Logo

2020 AccessBank üçün mənfəət ilidir - MÜSAHİBƏ

2020 AccessBank üçün mənfəət ilidir - MÜSAHİBƏ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Baxmayaraq ki, AccessBank üçüncü rübü zərərlə başa vurub, bankın əsas maliyyə göstəriciləri

stabil artım nümayiş etdirir. Üstəlik, əmanətlərini AccessBank-a etibar edənlərin sayı

günbəgün artır. Bankın menecmenti hesab edir ki, hər şey plan üzrə gedir. Hətta kredit

portfelinin sağlamlaşdırılması templəri də bank rəhbərliyini sevindirir. Məhz bu məsələlər və

digər planlar barədə AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini Yevgeniya Qaşikulina

ilə söhbətləşdik:

Yevgeniya xanım, üçüncü rübə yekun vurarkən bank açıqladığı press-relizdə qeyd edib ki, əsas

maliyyə göstəriciləri artım nümayiş etdirir. Bu artım tempi bankın rəhbərliyini qane edirmi?

Bu suala obyektiv cavab vermək üçün biz biznes planla və ötən ilin analoji dövrü ilə müqayisə

aparmalıyıq. Biznes planla müqayisə aparsaq, bizim əməliyyat göstəricilərimiz

proqnozlaşdırdığımız rəqəmlərdən xeyli yüksəkdir. Belə ki, depozit portfelinin həcmi

planlaşdırıldığından 133 milyon manat, kredit portfeli isə 35 milyon manat çoxdur. Sırf maliyyə

indikatorlarına nəzər salsaq və onları ötən ilin müvafiq dövrü ilə qarşılaşdırsaq görərik ki, faiz

gəlirlərimiz 50% artaraq proqnozlaşdırılan rəqəmləri üstələyib. Ehtiyatın yaradılması üçün

ayırmalara qədər əməliyyat mənfəəti ötən ilin göstəricisindən 2 dəfə çoxdur ki, bu da

planlarımıza uyğundur. Buna əsaslanaraq deyə bilərəm ki, bankın əməliyyat fəaliyyətinin

effektivliyi bizim gözlənti və planlarımıza uyğundur.

O zaman bankın zərərini nə ilə əsaslandıra bilərsiniz?

Heç kəs üçün sirr deyil ki, manatın devalvasiyası digər banklar kimi AccessBank-a da ciddi təsir

etdi. Zərər də məhz bunun nəticəsində formalaşdı. Bankın müştərilərinin əksəriyyəti kiçik, orta

və iri sahibkar və ya başqa sözlə, krediti dollarla götürənlər idi. Şübhəsiz ki, devalvasiyadan

sonra onların bir çoxu kreditlərinin ödənişi zamanı çətinliklə üzləşdi. Müvafiq olaraq, bank

kreditlər üzrə potensial itkilərlə bağlı ehtiyat yaratmaq məcburiyyətində idi və söhbət ciddi

məbləğdən gedirdi. Həmin dövrdə bankda mövcud olan kapitalın hesabına bunu etmək real

deyildi. Buna görə, beynəlxalq maliyyə institutlarından ibarət AccessBank-ın cari kreditorları öz

kreditlərini kapitala konvertasiya etmək barədə qərar qəbul etdilər və bunun nəticəsində bankın

nizamnamə kapitalı 120 milyon manat artdı. Bu qərar sayəsində kreditlər üzrə zəruri ehtiyatlar

yaradıldı. Söhbət təxminən 90 milyon manatdan gedirdi və bu məbləğ bankın hesabatında

fevral-aprel ayları ərzində kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli

ehtiyatlarda göstərildi. Məntiqlidir ki, 2019-cu il ərzində bank bu zərəri bağlaya bilməyəcək və

prinsipcə, bu, bizim planlarımıza daxil olan məsələdir. Biznes plana əsasən, kapitallaşmanın baş

tutduğu il ərzində bankın zərəri təxminən 100 milyon manat təşkil edəcək. Təkrar edim ki,

maliyyə nəticələrinə təsir göstərən əsas amil kreditlər üzrə ehtiyatların yaradılmasıdır və

