“Azərbaycanda qumar və fahişəxanalar leqallaşdırılsın” – Ekspertdən qalmaqallı açıqlamalar

“Azərbaycanda qumar və fahişəxanalar leqallaşdırılsın” – Ekspertdən qalmaqallı açıqlamalar
Son onilliklərdə qumar və seks işçiliyinə icazə verən ölkələrin sayı artır. Təcrübə göstərir ki, qəti qadağaların tətbiq edilməsi uğurlu deyil, tam məhdudiyyət bu sahələrdə neqativ halların çoxalmasına, kriminal ünsürlərin formalaşmasına, insan hüquqlarının pozulmasına, həmçinin sağlamlıq problemlərinin yaranmasına səbəb olur.
 
Bu səbəbdən də hökumətlər qumar və seks işçiliyini qadağan etmək əvəzinə, bu sahələrdə fəaliyyətin daha məqbul şəkildə idarə edilməsinə üstünlük verməyə başlayıblar. Bu cür yanaşma Avropa, Latın Amerikası ölkələrində, Avstraliyada, Asiya və Afrikanın bir neçə ölkəsində müşahidə edilir.
 
Maraqlıdır, ölkəmizdə də qumar və seks xidmətinin leqallaşması mümkündürmü?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Gundem.az saytının baş direktoru və tanınmış sosial media mütəxəssisi Emil Məmmədov sözügedən sahələrə qoyulmuş qadağaların yumşaldılmasının vacib olduğunu düşünür:

 
"Azərbaycan qumar və seks işçiliyinə tam qadağa tətbiq edən ölkələrdəndir. Qanunlarımıza görə, bu sahələrdə fəaliyyəti təşkil etmək cinayət əməli hesab olunur. Amma qadağalara baxmayaraq, hər il qumaq oyunlarının təşkili və fahişəxanaların fəaliyyəti ilə bağlı çoxsaylı faktlar aşkarlanır. Aşkarlanmayan faktlar da nəzərə alınarsa deyə bilərik ki, ölkəmizdə bu cür fəaliyyətlər qeyri-qanuni formada onsuz da mövcuddur və həmin sahələrdə kriminal ünsürlərin fəaliyyəti var”.
 
Emil Məmmədov deyir ki, yüzillər boyu bütün məhdudiyyətlərə baxmayaraq qumar oynamaq istəyən, seksual münasibətlərdə maraqlı olan insanlar olub və olacaq:

"Buna görə də adıçəkilən sahələrdə fəaliyyəti qadağan etmək əvəzinə prosesin daha düzgün tənzimlənməsinə ehtiyac var. Xüsusilə, qumar sahəsi tədricən nəzarətdən çıxır. İnternetin inkişafı qumar oyunlarında iştirak etmək istəyənlərin işini asanlaşdırıb. İndi onlayn formada müxtəlif qumar oyunlarına qatılmaq mümkündür. Hətta bəzi bəzi onlayn kazino saytları tərəfindən canlı yayımla qumar oyunları da təşkil edilir.


 
Qumar oyunlarına qadağaların tətbiqi sektorda kriminal qruplaşmaların da aktivləşməsinə gətirib çıxarıb. Məsələn, ABŞ-da əvvəllər qumar oyunlarının təşkili qadağan idi. Bundan faydalanan kriminal qruplaşmalar qumar biznesinin təşkili ilə məşğul olmağa başlayıb. Bu vəziyyət qumar oynamaq istəyən insanlara zərər verməklə yanaşı, qeyri-qanuni yolla gəlir əldə edilməsinə də şərait yaratdı. Qadağaların neqativ nəticələrini nəzərə alan ABŞ hökuməti tədricən qumarxanaların, kazinoların fəaliyyətinə icazə verməyə başladı. 2006-cı ildən isə ABŞ-da internet vasitəsilə qumar oynanılması qadağan edildi. Düzgün tənzimləmə ilə həm kriminal qruplaşmalar aradan qaldırıldı və ya xeyli zəiflədildi, eyni zamanda dövlət bu fəaliyyətdən böyük məbləğdə vergi toplamaq imkanı qazandı”.
 
