\"Bir “iPhone” almaq üçün 2,5 ton pomidor istehsal edib satmaq lazımdır\" - İqtisadçı

\
"2021-ci ilin 9 ayında (yanvar-sentyabr) Azərbaycandan 128 milyon 243 min dollar dəyərində 119 min 138 ton pomidor ixrac olunub”.
 
Sfera.az bildirir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, ölkədə hər kiloqram pomidor 1 dollar 6 sentə - yəni 1 manat 80 qəpiyə satılıb:
 
"Bu günlərdə Azərbaycanda satışa çıxarılan "iPhone 13”  üzərində növbələr var idi. Qiymətlər 4000-4200 manat civarında idi, yəni, 2400-2500 dollar təşkil edirdi. Sözün qısası, bir "iPhone” almaq üçün 2500 kq, 2,5 ton pomidor istehsal edib satmaq lazımdır. 

Pomidorun əziyyətlə başa gəldiyini, aylarla əmək sərf edildiyini bilirik. Amma bir "iPhone” telefonunun istehsalı (yığılması) üçün 46 saniyə lazımdır. Yəni, biz bu ilin 9 ayında 120 min ton pomidor satmışıq, əvəzində 50 min "iPhone 13” alacağıq”.
 
İqtisadçı qeyd edib ki, aqrar sektorun, məsələn, neft sektorundan gələn gəliri əvəz etmək üçün kənd təsərrüfatının istehsalı və ixracı 25 dəfə artmalıdır:
 
"Bu isə, mümkün deyil - torpaq, su, elmi yanaşma problemlərinə görə. Aqrar sektor vacibdir, amma çıxış yolu deyil. Çıxış yolu elmə əsaslanan, azad rəqabətə söykənən, dövlətin maneçiliyi olmayan, azad məhkəmədən güc alan iqtisadi modeldir”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR