No Image
No Image

Azərbaycanda dollar alışı kəskin azalıb – NƏ BAŞ VERİR, NƏLƏR OLACAQ?

Azərbaycanda dollar alışı kəskin azalıb – NƏ BAŞ VERİR, NƏLƏR OLACAQ?

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı məhdudiyyət tətbiq edilən sahələrdə çalışan şəxslərə aprelin 8-dən kompensasiyanın verilməsinə başlanılacaq. Birbaşa kompensasiya şəklində ayrılacaq vəsaitin məbləği 1 milyard 228 milyon manatdan artıqdır. Bundan başqa dolayı şəkildə biznes kreditlərinə 1,5 milyard manat dəstək də nəzərdə tutulub. Digər tədbirlərlə birgə ümumi kompensasiyanın məbləğinin 3 milyard manata çatacağı gözlənilir.


Kompensasiyanın 678,6 milyon manatı birbaşa əmək haqqı, sosial müavinət və fərdi sahibkara veriləcək maliyyə yardımı şəklində olacaq. Əmək haqqı və sosial ayırmaların çox hissəsi aprel ayında, qalan hissəsi mayda paylanılacaq.

 

Əhalinin sosial müdafiəsinin gücləndilməsi məqsədilə atılan bu addım ölkədə pul kütləsinin həcminin artmasına da səbəb olacaq. Pul kütləsinin artması fonunda yaranan suallardan biri də ölkəmizdə dollar alışının yenidən artması ehtimalıdır.

 

Sfera.az xatırladır ki, martın ikinci ongünlüyündə dollar alışı xeyli dərəcədə artsa da ayın sonuna doğru dollar alışında azalma baş verib. Aprel ayının ilk günlərində də dollar alışının azalması müşahidə edilir. Mərkəzi Bankın məlumatına əsasən, martda 9 hərrac keçirilib və bu hərraclarda 1 milyard 917 milyon dollardan çox vəsait satılıb. Hərracların 7-də dollar alışının miqdarı böyük olub. Amma 8-ci və 9-cu hərracda dollar alışı xeyli azalıb. Belə ki, ilk hərraclarda 200 milyon dollardan çox valyuta satıldığı halda martın 29-da keçirilən 8-ci hərracda alış 106,5 milyon dollar, martın 31-də keçirilən 9-cu hərracda 95,6 milyon dollar olub.

 

Apreldə artıq 2 hərrac keçirilib. Ayın 2-də keçirilən hərracda 74,6 milyon dollar, aprelin 7-də keçirilən hərracda 67,2 milyon dollar alınıb. Ümumilikdə bu hərraclarda 141,8 milyon dollar alıcı tapıb. Göründüyü kimi, son hərraclarda dollar alışı xeyli azalıb.


Dollar alışının azalmasına xüsusi karantin rejiminin tətbiq edilməsi, bu səbəbdən insanların pul gəlirlərinin azalması və Mərkəzi Bankın monetar tədbirləri təsir göstərib. Martda pul bazasının həcmi fevral ayına nisbətən 2 milyard 45 milyon manatdan çox azalıb. Azalmanın bir hissəsi Mərkəzi Bankın açıq bazardakı əməliyyatları hesabına mümkün olub. Mərkəzi Bank vaxtaşırı keçirdiyi depozit hərracları ilə dövriyyədən manatla pul vəsaitini müvəqqəti çıxarır. Martda 650 milyon manat qısa müddətə dövriyyədən çıxarılıb.

 

Ötən ay pul bazasının azalmasına iş yerlərinin bağlanmasının da ciddi təsiri olub. İş yerləri bağlandığından insanların bir hissəsi gəlir əldə edə bilməyib, eyni zamanda sahibkarların mal dövriyyəsi kiçilib. Bu amillər pul bazasına azaldıcı təsir göstərib. Pul bazasının azalmasına dollar alışının özü də təsir edib. Manatla olan nağd pul vəsaitlərinin bir hissəsi dollar alışına yönəldilərək yığıma cəlb edildiyindən bazanın həcmi kiçilib.


Pul bazasının həcmində belə böyük azalma ilk dəfədir ki, müşahidə edilir. Böyük azalmanın nəticəsində ölkədə ciddi manat çatışmazlığı da yaranıb. Məhz manat azlığının yaranması ayın sonuna doğru və aprelin ilk günlərində dollara tələbi xeyli zəiflədib. Başqa sözlə, artıq dollar almaq üçün yetəri qədər manat yoxdur.

 

Apreldə dövlətin koronavirus pandemiyasından əziyyət çəkənlərə maliyyə yardımı verməsi manatla pul bazasının həcmini artıra bilər. Bəs, bu artım yenidən dollara olan tələbi, yəni alışı yüksəldə bilərmi?