Müsahibimizin sözlərinə görə oxşar yanaşma seks işçiliyinə münasibətdə də görünür:
 
"Getdikcə daha çox ölkə qati qadağaları müəyyən məhdudiyyətlərlə əvəz edir. Belə ölkələrin arasında keşmiş sovet respublikaları da var. Qazaxıstan, Tacikistan, Qırğızıstan, Baltikyanı ölkələr müəyyən məhdudiyyətlə seks işçiliyinə icazə verir. Seks işçiliyi tam qadağan edildikdə ona nəzarət çətinləşir, yoluxucu xəstəliklər artır, qadınların insan alverinin qurbanına çevrilməsinə şərait yaranır, bu işlərdən qazanc əldə edən vasitəçilər çoxalır.
Xarici və daxili təcrübəni nəzərə alaraq Azərbaycanda da qumarxanaların fəaliyyətinə və seks işçiliyinə icazə verilməli, müəyyən məhdudiyyətlər tətbiq etməklə həmin sahələr daha düzgün tənzimlənərək neqativ halların inkişafının qarşısı alınmalıdır”.

Emil Məmmədov hesab edir ki, qumar və seks işçiliyinə rəsmi icazə verilməsinin böyük iqtisadi faydaları da var:

 
"Hökumətlər qadağaları aradan qaldırmaqla ölkədə turizmin inkişafına, məşğulluğun və dövlət büdcəsinin vergi gəlirlərinin artmasına şərait yaradır.
Xüsusən qumar biznesində böyük pulların dövr etdiyi məlumdur. 2020-ci ildə dünyada qumar bazarının həcmi 466 milyard dollar olub. Dövriyyə 2021-ci ildə 516 milyard dolları ötüb. Proqnozlara əsasən 2025-ci ildə bazarın böyüklüyü 674,7 milyard dollara yüksələcək. Qumar biznesinə imkan yaradılması qumar turizminin yaranmasına və inkişafına səbəb olur. Qumar, turistlərin müəyyən bir ölkəyə səfərlərinə cəlb edilməsinin bir yoludur. Keçən illər ərzində aparılan araşdırmalar göstərir ki, turistlər müxtəlif kazinolarda və əlaqəli qumar obyektlərində oynayır və pullarını yatırırlar. Qumar oynayan turistlər adətən varlı şəxslər olduğundan onların xərclədiyi vəsait də böyük olur. Məsələn, 2019-cu ildə Las-Veqas şəhəri qumar turizmi yolu ilə 48 milyondan çox turist cəlb edib. Turistlər şəhərdə 41 milyard dollar xərcləyib. Bu qədər turistə xidmət üçün şəhərdə 350 min iş yeri də fəaliyyət göstərir.
 
Qumarla məşhur olan digər bir şəhər Çinin xüsusi inzibati ərazisi Makaodur. Burada 2021-ci ildə 36 milyard dollar dövriyyə olub.
 
Seks turizminin də əlavə dəyər yaratmaq imkanları böyükdür. Məlumdur ki, dünyada turistlərin daha çox hissəsi əyləncə məqsədilə səfər edir. Müxtəlif araşdırmalara görə əyləncə üçün səfərə çıxanların 10-20 faizi seksual münasibətlərə maraq göstərir. Hansı ölkədə bu cür münasibətlər üçün məhdudiyyət yoxdursa, seks turizmi ölkəyə rəsmi formada ciddi gəlir gətirir. Məsələn, Amsterdam hər il 5 milyondan çox beynəlxalq turisti məhz bu səbəbdən cəlb edir. Rəsmi məlumatlar göstərir ki, seks turizmi Hollandiyanın ÜDM-nin 5%-dən çoxunu təmin edir”.
 
Kənan


 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...