də Putində. Problem stüardessalardadır, gərək bu qədər gözəl olmayaydılar və bu qədər göy ilə getməyəydilər.
Öpüşün qiyməti
"Lazım gələrsə, filmdə öpüşərəm də, yataq səhnəsinə də çəkilərəm. Amma baxır hansı məbləğə. 100 min versələr, filmdə öpüşərəm, milyon versələr, yatağa girərəm”. (//publika.az/p/139914)
Bunu Mələk adlı, Heydərova soyadlı aktrisamız deyib və oxucuların baxmaq üçün bir-biri ilə yarışa girdiyi xəbərlər sırasında ilk pillələrə ucalıb. Əslində, indiki iqtisadi situasiyada oxucuların "qiymətləri öyrənmək” istəyi təəccüblü qarşılanmamalıdır.
İşsizlik və iqtisadi çətinlik
Onların Roza Zərgərlinin işdən çıxması xəbərinə bu qədər təlaş və həyacanla müraciət etmələri də başadüşüləndir. (//publika.az/p/139759).
İlhamə Quliyeva sevdası isə bitmək bilmir, şou-biznesin "matriarxı” olmuş müğənninin ölümündən sonra evindən nələrin oğurlanması oxucular üçün çox maraqlı idi. (//publika.az/p/139921).
Məşhur filmdən sonra aktrisa Vəfa Zeynalovanın istənilən xəbəri də maraqlıdır. Hər halda həftənin statistikası onun gündəmdən düşmədiyini göstərir. Belə ki, o, Allahın evindən foto çəkdirərək paylaşıb və qınağa tuş gəlib. Filmə çəkilir qınanır, Allahın evinə gedir, yenə qınanır. Bizim oxucuları həqiqətən başa düşmək mümkün deyil. (//publika.az/p/139619).
***
Bu həftə oxucuların ən çox "hücum çəkdiyi” məlumatlar Şeyx ƏbdülünMələyi müdafiə etməsi, ANS kulislərində "sirli müharibələr”, "Saatlı bina”dakı əqrəbin "ölümü” və bir sıra rahat və əyləndirən, maraqlı və güldürən xəbərlər oldu.
Halbuki, "Hüquq məsləhətxanası” rubrikasında oxuculara verilən lazımlı məsləhətlər, sosial problemlərin araşdırılması, Qarabağın taleyində dönüş yarada biləcək görüşün gözlənilməsi, Suriyada ölənlər və..... nələr-nələr təqdim edilmişdi.






