Bakı Metropoliteninin 5 milyonunu niyə kəsdilər? – EKSPERTDƏN AÇIQLAMA
"Gələn ilin büdcəsində Bakı Metropolitenə ayrılacaq vəsaitin cari illə müqayisədə azaldılması dövlət başçısının son müşavirələrin birində büdcə xərcləmələrində şişirtmələrin olduğu barədə açıqlamasından sonra gündəmə gəlib”.
Sfera.az-a açıqlamasında bu sözləri cari il üçün metropolitenə 45 milyon manat ayrıldığı halda, 2020-ci ildə 40 milyon manatın ayrılacağı, yəni 5 milyon manat azaldılacağı məsələsinə toxunarkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:
"Biz müstəqil iqtisadçılar olaraq illərdir, büdcəyə ayrılan vəsaitlərin şişirdildiyi, sonradan müxtəlif üsul və sxemlərlə mənimsənildiyindən danışırdıq. Məhz Prezidentin həmin çıxışından sonra büdcəyə yenidən əl gəzdirildi və həm təmir-tikinti işlərindəki xərclər azaldıldı, həm də dotasiyaların azaldılması ilə bağlı qərar qəbul olundu. Maliyyə Nazirliyi büdcənin yeni redaksiyasını tərtib etdi. Nəticədə bir çox istiqamətlər üzrə ayrılan dotasiyalarda azalmalar müşahidə olunur. Anoloji hal Metropolitenlə bağlı da özünü göstərib”.
Ekspert onu da bildirdi ki, atılan bu addım heç də bəzilərinin iddia etdiyi kimi, metroda gediş haqlarının artımına gətirib çıxarmayacaq: "Atılan bu addım şayiələrin yayılmasına səbəb oldu ki, ayrılan vəsaitin azaldılması fonunda metroda gediş haqqı artırıla bilər.Əslində isə 5 milyon manat azalma ilə gediş haqqının artırılması doğru olmazdı. Çünki cəmi 5 milyon azalma qiymət artımında hər hansı bir dəyişikliyə səbəb olmamalıdır”.
Elçin
Sfera.az