Basayevin silahdaşının qətli Rusiyaya başağrısı olacaq – Almaniya sanksiyalarla hədələdi

Basayevin silahdaşının qətli Rusiyaya başağrısı olacaq – Almaniya sanksiyalarla hədələdi


Almaniyanın Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyi bəlli olub.


Sfera.az Rusiya mətbuatına istinadən bildirir ki, Almaniya keçmiş səhra komandiri Zəlimxan Xanqoşvilinin Berlindəki qətlinə görə Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər. Bu haqda öz mənbələrinə istinadla "The Wall Street Journal” xəbər verir.

 

Nəşr iddia edir ki, qəzetdə "çeçen üsyançısı” adlandırılan Xanqoşvilinin qətlində rus izinin olduğu təsqiqlənərsə, Almaniya hakimiyyəti buna diplomatik, yaxud digər sanksiyalarla cavab verə bilər. Prokurorluq bu ehtimalı daha inandırıcı sayır, sonrakı mərhələdə isə sözügedən işlə çox guman ki, federal prokuror məşğul olacaq.

 

Bir müddət əvvəl Xanqoşvilinin qətlində şübhəli bilinən şəxsin kimliyi müəyyənləşdirilmişdi. Həmin şəxsin 1965-ci il təvəllüdlü rusiyalı Vadim Nikolayeviç Krasikov olduğu ortaya çıxmışdı. 2013-cü ilin yanvar ayında Moskvada törədilən qətlin müəllifinin də məhz Krasikov olduğu bildirilirdi. O zaman"velosipedli qatil" Kabardino-Balkariyadan olan bir iş adamını öldürmüşdü. İstintaq aparan jurnalistlərin əldə etdiyi məlumata əsasən, qatili Rusiya hakimiyyəti himayə edə bilər. Həmçinin qeyd olunur ki, sözügedən şəxs Sokolov adı ilə saxta pasport alaraq sərhədi keçib. Təbii ki, nüfuzlu havadarlarının köməyi olmadan o bunu edə bilməzdi.


Xatırladaq ki, bu ilin 23 avqustunda Berlin parkında çeçen separatçılarının liderləri Aslan Mashadovla Şamil Basayevin yaxın adamlarından biri kimi təqdim edilən çeçen mənşəli Gürcüstan vətəndaşı Zəlimxan Xanqoşvili başından güllələnmişdi.

 

 

Almaniyada Krasikovu Rusiya xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli biliblər. Rusiyanın Xarişi İşlər Nazirliyi isə bu fərziyyələri əsassız adlandıraraq, Almaniyanı istintaqın tamamlanmasını gözləməyə çağırıb.

 

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR