Baş redaktor PA rəhbəri Samir Nuriyevə və digər dövlət rəsmilərinə müraciət etdi: \"Erməni diasporu məni Azərbaycanda həbs etdirmək istəyir\"

Baş redaktor PA rəhbəri Samir Nuriyevə və digər dövlət rəsmilərinə müraciət etdi: \
 

"Aslan İsmayılov vasitəsi ilə xüsusi ittiham qaydasında Binəqədi rayon məhkəməsinə təqdim olunan iddia ərizəsi barədə siyasi liderim- Prezident İlham Əliyevə və son dərəcə böyük ehtiram bəslədiyimiz Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müvafiq qaydada məlumat verməyinizi xahiş edirəm"

AzNews.az analitik-informasiya portalının Baş redaktoru Taleh Şahsuvarlı Azərbaycan Respublikasının dövlət rəsmilərinə açıq müraciət edib. Müraciəti təqdim edirik:

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev cənablarına!

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov cənablarına!

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov cənablarına!

Azərbaycan Respublikası Prezidentinin köməkçisi- Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov cənablarına!

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev cənablarına!

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi müdirinin müavini Səadət xanım Yusifovaya!

AÇIQ MÜRACİƏT

Çox hörmətli dövlət rəsmilərimiz!

Bu günlərdə mənə məlum olmuşdur ki, Aslan İsmayılov adlı şəxs həbs olunmağım tələbi ilə barəmdə Bakı şəhəri Binəqədi rayon məhkəməsinə xüsusi ittiham qaydasında iddia ərizəsi təqdim edib. Bu barədə müvafiq məhkəmə qurumundan heç bir rəsmi bildiriş almasam da, şəxsi vəkilim vasitəsi ilə dəqiqləşdirdim ki, məlumat doğrudur, barəmdə təqdim edilən iddia ərizəsinə baxış 16 iyun 2020-ci il, saat 14:45 tarixinə təyin edilib. O da məlum oldu ki, iddia ərizəsinin predmeti az qala bir il öncə- 17 sentyabr 2019-cu ildə baş redaktoru olduğum AzNews.az saytında yayımlanmış "Aslan İsmayılov və oğlu erməni casusun "qolları arasında" - DTX-nı hərəkətə keçirəcək şok FOTOLAR” adlı araşdırmadır. Bu məqalənin linkini və orada istinad olunan əsas faktları müraciətimə əlavə edirəm, eyni zamanda qısaca bu barədə danışmaq istəyirəm.

Ötən ilin sentyabrında cəmiyyətdə "Aslan İsmayılov” kimi tanınan, ancaq mənim başqa bir araşdırma ilə üzə çıxardığım fakta görə, əsl adı "Allahverdi” olan şəxs öz Facebook səhifəsində qonşu Gürcüstan Respublikasında fəaliyyət göstərən "Gənc Liderlər Təşəbbüsü” adlı bir QHT-nin layihə həyata keçirməsi, həmin layihə çərçivəsində bir neçə soydaşımızın Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin fərqli bir ölkədəki iqamətgahında qonaq olması, həmçinin sözügedən layihənin koordinatorunun oğlu Ziyəddin İsmayılov olması barədə məlumat vermişdi.

Ziyəddin İsmayılovun şəxsi Facebook səhifəsində 15 sentyabr 2019-cu ildə yaydığı şəkilli statusda da bu məlumat təsdiqlənir və bir daha məlum olurdu ki, layihənin rəhbəri Kristina Puşau adlı ABŞ vətəndaşıdır.

Bu məlumat bir jurnalist olaraq diqqətimi cəlb etdiyindən Kristina Pusau adlı Tiflisdə mənzillənmiş ABŞ vətəndaşı ilə bağlı AÇIQ İNTERNET RESURSLARINDA araşdırma apardım və məlum oldu ki, sözügedən xanım 2012-ci ildə məzun olduğu ABŞ-ın Cənubi Kaliforniya Universitetində təhsil alarkən Erməni Tələbələr Cəmiyyətinin sədri olub, ABŞ-dakı erməni diasporunun fəaliyyətində (bu fəaliyyətin Azərbaycana və qardaş Türkiyəyə qarşı olması da hər kəsə yaxşı məlumdur) yaxından iştirak edib. Bundan başqa o da məlum oldu ki, K. Puşau Gürcüstanın sabiq prezidenti M. Saakaşvili ilə çox yaxın münasibətlərə malik olmaqla Cənubi Qafqazda "məxməri inqilab” ideyeasının gerçəkləşməsində əsas xarici fiqurlardan biridir, bir neçə dil bilir, siyasi hakimiyyətlərin desentralizasiyası üzrə ixtisaslaşaraq SİYASİ KƏŞFİYYAT ŞİRKƏTLƏRİndə çalışıb. Onun ABŞ-ın kəşfiyyat strukturlarından olan FTB-na məlumatlar ötürməsi barədə də internet mediasında informasiyalar mövcuddur. Üstəlik, Azərbaycan onun xüsusi maraq dairəsində olan ölkələrdən biridir.

