Azərbaycanda avtomobillərin 80 faizi köhnəlib - İdxal şərtləri dəyişməzsə, 5 ildən sonra...

Azərbaycanda avtomobillərin 80 faizi köhnəlib - İdxal şərtləri dəyişməzsə, 5 ildən sonra...
Azərbaycanda köhnə avtomobillərin idxalının artması nəticəsində avtomobil parkının köhnəlməsi prosesi 2020-ci ildə də davam edib. 

Sfera.az bildirir ki, 2017-ci ildə avtomobillərin73,5 faizi köhnə (istehsal tarixi 10 ildən artıq olan) olduğu halda ötən il köhnə avtomobillərin payı 79 faizə çatıb. 

2021-ci ilin yanvarın 1-nə olan məlumata əsasən, ölkəmizdə 1,474 milyon ədəd avtomobil var. Onların 1,265 milyon ədədi (85,8 faiz) minik avtomobili, 154,6 min ədədi yük avtomobili, 30, 757 min ədədi avtobus, 11,6 min ədədi xüsusi təyinatlı, 12 mini isə digər təyinatlı avtomobillərdir.

Avtomobillərin köhnəlməsi prosesi minik avtomobillərində daha sürətlə gedir. Hazırda minik avtomobilləri parkı digərlərinə nisbətən daha yeni olsa da dinamika göstərir ki, bir neçə ildən sonra vəziyyət dəyişəcək. Bu da onunla bağlıdır ki, digər avtomobillərlə müqayisədə köhnə minik avtomobillərinin idxalı daha çoxdur. Eyni zamanda, digər avtomobil növlərindən fərqli olaraq köhnələn minik avtomobilləri istifadədən çıxarılmır, əksinə təmir edilərək davamlı istifadə edilir. Bu səbəbdən minik avtomobillər arasında köhnə avtomobillərin payı sürətlə artır.

2017-ci ildə minik avtomobillərinin 72,4 faizi köhnə olduğu halda, ötən ilin sonunda 78,5 faizə yüksəlib. Üç il əvvəl minik avtomobillərinin 830,7 mini köhnə idi. Hazırda minik avtomobillərinin 993,4 mini köhnədir. Köhnə minik avtomobillərinin sayı 19,6 faiz artıb.

Yük avtomobillərinin 135,7 mini və ya 87,7 faizi köhnədir. 2017-ci ildə sayı 143 min olan yük avtomobilinin 116,5 mini və ya 81,4 faizi köhnə olub. Üç il ərzində köhnə yük avtomobillərinin sayı 16,5 faiz artıb. 

Avtobus parkında köhnəlmə prosesi daha zəifdir. Burada 2017-ci ildə 23,6 min köhnə avtobus (76,6 faiz) var idi. 2020-ci ilin sonunda onların sayı 25,8 min ədədə, payı isə 84 faizə yüksəlib. Son 4 ildə köhnələn avtobusların sayında artım 9,32 faiz təşkil edib. 
Xüsusi təyinatlı avtomobil parkının isə 76 faizi köhnədir. Burada olan avtomobillərin 8 777 ədədinin istehsal tarixi 10 ili ötüb. 

2017-ci ildə xüsusi təyinatlı avtomobillərin 7131 ədədi və ya 65 faizi köhnə idi. Müqayisə edilən dövrdə köhnələn xüsusi təyinatlı avtomobillərin sayı 23,1 faiz artıb.

Statistik məlumatların təhlili göstərir ki, avtomobillərin idxal şərtləri dəyişməzsə, 5 ildən sonra ölkəmizdə olan avtomobillərin 90 faizi köhnələcək. 
Minik avtomobillər arasında onların xüsusi çəkisi isə 85-87 faizə çatacaq. 
Bu vəziyyət ətrafa atılan zərərli qazların miqdarının bir qədər də artmasına şərait yaradacaq. 

Vasif
Sfera.az
 



OXŞAR XƏBƏRLƏR