“Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkət məhdudiyyəti ADY ilə bağlı deyil” - AÇIQLAMA

“Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkət məhdudiyyəti ADY ilə bağlı deyil” - AÇIQLAMA
 

Bildiyimiz kimi, Bakı ilə Sumqayıt arasında istifadə edilən alternativ nəqliyyat vasitəsi kimi elektrik qatarları mühüm əhəmiyyət kəsb edir. Pandemiya şəraitində bir sıra nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulsa da, Abşeron Dairəvi Dəmiryolu xətti ilə hərəkət edən elektrik qatarları Sumqayıt, Xırdalan şəhərləri, eləcə də Bakı kəndlərindən paytaxta gələn sərnişinlərin hərəkətini asanlaşdırıb. Bakı -Xırdalan-Sumqayıt elektrik qatarlarının hərəkətinin dayandırılması bu baxımdan insanlarda istər-istəməz müəyyən narazılıqlara səbəb olub.  

Dəmiryolu körpüsünü ADY deyil, Avtomobil Yolları Dövlət Agentliyi sökür

Nəqliyyat üzrə ekspert Yasin Mustafayev "MediaPost”a açıqlamasında qeyd edib ki, Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi işləri ilə əlaqədar Xırdalan dairəsində genişləndirmə işləri həyata keçirilir: "Bakı-Sumqayıt yolu ən problemli yollardan biridir. Yoldakı zolaqların sayının az olması, tıxaca, yolda ensiz boğazların (butulka effekti) yaranmasına səbəb olurdu. Bu da yolda genişləndirmələrin aparılmasını zəruri edirdi. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakı-Sumqayıt yolunun genişləndirilməsi işlərini həyata keçirilir. Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsü isə genişləndirmə işlərinə maneçilik törədir. Bu səbəbdən Agentlik köhnə körpünü söküb və onun yerində yeni biraşırımlı tağlı dəmir yolu körpüsü inşa edəcək. Yəni, dəmiryolunda hərəkətin məhdudlaşdırılması ADY ilə bağlı deyil, AAYDA-nın yolun genişləndirilməsi işləri ilə əlaqəlidir”. 

Y. Mustafayev  deyib ki, bu körpülər adətən istismar müddəti bitdiyi üçün sökülüb yenisi ilə əvəzlənir. Adıçəkilən körpü isə köhnə deyildi və sökülməsi sırf yolun genişləndirilməsi zərurətindən yaranıb. 

"Vətəndaşlar dözüm göstərməli, aidiyyatı qurum da işi vaxtında bitirməlidir”

Ekspert bildirib ki, körpünün sökülməsi müəyyən müddət dəmiryolunun hərəkətini iflic edəcək, eyni zamanda avtomobillərin hərəkətini məhdudlaşdıracaq.  Vətəndaşların buna səbr, dözüm göstərməsi çox önəmlidir. Aidiyyatı qurumun isə qısa müddətdə tikinti işlərini sürətləndirməsi və başa çatdırması lazımdır.

Sumqayıta bu qatarla getmək olacaq 

Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-dən "Mediapost”a bildirilib ki, Bakı-Xırdalan-Sumqayıt qatarları avqustun 10-dan noyabrın 10-dək hərəkətdə olmayacaq. Bu müddətdə Bakı-Sumqayıt istiqamətində digər elektrik qatarından istifadə etmək mümkündür: "Körpünün tikintisi müddətində Sumqayıta gedən və ya ordan Bakıya gələn sərnişinlər Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən elektrik qatarlarından istifadə edə bilərlər”.


OXŞAR XƏBƏRLƏR