inanırıq ki, həmin kreditlərin qaytarılması hesabına ehtiyatların həcmi də azalacaq. Biz həmin

müştərilərlə aktiv və konstruktiv şəkildə işləyirik, borclar qaytarılır. Uzunmüddətli perspektivdə

həmin vəsaitlər banka gəlir formasında geri dönəcək, lakin bu bir qədər zaman tələb edən

prosesdir. Əlavə olaraq qeyd etmək istərdim ki, zəruri ehtiyatlar yaradıldığı üçün gələcəkdə

kapitalımız üçün heç bir təhlükə yoxdur. AccessBank 2020-ci ildə birmənalı şəkildə mənfəətə

çıxacaq.

Siz qeyd etdiniz ki, bankın menecmentinin proqnozları özünü doğruldur və hər şey plan üzrə

gedir. İlin əvvəlində bu proqnozlar səhmdarlara həddən artıq optimistik görünmürdü?

Bankın bu dərəcədə ciddi kapitallaşması qərarı həqiqətən səhmdarlarımız üçün heç də asan

deyildi. Lakin proqnozlar özünü doğruldur və buna bir neçə amil təsir edir. Birincisi, biznes aktiv

şəkildə inkişaf edir. Etiraf edim ki, bu proses hətta proqnozlaşdırdığımızdan da sürətlə gedir.

Digər tərəfdən, banka etimad günbəgün artır. Biz 2020-ci ilə böyük optimizmlə baxırıq. Bunun

üçün 2019-cu il ərzində yaxşı fundament qurulub. Mən biznesin, risk menecmentin yenidən

təşkil olunması, müştərilərə xidmət prosesinin və prosedurunun asanlaşdırılması, "back office"

əməliyyatlarının mərkəzləşdirilməsi və digər bu kimi amilləri nəzərdə tuturam. Səhmdarlarımız

sayəsində biz ilkin mərhələdə gəlirli olmayan, lakin 2020-2021-ci illərdə gəlir gətirəcək

layihələrin həyata keçirilməsinə start verdik.

Qayıdaq kredit portfelinin sağlamlaşdırılmasına. Hazırda qeyri-işlək kreditlərin ümumi

portfeldə payı nə qədərdir?

Bank daxilində biz iki portfeli nəzərdən keçiririk - "köhnə" və "böhrandan sonrakı". Gəlin,

pozitivdən başlayaq. "Böhrandan sonrakı" portfeldə 30 gündən çox gecikmədə olan kreditlərin

payı cəmi 0.3% təşkil edir. Başqa sözlə, söhbət kifayət qədər keyfiyyətli portfeldən gedir.

"Köhnə", yəni devalvasiya nəticəsində zərər görmüş portfel isə elə bir mərhələdədir ki, pozitiv

dinamikanın əldə olunması üçün intensiv iş tələb edir. Onu da qeyd etmək istərdim ki, ilin

əvvəlinə qeyri-işlək (90 gündən çox gecikmədə olan) kreditlərin ümumi portfeldə payı 25% təşkil

edirdi ki, o, tamamilə "köhnə" portfel hesabına formalaşmışdı. Plana əsasən, ilin sonuna bu

göstərici 15%-ə enməlidir. Biz buna olduqca optimistik yanaşırıq. Yeri gəlmişkən, 2019-cu il bu

mənada bir sıra pozitiv məqamlarla yadda qaldı ki, onlar daxili və kənar amillərlə əlaqəlidir.

Kənar amillərdən söz açsaq, ölkə başçısı İlham Əliyev tərəfindən imzalanan "Fiziki şəxslərin

problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmana toxunmaq lazımdır.

Məhz bunun nəticəsində bank ehtiyatlarının bir hissəsini bərpa edə, borcalanlar isə öz maddi

durumunu yaxşılaşdıra bildi. Daxili amilə də toxunmaq istərdim. Belə ki, müştərilərlə sistemli iş

və qərarların qəbulu zamanı çeviklik nəticəsində problemli kreditlərin qaytarılması prosesi

gözləntilərimizi üstələdi.

Bəs bankın zərərlə işləməsi depozit axınına səbəb oldumu?