Hər kəsə o da yaxşı məlumdur ki, Ermənistan xüsusi xidmət orqanları öz fəaliyyətində həm informasiya toplanması, həm də müəyyən planların icrasında xaricdəki erməni diaspor təşkilatlarının insan və digər resurslarından ciddi şəkildə istifadə edir. Belə olduğu təqdirdə, Kristina Puşaunun Qafqazdakı fəaliyyətinin Ermənistan xüsusi xidmət orqanlarının diqqətindən kənarda qalması qətiyyən inandırıcı deyil.

Bütün bu sadalanan faktları və faktlar arasındakı rabitədən doğan məntiqi nəticələri bir araya gətirərək hazırladığım araşdırmanı ötən il baş redaktoru olduğum AzNews.az analitik-informasiya portalında yaymış (//www.aznews.az/news/political_debate/238330.html), bundan əlavə, açıq və rəsmi qaydada hüquq-mühafizə orqanlarına müraciət edərək Azərbaycan dövlətinin təhlükəsizliyinə təhdid ünsürü kimi gördüyüm Kristina Puşau ilə İsmayılovların bağlantısının araşdırlmasını xahiş etmişəm. Hesab edirəm ki, bu araşdırma və müraciətim həm dövlət , həm ictimai maraqlar baxımından, həm də illərdir müdafiəçisi olduğum Azərbaycan Prezidenti İlham Əliyevin siyasi hakimiyyətinə qarşı məkrli planlar hazırlaya biləcək mərkəzlərin ifşa olunması baxımından son dərəcə vətənpərvər və əhəmiyyətli addım olub.

Çox hörmətli dövlət rəsmiləri!

Müəllifi olduğum araşdırma ilə Aslan İsmayılov qısa zamanda tanış olub və istinad olunan təkzibedilməz faktları dana bilməsə də, öz açıqlama və müsahibələrində bu barədə danışıb, öz aləmində təkzib etməyə çalışıb. Odur ki, 10 ay keçdikdən, hətta "KİV haqqında qanun”da nəzərdə tutulan təkzibin verilməsi müddətindən də xeyli vaxt ötdükdən sonra onun həmin məqaləni xüsusi ittiham qaydasında iddia ərizəsinin predmetinə çevirərək məhkəməyə müraciət etməsi xeyli suallar doğurur.

 

Bu suallar üzərində düşünərkən qənaətlərim və daxili inamım o istiqamətə yönəlir ki, müvafiq araşdırmanın dərcindən və DTX rəhbərliyinə açıq müraciətimdən sonra Azərbaycanla bağlı fəaliyyət imkanları son dərəcə daralmış Kristina Puşau adlı müəmmalı əlaqələrə malik əcnəbi Aslan İsmayılov vasitəsi ilə öz milli dövlətimdə öz dövlətimin milli təhlükəsizlik maraqlarını qoruduğum üçün məni həbslə cəzalandırmaq, susdurmaq, düşüncə və ifadə hürriyətimi boğmaq, reputasiyamı zədələmək, jurnalist kimi peşə fəaliyyətimə mane olmaq üçün Azərbaycan məhkəmələrinə qanuni müraciət hüququndan şantaj məqsədi ilə yararlanmağa təşəbbüs göstərir. Heç kimə sirr deyil ki, Kristina Puşaunun təmsil etdiyi dairələr Azərbaycandakı məşhur "5-ci kolon”un himayəçiləridirlər. Onların himayə etdikləri şəxslərin dövlət təşkilatının müxtəlif instansiyalarına sızması da istisna deyil. Mən Azərbaycan ordusunun hazırda ehtiyyatda olan zabiti kimi vətənim və dövlətim uğrunda ölməkdən qorxmamağa və hər cür fiziki, mənəvi-psixoloji işgəncəyə qatlanmağa and içmiş adamam. Bu and qarşılığında məni öz dövlət maraqlarımızın və Prezident İlham Əliyevin milli siyasətinin müdafiəsindən hər hansı təzyiq və təhdidlərlə yayındırmaq mümkün deyil.