 

Zənnimizcə, bu baş verməyəcək. Çünki aprelin 20-nə qədər xüsusi karantin rejimi qüvvədədir və iqtisadi subyektlərin, o cümlədən fiziki şəxslərin gəliri işgüzarlığın aşağı düşməsi ilə əlaqədar xeyli azalacaq. Digər tərəfdən pulu olanların karantin şəraitində dollar alması cəhdləri də çətinləşib. Bunun üçün hər dəfə icazə alıb, evdən çıxıb, banka gedib, uzun növbə gözləyib dollar almaq lazımdır.

 

Ayrılacaq vəsaitlərin ciddi tələb yaratmaq imkanı da məhduddur. Bu vəsaitlər çox insanı əhatə etdiyinə görə onunla böyük həcmdə vəsait yığmaq mümkün olmayacaq. Həmin vəsait əsasən istehlak xərclərinin ödənilməsinə yönəldiləcək.

 

Bütün sadalananlarla yanaşı Mərkəzi Bank da dollar alışının artmaması üçün tədbirlər görəcək. Mərkəzi Bank keçirəcəyi depozit hərracları ilə bazardan böyük həcmdə pulu yığacaq. Apreldə ilk depozit hərracı ayın 6-da keçirilib. Həmin hərracda 258,7 milyon manat pul cəlb edilib. Bu qədər vəsait banklara ayın 20-də qaytarılacaq. Əgər ay ərzində manatla vəsaitlərin həcmində əlavə artım olarsa, Mərkəzi Bank daha bir neçə depozit hərracı keçirib izafi manatı yığacaq. Bu tədbirlər dollara tələbin artmasına imkan verməyəcək.

 

Apreldə dollar alışını yalnız OPEC+ çərçivəsində razılaşmanın olmaması artıra bilər. Bu halda neftin bahalaşması ehtimalı minimuma enəcək və yenidən dollara tələb yüksələcək. Lakin belə bir razılaşmanın baş verməməsi ehtimalı olduqca azdır. Çünki neftin qiymətini siyasi razılaşmalar müəyyən edir və artıq ABŞ, Rusiya, Səudiyyə Ərəbistanı bununla bağlı ilkin razılaşma əldə edib. Belə olan təqdirdə neftin ucuzlaşmasından yox, bahalaşmasından söhbət gedə bilər.

 

Deməli, apreldə nə dövlətin maliyyə yardımları, nə də neftin qiyməti dollar alışının artacağına əsas yaratmır. Əksinə, neftin qiymətinin yüksəlməsi baş verərsə, yenidən dollar alışı yox, satışı müşahidə ediləcək.

 

Vasif

Sfera.az

 

 

 

 


Turan Bank

OXŞAR XƏBƏRLƏR

Hansı ərzaq məhsulları bahalaşıb, hansı ucuzlaşıb? - STATİSTİKA

İllik müqayisədə ərzaq məhsullarının qiymətində müşahidə edilən artım 2020-ci ilin yanvar-may dövründə də davam edib. Dövlət Statistika Komitəsinin məlumatına...

Banklardan 400 milyon manat həcmində əmanət “qaçışı” – NƏ BAŞ VERİR?

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının tövsiyyəsinə əsasən Mərkəzi Bankla razılaşdırılm...

Hökumət “uşaq pulu”nu bərpa edir? - Pandemiya mövzunu yenidən aktuallaşdırıb

  Koronavirus pandemiyasının ailələrin gəlirinə mənfi təsir etməsi, çoxlu sayda işsizin yaranması, ünvanlı sosial yardıma ehtiyacı olan ailələrin sayını...

Manat qıtlığı yaranıb, dollar alışı KƏSKİN AZALDI

Banklarda dollara tələbdə azalma dinamikası davam edir. Dövlətin koronavirus pandemiyasının təsirlərini zəiflətmək üçün sahibkarlara və muzdlu işçilərə verdi...

190 manat vətəndaşın minimum ehtiyaclarını ödəyirmi? - ARAŞDIRMA

Azərbaycan Prezidentinin göstərişinə əsasən, karantinlə əlaqədar işsiz olan insanlara verilən 190 manatlıq birdəfəlik ödəməni daha çox insan alacaq. Nazirlər ...

Azərbaycanda dollar alışı kəskin azalıb – NƏ BAŞ VERİR, NƏLƏR OLACAQ?

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı məhdudiyyət tətbiq edilən sahələrdə çalışan şəxslərə aprelin 8-dən kompensasiyanın verilməsinə başlanılacaq. Bi...