Əksinə, biz pozitiv dinamika müşahidə edirik. Maraqlı fakt ondan ibarətdir ki, bank hətta formal

kapitallaşmayadək böyüməyə başladı. Üstəlik, həmin dövrdə Əmanətlərin Sığortalanması Fondu

elan etdi ki, əmanətlərin tam sığortalanmasını bir il də uzadır. Bununla yanaşı, AccessBank-ın

xidmət keyfiyyəti də öz rolunu oynadı. Zərərin 90%-i cari ilin birinci yarısında qeydə alınıb. Buna

baxmayaraq, sonrakı 6 ay ərzində AccessBank-ın depozit portfeli böyüməyə davam etdi. Bu isə

bir daha sübut edir ki, müştərilərimiz AccessBank-a tam etibar edir.

AccessBank özünü biznesin dostu kimi təqdim edir. Bununla yanaşı, bankın rəhbəri Anar

Həsənov qeyd edib ki, AccessBank-ı maliyyə tərəfdaşı kimi seçən müştərilərin sayı durmadan

artır. Maraqlıdır ki, bir müddət əvvəl hökumətin iqtisadi blokunun nümayəndələrinin iştirakı

ilə keçirilən müşavirədə prezident biznes kreditləşməsinin vacibliyini vurğuladı. Bu çağırış

sizin planlarınıza və kredit portfelinin strukturuna təsir edəcəkmi?

Məsələ burasındadır ki, biznes, o cümlədən aqro kreditləşmə AccessBank-ın "qanın"dadır.

Dediklərimi rəqəmlərlə əsaslandıra bilərəm - portfelimizin 95%-i biznes kreditlərinin payına

düşür. Prezidentin çağırışı bir daha onu təsdiqləyir ki, AccessBank düzgün yoldadır. Biz ölkənin

aktiv tələbatı üzərində fokuslanmışıq və səhmdarlarımız bu fokusu yekdilliklə dəstəkləyir. Bir çox

ölkələrdə kiçik biznes iqtisadi artımın katalizatoru rolunu oynayır. Biz rolumuzu yalnız

rəqəmlərdə görmürük, eyni zamanda öz sosial məsuliyyətimizi dərk edirik. Hazırda

mikrokreditləşmə bazarında AccessBank-ın payı 50%-dən çoxdur. Bizim baxışımız ondan

ibarətdir ki, mikro və kiçik bizneslə aparılan aktiv iş hesabına AccessBank bu seqmentdə lider

mövqeyini qorumağa davam edəcək. Hesab edirəm ki, portfeldəki artımın 65%-nin regionların

payına düşməsi isə bizim üçün əlavə pozitiv amildir.

Prezidentin çağırışına tənzimləyici də dəstək verdi və istehlak kreditləşməsinə bəzi

məhdudiyyətlər tətbiq etdi. Başqa sözlə, biznes kretiləşməsi bazarında rəqabət güclənəcək.

Razılaşın ki, artan rəqabət şəraitində AccessBank-a çətin olacaq. Bank bunun öhdəsindən

necə gələ bilər?

Birincisi, AccessBank-ın portfelinin strukturunda istehlak kreditlərinin payı o qədər də böyük

deyil. İkincisi, Maliyyə Bazarlarına Nəzarət Palatasının yeni qaydalarında qeyd edildiyi kimi, biz

istehlak kreditlərini uzun müddətə vermirik. AccessBank istehlak kreditlərini maksimum 3 ilə

verir. Bundan savayı, bizim müştərinin tarixçəsi ilə bağlı daxili, kifayət qədər ciddi tələblərimiz

var. Etiraf etməliyik ki, bizim üçün istehlak kreditləşməsi fiziki şəxslərə göstərdiyimiz kompleks

xidmətlərin bir hissəsidir, üstəlik, bu növ kreditlər hər zaman əmanətçilərimiz üçün əlavə

məhsul olaraq qalacaq.