1989-cu ildə Sumqayıt hadisələrinin məhkəməsində SSRİ adlanan imperiyanın ittihamçısı kimi çıxış edərək soydaşlarımıza ölüm hökmü tələb edən, bununla soydaşlarımızın məlum hadisələrin törədilməsindəki hüquqi məsuliyyətini mənşəcə erməni olan Eduard Qriqoryanla eyniləşdirərək xalqımıza qarşı bağışlanmaz mövqe tutan;

1993-cü ildə kiçik məmur kimi üzvü olduğu Əbülfəz Elçibəy komandasını sataraq vəzifəsində qalan;

1993-cü ilin avqustunda, Azərbaycanın ən gərgin çağlarında xilaskar Heydər Əliyevə və bütün xalqa parlament tirubunasından ağ yalan danışan;

1995-ci ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətinə qarşı məkrli niyyətləri ifşa olunduğu üçün Prezident Aparatından qovulan;

Daha sonra "Ədalət” və "Demokrat” partiyalarına sığınaraq İlyas İsmayılov və Rəsul Quliyevin dəstəkçisi kimi müxalif mövqedən çıxış edən;

Bir neçə dəfə Vəkillər Kollegiyasından xaric edilən;

Xəzər dənizinin Bibiheybət istiqamətindəki sahilində rəsmi balansda olan torpaqları zəbt etməsi məhkəmə qərarı ilə təsdiqlənən;

Azərbaycan dövlətçiliyinə qarşı 21-ci əsrin ən məkrli layihəsi olan Milli Şuranın yaradılmasında fəal iştirak edən, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlini mitinq tribunasından təbliğ edən və "mənim liderim” adlandıran, elə həmin mitinqdə öz bioqrafik məlumatlarını danaraq cəmiyyətə daha bir açıq dezinformasiya ötürən;

"Azadlıq radiosu”na verdiyi son müsahibədə Prezident İlham Əliyevin hakimiyyətdə öz iradəsi ilə qalmaması barədə cəmiyyətdə çaşqınlıq yarada biləcək böhtanlar uyduran;

Bir sözlə, Azərbaycana ayaq basdığı gündən bəri bütün fəaliyyəti milli maraqlarımızın ziddinə və öz merkantil tələbatlarının təminatına yönəlmiş Aslan İsmayılov sayaq bir tipdən İlham Əliyev kimi vətənpərvər, yüksək dünyagörüşlü və qətiyyətli bir Liderin hər baxımdan alnıaçıq tərəfdarı olaraq mənim həqiqətlərə, doğruluğu hər kəs tərəfindən asanlıqla yoxlana biləcək faktlara- həmin faktlara əsaslanan sərt polemikalara rəğmən öz yazılarımda heç zaman peşə etikasının tələblərini pozmamağıma- rəğmən təkzib verməyim və üzr istəməyim də heç bir şəkildə mümkün deyildir.

Odur ki, "5-ci kolon”un Azərbaycandakı bütün nümayəndələrinin milli məsələlərdə sərgilədiyim prinsipial mövqeyə görə mənə qarşı aqressiv olduqlarını, absurd bir iddia ərizəsi ilə başlanacaq məhkəmə çəkişməsindən bəhrələnmələri ehtimalını nəzərə alınmasını, mənim timsalımda bir jurnalistə və KİV rəhbərinə təzyiq göstərmək üçün Aslan İsmayılov vasitəsi ilə xüsusi ittiham qaydasında Binəqədi rayon məhkəməsinə təqdim olunan iddia ərizəsi barədə siyasi liderim- Prezident İlham Əliyevə və son dərəcə böyük ehtiram bəslədiyimiz Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müvafiq qaydada məlumat verməyinizi xahiş edirəm.

Hörmətlə,

Taleh Şahsuvarlı,
AzNews.az analitik-informasiya portalının Baş redaktoru



OXŞAR XƏBƏRLƏR