BNA-nın gördüyü işlərin müsbət nəticələri göz önündədir - EKSPERT

BNA-nın gördüyü işlərin müsbət nəticələri göz önündədir - EKSPERT
 

Bakı Nəqliyyat Agentliyi  tərəfindən bir çox istiqamətdə ciddi müsbət addımlar atılıb.

Sfera.az xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Azər Allahverənov deyib. Onun sözlərinə görə, ictimai nəqliyyatda müsbət dəyişiklikləri göstərilən xidmətlərdə xüsusilə hiss etmək olur: "Məsələn ötən il ərzində kifayət qədər çox sayda avtobus marşrutları nağdsız ödəniş sisteminə keçid edib ki, bu, olduqca vacib bir məsələdir. İctimai nəqliyyatda sərnişin daşıma ilə bağlı bir çox neqativ hadisələri məhz avtobus sürücülərinin gündəlik plana bağlı işləmələri ilə əlaqələndirirdik. Onlar bu planı yerinə yetirmək üçün daim kobud şəkildə inzibati xətalara yol verir, avtobusları sürətli idarə edir, qarşı zolağa çıxırdılar ki, dayanacağa tez çataraq sərnişin götürsünlər və planı icra etmiş olsunlar. Bu kimi neqativıərin qarşısınmın alınması baxımından nağdsız ödəniş sisteminin tətbiq olunması olduqca önəmlidir. ötən il də bir çox nəqliyyat vasitəsinin nağdsız ödənişə keçməsi bu kimi problemlərin aradan qalxmasına səbəb olub. 2020-ci ildə bu problemin tamamilə aradan qaldırılması BNA-nın üzərinə qoyulan tələblərdən biridir. Bu da daşıyıcı şirkətlərlə BNA arasında gedən danışıqlar, avtobus parkının yenilənməsi, avtobusların zəruri avadanlıqlarla təchiz edilməsi ilə öz həllini tapacaq.

Ekspert bildirib ki, digər bir müsbət nəticə Koroğlu Mübadilə Mərkəzinin açılması olub: "Bu, artıq hab funksiyasını yerinə yetirən vacib şəbəkədir. Bakı ətrafı qəsəbələri və Bakının mərkəzi rayonlarını əlaqələndirən infrastrukturun yaradılması və avtobus marşrutlarının xəttə buraxılması olduqca çətin məsələ idi. Beləliklə, Koroğlu Mübadilə Mərkəzi sərnişinlərin Bakının mərkəzindən Bakı ətrafı ərazilərə daşınması üçün imkan yaratdı. Həmçinin gələcəkdə də Bakı ətrafında bir neçə belə habların yaradılması yeni yanaşmanın yaranmasına imkan verən bir haldır.

Bizim adətən gileyləndiyimiz əsas məsələlərdən biri də avtobus sayının şəhər sakinlərinin daşınması üçün kifayət etməməsi ilə bağlı idi. Belə ki, müəyyən saatlarda avtobuslarda sərnişin sıxlığı avtobus sayının azlığı ilə əlaqədar idi. Hazırda avtobus parkının yenilənməsi üçün də bir sıra ciddi işlər görülür. 2200 avtobus mövcuddur və 300 yeni avtobus gətirilir. Sərnişinlərin ixtiyarına 2500-2600 avtobus veriləcək. Həmçinin həmin avtobuslar müasir tələblərə cavab verir və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələridir. Bu da nəticə etibarilə avtobus parkının yenilənəcəyi və ekoloji baxımdan ətraf mühitə zərər yetirməyən avtobuslardan ibarət olacağı deməkdir".

Həmçinin şəhərin bir çox yerində olan daimi tıxac problemləri var idi. Lakin bu gün yol infrastrukturunun inkişaf etdirilməsi, əlavə qovşaqların istifadəyə verilməsi, nəqliyyat axınlarının optimallaşdırılması, o cümlədən dayanma-durma ilə qeyri-qanuni parkinqlə mübarizə öz nticələrini verir. Böyükmiqyaslı tıxacların aradan qaldırılmasında sadalanan addımların olduqca önəmli təsirləri olub. Bu problemlər tam kökündən həll olunmasa da, bunun həlli istiqamətində bir çox işlər görülür, -deyə ekspert əlavə edib.

Eskpertin sözlərinə görə BNA-nın gördüyü işlərin müsbət nəticələri göz önündədir. (Fins.az)


OXŞAR XƏBƏRLƏR