Rəqabətə gəlincə, bu amil hər zaman ümumilikdə bazarın inkişafına müsbət təsir edir. Xüsusilə

qeyd etmək istərdim ki, bundan ən çox istehlakçılar udur. Sağlam rəqabət bazarın yeni və daha

keyfiyyətli bir mərhələyə çıxmasına səbəb olur. Biz bütün banklara hörmətlə yanaşırıq və

rəqabətdən qorxmuruq, çünki bizim çox dəqiq və ixtisaslaşmış fokusumuz mövcuddur və biz bu

istiqamətdə işləməyə davam edəcəyik. AccessBank ona nail olmaq istəyir ki, müştərilərimiz

bizimlə işləməkdən zövq alsın və bunun üçün mütəmadi olaraq prosedurları və məhsulları daha

əlçatan və asan edəcəyik, xidmət səviyyəsini artıracağıq, istehlakçılarla müxtəlif kommunikasiya

kanallarını inkişaf etdirəcəyik. Ümumilikdə, məqsədimiz ondan ibarətdir ki, müştərilərimiz

özünü bizimlə daha rahat hiss etsin. Bank müştəri üçün formal, bürokratik bir təşkilat olmalı

deyil, əksinə, o əmin olmalıdır ki, burada onu hər cür dəstək göstərə biləcək tərəfdaşlar gözləyir.

Söhbət həm biznes, həm də pərakəndə seqmentlərdən gedir.

Qarşıya qoyulan hədəflərə nail olmaq üçün kompleks yanaşma lazımdır. Bunu nəzərə alaraq,

bankın Müşahidə Şurası tərəfindən bir sıra strateji məqsədlər təsdiqlənib ki, onların arasında

mikro və kiçik biznes sahəsində lider mövqeyin qorunması, risklərin effektiv idarəolunması,

əməliyyat effektivliyinin artırılması, əməkdaşlarımızın yüksək peşəkarlıq səviyyəsinin və

mükəmməl xidmət səviyyəsinin təmin olunması üçün yatırımın edilməsini qeyd edə bilərəm.

Beynəlxalq maliyyə institutlarından ibarət səhmdarlarımız bizim qarşımızda əsas məqsəd kimi

"triple bottom line" ("üç meyar") konsepsiyasına əsasən işləməyi qoyub. Başqa sözlə,

AccessBank yalnız maliyyə göstəricilərini deyil, eyni zamanda sosial və ekoloji nəticələrini də

nəzərə alaraq biznesini qurur. Anladığınız kimi, biz məsuliyyətli kreditləşməni aktiv şəkildə

inkişaf etdirməyi, əhalinin daha da böyük hissəsinin maliyyə sektoruna cəlb olunmasına, bankın

ətraf mühitə müsbət təsirinin gücləndirilməsinə çalışacağıq.

Gələn illə bağlı kifayət qədər ambisiyalı planlarınız var. Bunun fonunda bank filial şəbəkəsini

genişləndirəcəkmi?

Hələlik biz filial şəbəkəsinin genişləndirilməsi barədə düşünmürük, lakin, böyük ehtimalla, biz

relokasiyanı (yerin dəyişməsi) nəzərdən keçirəcəyik. Həmçinin, biz filialların konseptinin

dəyişdirilməsi üzərində işləyəcəyik. Bundan başqa, bank bütün distant kanallarını inkişaf etdirir

və bu proses davam edəcək. AccessBank-ın qarşısında duran əsas məqsədlərdən biri də internet

və mobil bankçılığın inkişaf etdirilməsidir. Biz onlayn kanallar vasitəsilə satışları xeyli artırmağı

hədəfləyirik. Bank müştərilərlə kommunikasiyanı gücləndirmək niyyətindədir və bunun üçün

ayrıca fokus qrupların yaradılması, sorğuların keçirilməsi, müştəri məmnuniyyətinin ölçülməsi

və s. planlaşdırılır. AccessBank-ın planlarına həm də 24/7 zonalarının genişləndirilməsi, əsas

biznes proseslərinin avtomatlaşdırılması, mobil və internet bankçılığın yenilənməsi, məhsulların

və xidmətlərin təkmilləşdirilməsi də daxildir.

Layihələrimiz çox olsa da, məqsədimiz birdir - müştəri məmnuniyyətinin və loyallığının

artırılması. Biz hər gün və istənilən səviyyədə əlimizdən gələni edəcəyik ki, müştərilərimiz bizim

qayğımızı, diqqətimizi və dəstəyimizi hiss etsin.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR